Nazirlik mehmanxanaların təsnifatı aparır

Nazirlik mehmanxanaların təsnifatı aparır
  22 Dekabr 2014    Oxunub:1468
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatı aparılır.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotel Stars Criteria (2010-2014)"ya uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" Azərbaycan Dövlət Standartına uyğun həyata keçirilir.

Nazirlikdən əlavə ediblər ki, 2014-cü il ərzində 42 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçərək onlara müvafiq ulduz dərəcələri verilib: “Hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 79-dur. Onların 56-sı Bakı şəhərində, 23-ü isə respublikanın digər rayonlarında fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 23-ü beş ulduz, 41-i dörd ulduz, 12-si üç ulduz, 3-ü isə iki ulduz kateqoriyasına uyğundur. 2015-ci ildə Bakı şəhərində keçiriləcək "I Avropa Oyunları" ilə bağlı ilk növbədə Bakı şəhəri və Mingəçevir şəhərində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı sürətləndirilərək və təsnifatdan keçmiş obyektlərin sayı artırılacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti