`Qəbələ`yə qarşı haqsızlıq olub`

`Qəbələ`yə qarşı haqsızlıq olub`
  02 Dekabr 2016    Oxunub:1865
Azərbaycan Topaz Premyer Liqasının XIII turu qalmaqalla başa çatdı. Qəbələnin eyni adlı komandası Ağdamın “Qarabağ” klubuna 2:1 hesabı ilə uduzaraq mövsümdə ilk dəfə liderliyi əldən verdi. Lakin “Qəbələ” rəhbərliyi oyunun taleyini hakimlərin bərbad idarəçiliyinin həll etdiyini açıqladı.

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov Qol.az saytına müsahibəsində kluba qarşı sistemli iş getdiyini bəyan etdi. Bir çox ekspertlər və keçmiş hakimlər də oyunla bağlı şərhlərində hakimin bərbad idarəçiliyinə, qərəzli yanaşmaya diqqət çəkdilər.

Milli Məclisin deputatı Adil Əliyev bildirdi ki, oyuna daha ədalətli hakimi təyin etməklə bu cür narazılıqların qarşısını almaq olardı. “Qəbələ” klubunun qapısına təyin olunan on bir metrlik cərimə zərbəsinə gəlincə, millət vəkili hesab edir ki, cərimə zərbəsini verməmək mümkün idi. O bildirib ki, bütün dünyada olan futbol qaydalarına görə, əgər top bədənin başqa hissəsinə dəyərək daha sonra ələ dəyirsə, on bir metrlik zərbəni verməmək olar.

Adil Əliyev qeyd edib ki, daha bir mübahisəli məqam matça 4 dəqiqə əlavə vaxt təyin olunduğu halda komandaların 100 dəqiqə oynamasıdır. O, bunun da böyük bir haqsızlıq olduğunu deyib.

Millət vəkili qeyd edib ki, oyunun baş hakimi Rəhim Həsənovun keçmişi ilə bağlı da bəzi fikirlər səslənir: “Azərbaycanda hakimliyin vəziyyəti də yüksək deyil. Bir neçə beynəlxalq dərəcəli hakimin adını çəkmək olar ki, Azərbaycanı layiqincə təmsil edirlər. Qalanlarından isə digərləri kimi mən də narazıyam. Oyuna daha ədalətli hakimi təyin etməklə bu cür narazılıqların qarşısını almaq olardı. “Qarabağ”ın bəzi futbolçuları özləri də dedi ki, orada penalti yox idi. Amma istənilən halda hakimin qərarı müzakirə olunmur”.

“Qol.az” saytının baş redaktoru Aydın Bağırov bildirdi ki, sözügedən oyun “Qəbələ” və “Qarabağ” klublarının təsadüfən Avropa Liqasında oynamadığını göstərdi. Amma o, təəssüfünü ifadə edib ki, hakimin gözlənilməz qərarları gözəl oyunu kölgədə qoydu: “Bu cür yaxşı oyun təəssüf ki, intriqalarla və qalmaqallarla yadda qaldı. Bu klublar həm futbolçular, həm də rəhbərlik səviyyəsində dost olan komandalardır. Amma iş o səviyyəyə gəlib çatdı ki, dost komandalar arasında bu cür xoşagəlməz olaylar yaşandı”.

Müsahibimiz oyunda daha çox mübahisə doğuran məqamlarla – penalti epizodu və oyunda final fitinin gec başa çatması ilə bağlı fikirlərini belə ifadə etdi: “Penalti epizodu ilə bağlı mütəxəssislərlə də danışmışam. Fikirlər haçalanır. Amma ümumən FİFA referisi olan hakimlərin, həmçinin mənim fikrimə görə, orada penalti yox idi. Vaxtın uzadılması epizoduna gəlincə, hesab edirəm ki, Reynaldonun qırmızı vərəqə almasından sonra oyun dayanmalı idi. Heç-heçə nəticəsi də hər iki komandanı qane edirdi. Bu baxımdan burada yeganə günahkar kimi baş hakim Rəhim Həsənov və onun köməkçi hakimlərdir”.

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov hesab edir ki, hakim səhvləri yalnız “Qarabağ”-“Qəbələ” oyunu ilə bağlı deyil. Onun fikrincə, hakim səhvlərinin məhz sözügedən oyunda daha qabarıq görünməsinin səbəbi ölkədə iki öndə gedən klubun üz-üzə gəlməsi ilə bağlı idi: “Bilirsiniz ki, 2013-cü ildə AFFA İcraiyyə Komitəsinin şuralaşma ilə bağlı iclası keçirildi. AFFA İcraiyyə Komitəsi bütün beynəlxalq futbol qanunlarını pozaraq, klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul etdi. Bu iki klub qərara qarşı çıxdı və doğru olduqlarını da son illərdə Avropa Liqasının qrup mərhələsinə çıxmaqla göstərdilər. Arxada qalan 13 turda hakim səhvləri olmayıbmı? Olub. Amma digər klublar demək olar ki, müstəqilliyini 100 faiz itiriblər. Çempionluğa oynayan “Qəbələ” klubunun son turda qarşılaşdığı haqsızlıqlara dözməməsinə təbii baxıram. Çünki, klub son illər futbola böyük sərmayə qoyub və yüksək infrastruktur qurulub. Son iki ildə Avropa Liqasında çıxış etməklə Azərbaycan futboluna böyük fayda veriblər. “Qələbə”nin etirazlarını tam obyektiv və doğru sayıram. Sanki qarşılarına “Qəbələ” klubunu çökdürmə məqsədi qoyublar. Sanki məqsəd klubu “Xəzər Lənkəran”, “Bakı” və digər klubların səviyyəsinə endirmək, yaxud da şuralaşma sistemini bu klubda da tətbiq etməkdir”.

