Rusiyanın Qərbdəki aktivləri nəyə xərclənəcək?

//Ukrayna Rusiyanın aktivləri hesabına silahlandırılacaq//

      Rusiyanın Qərbdəki aktivləri nəyə xərclənəcək?
  22 Fevral 2024    Oxunub:8213
Hüquq sahəsi üzrə 10 ekspert G7 ölkələri üçün hazırladıqları arayışda Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinin beynəlxalq hüquqa uyğun olduğunu qeyd ediblər.
AzVision.az “Bloomberg” nəşrinin ekspertlərin rəyinə istinadən yaydığı məlumata əsasən xəbər verir ki, hüquqşünasların fikrincə, Rusiya beynəlxalq hüququn fundamental prinsiplərini pozduğuna görə, onun dondurulmuş aktivləriunin müsadirə olunması qanunidir.

“Biz belə nəticəyə gəlirik ki, beynəlxalq hüquqa əsasən, Rusiya dövlətinin aktivlərini dondurmuş ölkələrin Rusiyaya qarşı əlavə tədbirlər görməsi, onun dövlət əmlakının təhvil verilməsi qanuni olardı. Bu Rusiyanın qeyri-qanuni hərəkətləri nəticəsində bilavasitə dəyən ziyanın ödənilməsi kimi qanuni addım sayılardı” , - hüquqşünasların rəyində deyilir.

Belçika, Fransa, Almaniya, Yaponiya, Niderland, Böyük Britaniya və ABŞ-ni təmsil edən ekspertlər qrupu Rusiyanın aktivlərinin dondurulduğu dövlətlərə onları öz yurisdiksiyasında olan beynəlxalq mexanizmə ötürməyi tövsiyə edib.

Bu mexanizm çərçivəsində həmin pullar depozitə qoyulmalı və sonra Ukraynaya köçürülməlidir. Məsələnin mahiyyəti ilə tanış olan mənbələrin “Bloomberg” nəşrinə ötürdüyü məlumata görə, Böyük Britaniya və ABŞ Rusiyanın bütün aktivlərinin müsadirə edilməsinə çalışırlar. Buna qarşı çıxan Fransa və Almaniya isə presedent yaratmaq istəmir və avro üçün mənfi nəticələrdən qorxurlar.

Pritzker : "Rusiyanın aktivlərinin müsadirəsi risklər yarada bilər"
Qeyd edək ki, bir müddət əvvəl “Reuters” agentliyi bəzi yüksək rütbəli məmurlara istinadən yazmışdı ki, müsadirə prosesi digər ölkələrdə avro, dollar və funt sterlinq ehtiyatları saxlamaq inamını sarsıda bilər. ABŞ-nin Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritzker isə Davos İqtisadi Forumunda çıxızı zamanı aktivlərin müsadirəsi məsələsini həll etmək üçün çoxlu hüquqşünasların cəlb olunması zərurətini vurğulamışdı.

Maraqlıdır ki, elə bu arada Avropa Şurasının beynəlxalq münasibətlər üzrə analitik mərkəzinin (ECFR) elmi işçiləri Leo Litra və Lesya Oqrızko dərc etdikləri materialda bu vəsaitlərin münaqişə zamanı müsadirə olunacağı halda, onların Kiyevin müharibə səylərinə dəstək verə biləcəyini vurğulayıblar.

“Rusiyanın Qərbdə dondurulmuş və üçdə ikisi Avropada olan 290 milyard dollarlıq suveren aktivləri həm münaqişə zamanı, həm də ondan sonra Ukrayna üçün çox böyük əhəmiyyət kəsb edəcək. Müttəfiqlərin dəstək verməsi getdikcə çətinləşdiyinə görə, bu, davamlı pul axınını təmin edə bilər. Lakin müsadirə həm də daha böyük siyasi dəyərə malik olacaq - bu, Ukraynaya müttəfiqlərinin uzunmüddətli dəstəyinə malik olduğunu göstərəcək”, - materialda deyilir.

Hazırda dondurulmuş vəsaitlərin Ukraynaya dəstək məqsədilə istifadə edilməsinin iki ssenarisi nəzərdən keçirilir: dəymiş zərərin və ya ölkənin hərbi ehtiyaclarının ödənilməsi üçün.

ABŞ və Aİ-də Ukrayna üçün əlavə paketin təmin edilməsində yaranmış çətinliklərdən sonra və Donald Trampın ABŞ-nin yenidən prezidenti seçiləcəyi halda Vaşinqtonun Ukraynaya hərbi yardımını dayandıra biləcəyi qorxusu fonunda siyasətçilər getdikcə “Ukraynanı Trampdan qorumaq” üçün ikinci variantı müzakirə edirlər. Bu halda vəsaitin bir hissəsi ABŞ-da hərbi texnikanın alınmasına xərclənərdi. Daha dayanıqlı yanaşmanı təmin etmək üçün müsadirə olunan vəsaitlər Avropa və ABŞ-da Ukrayna üçün birgə hərbi texnika istehsalına da sərf oluna bilər.

