“Seyran Ohanyanın fikirləri qeyri-ciddidir”- Nazirlik

“Seyran Ohanyanın fikirləri qeyri-ciddidir”- Nazirlik
  27 Yanvar 2015    Oxunub:2026
“Seyran Ohanyan cəbhədəki vəziyyətlə bağlı münaqişəyə hansısa təşkilatların diqqətini çəkmək üçün nə qədər çalışsa da, o, bu işin mümkünsüzlüyünü anladığından xalqını autotreninq üsulu ilə sakitləşdirməyə çalışır”. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Seyran Ohanyanın bu fikirlərini iltihaba məruz qalan xəstə təxəyyülün növbəti imdad çığırtısı kimi dəyərləndirmək olar. Çünki Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərin tam və birdəfəlik azad olunması hüququna malikdir.

S.Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) münaqişəyə cəlb olunması fikrinə də münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyi qeyd edir ki, əvvəllər də Ermənistan təxribat əməlləri ilə digər dövlətləri, o cümlədən beynəlxalq təşkilatları özlərinə dəstək olmaları üçün dəfələrlə münaqişəyə cəlb etməyə cəhd göstərib.

Müdafiə Nazirliyi S.Ohanyanın helikopterin vurulması ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq isə bildirir ki, 2014-cü il noyabrın 12-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus döyüş helikopterinin məhv edilməsi ilə bağlı S.Ohanyanın etirafı bir daha onu təsdiq edir ki, bu aviasiya vasitəsi Ermənistanın Hərbi Hava Qüvvələrinə aid olub: “Seyran Ohanyan insidentlə bağlı səlahiyyətli şəxslərin cəzalandırıldığını, vəzifələrindən azad edilənlərin olduğunu, o cümlədən helikopterin müəyyən olunmuş kursdan kənara çıxdığını etiraf etməklə hadisədən dərhal sonra guya helikopterin Ermənistana deyil, işğalçı rejimə aid olması ilə bağlı səsləndirilən fikirləri tamamilə alt-üst edib. Ermənistan müdafiə nazirinin bu bəyanatı Azərbaycan tərəfinin helikopterin hansı ölkəyə mənsub olması, kimlər tərəfindən idarə edilməsi və Silahlı Qüvvələrimizin mövqelərinə hücum etməsi ilə bağlı verilən xəbərin doğruluğunu bir daha təsdiq edir”.

Müdafi Nazirliyi erməni nazirin “çətin beynəlxalq vəziyyət və irimiqyaslı müharibə” fikirlərini də cavab olaraq bildirir ki, “Serj Sarkisyanın ardınca Seyran Ohanyanın cəbhədəki vəziyyətlə bağlı son ritorikası da boş danışıqdır və qeyri-ciddidir. Ümumilikdə isə Seyran Ohanyanın Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı Ermənistan xalqının fikrini ölkədəki, ordusundakı ağır vəziyyətdən çəkindirmək məqsədilə atılan addım kimi dəyərləndirilir.

Düşmən anlamalıdır ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyü istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələblərinin icrası məqsədilə işğal olunmuş ərazilərdən Ermənistanın silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasıdır. Əks halda işğalçı qüvvələr daha çox itkilərə məruz qalacaq və bütün bunlara, həmçinin törədəcəkləri növbəti təxribatlara görə də birbaşa Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaqdır”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti