"Hərbi xərclərimiz 20 dəfədən çox artıb" - Bahar Muradova

"Hərbi xərclərimiz 20 dəfədən çox artıb" - Bahar Muradova
  06 May 2017    Oxunub:4745
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətində, ölkəmizin 20 faiz torpaqları erməni işğalçılarının əsarəti altında qaldığı bir zamanda ordu quruculuğunun prioritet istiqamət kimi saxlanmasını şərtləndirir və bu sahədə aparılan zəruri islahatlar hərbi doktrinamızın müddəalarına tam uyğundur”.
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yazıb.

Vitse-spiker bildirib ki, əldə edilən siyasi-iqtisadi nailiyyətlər sayəsində son 13 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və Silahlı Qüvvələrimizə ayrılmış vəsait Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur:

“Hərbçilərimizin ruh yüksəkliyi və tarixə rəşadət nümunəsi və yüksək vətənpərvərlik ideyaları üzərində köklənmiş ordu-vətəndaş münasibətlərinin təcəssümü kimi düşmüş məlum aprel döyüşləri deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz ordu ilə xalqın möhkəm birliyinə arxalanan Ali Baş Komandanın bütün əmrlərini həyata keçirməyə, o cümlədən dövlət atributlarımıza qarşı yönələ biləcək hər hansı bir təhlükənin qarşısını ala biləcək qüdrətə malikdir”.

B.Muradova qeyd edib ki, uzunmüddətli fasilədən sonra Lələtəpə yüksəkliyinin ələ keçirilməsi ilə 23 il düşmən silahının nişangahında duran Cocuq Mərcanlı kəndinin yerləşdiyi ərazinin Azərbaycan Ordusunun nəzarətinə keşməsi bir tərəfdən xalqımızın Qarabağla bağlı ümidlərinin artması və zəfər gününə inamının möhkəmlənməsi, digər tərəfdən təmas xəttində baş verən hadisələrə dünya ictimaiyyətinin diqqətinin yönəldilməsi baxımından çox önəmli hadisədir:

“Cocuq Mərcanlı kəndinin bərpası və azad olunmuş ərazinin abadlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi “Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik” - söyləyən Ali Baş Komandanın dədə-baba yurdlarından didərgin düşmüş həmvətənlərimizin doğma tarixi torpaqlarına qovuşması, onların halal haqlarının tanıdılması istiqamətində yürütdüyü qətiyyətli siyasətin bariz nümunəsidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bahar-Muradova   Aprel-döyüşü   Lələ-Təpə  





Xəbər lenti