Prezident Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO - YENİLƏNİB

   Prezident Almaniyanın XİN rəhbəri ilə görüşüb -  FOTO - YENİLƏNİB
  26 Aprel 2024    Oxunub:1246
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü baş tutub.
AzVision.az xəbər verir ki, Annalena Berbok "Petersberq İqlim Dialoqu" çərçivəsində aparılmış müzakirələrin vacibliyini və Prezident İlham Əliyevin bu əsnada çıxışını qeyd edib. O, COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın olduğunu və mütəmadi əsasda məsləhətləşmələrin aparıldığını müsbət hal kimi qiymətləndirib. Almaniyanın Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəyini deyib.

Azərbaycan Prezidenti COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və "Petersberq İqlim Dialoqu" formatındakı müzakirələrə dəvətə görə bir daha təşəkkürünü bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi prosesi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəlib.

Annalena Berbok Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüşün önəmini qeyd edib, bu görüş çərçivəsində aparılmış müzakirələrin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan verdiyini bildirib.

Dövlətimizin başçısı Almaniya xarici işlər nazirinin dəstəyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların aparıldığını vurğulayıb, bunun sülh müqaviləsi üzrə danışıqların irəli aparılması üçün vacib addım olduğunu deyib.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurları müsbət addım kimi qiymətləndirib, regionda sabitliyin artıq təmin olunduğunu qeyd edib.

Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyən Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.

Dövlətimizin başçısı Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində növbəti görüşün Qazaxıstanda keçiriləcəyini deyib.

* * *

17:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü baş tutub.

AzVision.az


Teqlər: Azərbayan   Prezident   Almaniya   XİN   görüş  





Xəbər lenti