Azərbaycan hakimlik məktəbinin hər zaman güclü olduğunu deyən Tahir Süleymanov hesab edir ki, sadəcə olaraq hakimləri meydanda rahat buraxmaq lazımdır. Onun sözlərinə görə, Azərbaycan futbolunda futbola baxış dəyişənə kimi bu cür hadisələr də davam edəcək. Çox az sayda sponsorun futbola sərmayə qoyduğunu bildirən Tahir Süleymanov hesab edir ki, onları küsdürmək olmaz. “Qəbələ” klubunun bu cür hadisələrə həmişə loyal yanaşdığını deyən müsahibimiz hesab edir ki, bunun nəticəsində də onlara qarşı bu cür haqsızlıqlar olur.

“Qəbələ” klubunun qapısına təyin olunan penalti zərbəsinə gəlincə, Tahir Süleymanov bildirib ki, Azərbaycan idman mediası son günlər böyük fədakarlıq edərək Azərbaycandakı futbol üzrə mütəxəssislər, o cümlədən Avropa ölkələrinin, həmçinin Türkiyə, Rusiya və Almaniyanın futbol mütəxəssislərinin həmin epizodla bağlı fikirlərini öyrəniblər: “Bütün fikirlər belədir ki, orada penalti epizodundan söhbət gedə bilməz. Çünki top yaxın məsafədən “Qəbələ” klubunun futbolçusunun üzünə dəyərək daha sonra əlinə toxunur. Oyun davam etdirilməli idi və çox təəssüf ki, bu epizod oyunun sonunda baş verdi. Bundan başqa, matç “Qarabağ”ın ikinci qoluna kimi davam etməməli idi. Bu, bir daha şübhələrin yaranmasına səbəb oldu. Qoldan sonra itirilən vaxt bərpa olunmalı və oyun yenidən başlanmalı idi”.

“Futbolxeber.az” saytının baş redaktoru İbrahim Cəfərov deyib ki, “Qarabağ” və “Qəbələ”nin oyununu hər kəs səbirsizliklə gözləyirdi. Son 2 ildə Avroliqanın qrup mərhələsində oynayan komandaların bu mövsüm ölkə çempionatında favorit olduğunu deyən baş redaktor qeyd edib ki, çempionluğun taleyini böyük ölçüdə bu komandaların öz aralarındakı oyunlar həll edəcək.

O, penalti epizoduna qədər meydanda çox maraqlı və gərgin mübarizə getdiyini bildirib: “Amma sona yaxın baş hakim Rəhim Həsənovun qərarı hər şeyi korladı. Şübhəsiz, penalti haqsız olaraq təyin olundu. Çünki top əvvəlcə “Qəbələ”nin müdafiəçisi Vernidubun sifətinə dəyir, sonra əlini tapır. Həm də “Qarabağ”ın hücumçusu Ndlovu ilə Vernidub arasında məsafə çox qısa idi. FIFA-nın yeni qaydaları da bu cür epizodlarda müdafiə olunanın tərəfindədir. Amma hər şey bununla da bitmədi. Kobud səhvdən sonra hakim daha bir yanlışlığa yol verdi. Onun ikinci hissəni əlavə 8 dəqiqə oynatması da düzgün deyildi. “Qarabağ”ın futbolçusu qırmızı vərəqə aldıqdan sonra oyunun sonuna 30 saniyə qalırdı. Amma bu komanda qələbə qolunu vuranda artıq həmin epizoddan 1 dəqiqə 30 saniyə keçmişdi. Yaxşı olardı ki, hakim elə qırmızı vərəqədən sonra oyunu bitirsin. Əsas problem odur ki, bu, “Qəbələ”yə qarşı atılan ilk belə addım deyil. Ötən mövsüm də buna bənzər hal olmuşdu. O zaman səhv edən hakim Əliyar Ağayev “Qəbələ”dən üzr istədi. Hakimlər komitəsi tərəfindən də cəzalandı. Amma bununla heç nə dəyişmir. İtirən yenə klub olur. Bu gün “Qəbələ” Azərbaycan futbolunun inkişafı üçün çox işlər görür. Bunun qarşılığında hakimlərin münasibəti üzücüdür. “Qarabağ” da güclü komandadır və əminəm ki, onlar da vəziyyətin bu həddə çatmasını, məhz bu cür qələbə qazanmağı istəməzdilər”. (publika.az)


Teqlər:





Xəbər lenti