Zərifə Əliyevanın 101 illiyi ilə bağlı elmi-praktik konfrans keçiriləcək

Zərifə Əliyevanın 101 illiyi ilə bağlı elmi-praktik konfrans keçiriləcək
  25 Aprel 2024    Oxunub:1202
Aprelin 28-də akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə keçiriləcək konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, oftalmologiyanın aktual məsələlərini müzakirə etməkdir.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AzVision.az -a məlumat verilib ki, bu cür konfranslar mütəmadi xarakter daşıyır. Konfransda Milli Oftalmologiya Mərkəzinin və respublikanın digər alimləri və oftalmoloqları öz məruzələri ilə çıxış edəcəklər. Həmçinin Rusiya və Türkiyədən həkim heyəti iştirak edərək məruzələrini təqdim edəcək.

Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Vitreoretinal cərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeni era”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadə olunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri ”, “Viral uveitin müasir risk faktorları” və s. mövzularında çıxışlar dinləniləcək.

Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi var idi. Z.Əliyeva yüksəkixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük əmək sərf edib.

AzVision.az


Teqlər: Zərifə-Əliyeva   konfrans  





Xəbər lenti