Lakin ABŞ və Avropada baş verən son böhranlar maliyyələşdirmənin seçki dövrlərindən, siyasi partiyalar arasında ixtilafdan və Ukraynanı dəstəkləyən ölkələrin rəhbərliyində potensial dəyişikliklərdən asılı olan hazırkı modelin təhlükəli məqamlarını üzə çıxardı. Bu baxımdan, Rusiyanın aktivləri əlavə vəsaitlərin etibarlı mənbəyi və ABŞ-nin Nümayəndələr Palatasının səsvermələrində gecikmələr fonunda Ukraynanın cəbhə xəttindəki imkanlarına mənfi təsir göstərən amillərin neytrallaşdırılmasında maliyyə körpüsü rolunu oynaya bilər. Lakin Ukraynanın müttəfiqlərinə çatdırılmalıdır ki, müsadirə onların bilavasitə hərbi yardımlarını əvəzləməyəcək.

Yeri gəlmişkən, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında bildirib ki, Aİ rəhbərliyi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəliri Ukrayna üçün silah istehsalına yönəltməyi planlaşdırır. Avropa İttifaqı isə Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması üçün artıq texniki səviyyədə işə başlayıb. Rəsmi Moskva, öz növbəsində, Rusiyanın aktivlərinin müsadirə olunacağı təqdirdə cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.

Lakin məqalə müəlliflərinin iddiasına görə, Rusiyanın aktivlərinin müsadirəsinin yaradacağı risklər Ukraynanın maliyyə vəsaitinin tükənməsi və bunun gələcək beynəlxalq nizam üçün yarada biləcəyi risklərdən qat-qat azdır. ABŞ və Aİ Ukraynaya yeni maliyyə yardımı göstərməyi öz öhdəsinə götürsə belə, Ukraynanın dayanıqlığını maliyyələşdirmək üçün B planının hazırlanması Qərb üçün əsas prioritet olmalıdır.

Rusiyanın aktivlərinin müsadirəsi və onların Ukraynaya verilməsi ətrafında son vaxtlar intensivləşən müzakirələr bu addımın gec-tez atılacağı ehtimalını gücləndirir. Moskvanın cavabı isə onun itirə biləcəyi aktivlərin əvəzini ödəyə bilməyəcək. Çünki Qərbin həm dövlətlər, həm də özəl şirkətlər səviyyəsində Rusiyaya qoyduğu sərmayələrin həcmi müsadirə oluna biləcək aktivlərdən xeyli azdır. Bu baxımdan, kollektiv Qərb üçün həqiqətən də ən böyük risk digər ölkələrin öz qızıl-valyuta ehtiyatlarını dollar və avroda, habelə ABŞ-nin və Aİ-yə üzv dövlətlərin qiymətli kağızlarında saxlamaq siyasətinə xitam verməsi ola bilər. Belə ssenari isə qlobal iqtisadiyyatda Qərbin maliyyə sisteminin, ilk növbədə isə heç bir məhdudiyyət qoyulmadan çap edilən ABŞ dollarının süqutu təhlükəsini yaradır.

Ən maraqlısı isə budur ki, iki slavyan xalqını bir-biri ilə ölüm-dirim müharibəsinə sövq etməyi bacaran ABŞ, həm də Rusiyanı hər iki tərəfdən bu müharibəni elə öz varidatı hesabına aparmaq məcburiyyəti qarşısında qoyur. Rusiyanın müsadirə edilə biləcək aktivlərinin ilk növbədə Ukrayna üçün zəruri olan silahların istehsalına yönəldilməsi barədə təkliflər bunun əyani sübutudur. Belə ki, bu pullar Qərb ölkələrində, xüsusilə də ABŞ-da istehsal olunan silahlara xərclənməklə bu dövlətlərin şirkətlərini və büdcələrini varlandıracaq. Həmin silahlarla təchiz olunan ukraynalılar isə döyüş meydanlarında ruslarla ölüm-dirim müharibəsini davam etdirəcəklər.

Qeyd edək ki, bu ay Dünya Bankı Ukraynada yenidənqurma və iqtisadi dirçəliş xərclərini 486 milyard dollar dəyərində qiymətləndirib. Halbuki bir il əvvəl bu rəqəm 411 milyard dollar səviyyəsində idi. Özü də, bu rəqəmlər zərərçəkmişlərə verilən təzminatları nəzərə almır. Rusiyanın müsadirə oluna biləcək aktivlərinin bu təzminatlara yönəldilə biləcəyi barədə isə görünür Qərbdə düşünməyə ehtiyac duymurlar. İndi qərbdəkilər üçün əsas vəzifə Rusiya-Ukrayna müharibəsinin səngiməsinə imkan verməməkdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti