Güclü yağış rayonlara nə qədər ziyan vurub?

Güclü yağış rayonlara nə qədər ziyan vurub?
  25 May 2016    Oxunub:2983
Rayonlara yağan güclü yağış və külək evlərə, fərdi təsərrüfat sahələrinə ciddi ziyan vurub. Bir çox ev yararsız vəziyyətə düşüb, bəzi yaşayış sahələrində elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakətin vurduğu ziyan araşdırılır.

Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Məmmədov AzVision.az–a bildirib ki, ötən gün yağan güclü yağış Gəncə çayın daşmasına səbəb olub. Nəticədə 10 ev qəzalı vəziyyətə düşüb, 20 evi isə su basıb.

“Gəncə şəhər İcra Hakimiyyəti və Fövqaladə Hallar Nazirliyinin Gəncə regional bölməsinin əməkdaşları ərazidə olublar və evlərə baxış keçiriblər. Hazırda dəyən ziyanın məbləği hesablanır”.

İcra nümayəndəsi qeyd edib ki, tam olaraq qəzalı vəziyyətdə olan evlərdən ailələrin köçürülməsinə başlanılıb: “Hazırda Gəncə çayda suyun səviyyəsi normallaşıb. Lakin ara-sıra daşmalar müşahidə olunur. Şəhərdə vəziyyət normaldır”.

Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüstəm Nağıyev isə bildirib ki, ərazinin relyefi dağlıq olduğundan rayon üçün elə bir təhlükə olmayıb: “Yağan yağış dərələrə, çaylara axıb. Gədəbəyə dolu yağmayıb. Bitkiçiliyə, təsərrüfata o qədər də ziyan dəyməyib”.

Tovuz rayon İcra Hakimiyyətinin rəsmisi Valeh Rzayev hazırda dəyən ziyanın araşdırıldığını deyib.

“Dünəndən rayon icra hakimiyyətinin başçısı və müavinlər ərazidə olublar. Hazırda dəyən ziyanın məbləği hesablanır. Rayonda əsas ziyan yol təsərrüfatına dəyib. Dağ kəndlərinə güclü yağış yağıb. Rayonun özündə isə vəziyyət yaxşıdır. Yağış, külək istər-istəməz təsərrüfata ziyan vurub”-deyə Valeh Rzayev bildirib.

Məlumata görə, təbii fəlakət nəticəsində Tovuzda 500 hektardan çox kartof sahəsinə ziyan dəyib, meyva bağları yararsız vəziyyətə düşüb.

Ağdam rayonuna yağan güclü dolu Qaradağlı, Əfətli, Zəngişalı, Çəmənli və Qərvənd inzibati ərazi dairələrinin kəndlərində bir sıra fəsadlar törədib.

Rayon fövqəladə hallar komissiyasının sədri Zülfü Qasımov deyib ki, dolu düşən ərazilərdə taxıl zəmilərinə, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan dəyib. Rayon fövqəladə hallar komissiyasında təsərrüfatlara dəyən ziyan müəyyənləşdirilir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti