Qədim sənətkar kəndinin Çin malları: Turistlər Lahıcdan niyə narazıdır? – REPORTAJ+FOTOLAR

Qədim sənətkar kəndinin Çin malları: Turistlər Lahıcdan niyə narazıdır? – REPORTAJ+FOTOLAR
  16 Avqust 2016    Oxunub:40937
Bir necə ildir jurnalistlik fəaliyyətimi ölkəmizdən kənarda davam etdirdiyim üçün hər gəlişimdə yeniliklərərə, inkişafa sevinməmək və bəzi hadisələrə da üzülməmək olmur. Son illər ölkəmizdə çox eşitdiyim bir söz var: TURİZM...

Elə ötən həftənin sonu mən də turist olaraq bir tarxi bölgəmizə baş çəkdim. Adından da məlum olduğu kimi bu qədim və tarixi Lahıcımız idi. İsmayıllı rayonunda yerləşən bu dağ kəndinə gedən və qayaları yararaq içindən salınan yollarda şütüyən rəngarəng avtomobilləri yol kənarından izləməklə başladım fotoreportajıma. Altı ildən çoxdur getmirdim Lahıca. Nədənsə insan çoxdan getmədiyi yerləri fotoyaddaşında elə gördüyü kimi xatırlayır. Təbii ki, mən də illər əvvəl gördüklərimlə indiki mənzərələri fotoyaddaşımda müqayisə edirdim.



Yol gedə-gedə hərdən düşünürdüm ki, lahıclı olmaq həm maraqlıdır həm də çətin. Maraqlıdır ona görə ki, evimiz qonaqlı-qaralı olanda necə şən və əyləncəli olursa hazırda ora da elədir. Çətindir ona görə ki, bineyi-qədimdən eşitmişik ki, üç gündən çox qonaq qalanda hər şeyin dadı qaçır.

Bir də, inkiaf edən turizmimizin fonunda xəyalımda Lahıcın girişində yeni avtomobil parkının salınmasını düşünürdüm. Amma ilk xəyal qırıqlığına da məhz orada düşdüm. Girişdə kimliyi bəlli olmayan adamın avtomobillərdən pul toplamasını görəndə anladım ki, birazdan məni sürprizlər gözləyir.

LAHIC O LAHICDIRMI?

Bazar gününün və istinin şəhərdən bura gətirdiyi turist sayı sevindirici idi. Amma yenə də hərdən düşünürdüm ki, görəsən, buradan gedəndə kimsə lahıclılarda deyirmi ki, bağışlayın, əziyyət verdik sizlərə?!



Lahıcın tozlu girişindəki bahalı böyük maşınların yanından keçərək içəriyə doğru irəlilədim. İndi biri-birini əzib keçməyə çalışan qəzəbli sürücülərin maşınlarından kəndin mərkəzi küçəsinə keç, görüm necə keçirsən.

Birtəhər irəliləyərək izdihamdan və avtomobillərdən özümüzü əsrlər öncəyə atmaq istədik. Quru ədviyyatların qoxusu insanı bihuş edirdi. Yəqin bilirsiniz, musiqinin və qoxunun da yaddaşı var. İlk eşitdiyiniz musiqini və qoxunu daha sonra harada tutsanız o ilk günki kimi o anı yaşayacaqsınız.

Qarşıma çıxan dolub-daşan zibil vedrələri, bir avtomobilin zorla keçdiyi küçədə qarşı-qarşıya gələn yekə avtomobillərin əlindən divarlara sığınan kənd atları və uzunqulaqları müşahidə etdikcə, narazı turist kütləsini gördükcə və ən nəhayət satış üçün çin mallarının piştaxtaları bəzədiyini gördükçə anladım ki, bu məntəqənin bələdiyyəsi hələ heç nə başa düşməyib...

GÖRDÜK, GÖTÜRMƏDİK

Mənə çox maraqlıdır ki, bu gör-götür dünyasında biz nədən görürük, lakin götürə bilmirik. Regionlarımızın birində bir usta tanıyıram. Adam internetdən gördükləri ilə turistik müəssisələrin həyətlərində qartal, ayı, bulaq, dağ, şəlalə düzəldərək əməllicə məşhurlaşdı. Demək, adam təkcə baxıb görməyib, həm də götürüb, dşünüb və tətbiq edib. Lap yaxın qonşumuz Gürcüstanın turizm inkişafı dillər əzbəri olub. Gedib gələnlər də razılıq edir. Bəs bizim bu kimi əvəsziz gözəlliklərə sahib yerlərimiz ola-ola bu işin inkişafına nədən laqeyid yanaşırıq?



Heç düşünmürükmü ki, hər gedən razı turist onlarla turistin gəlməsinə, hər narazı gedən isə yüzlərlə turistin gəlməməsinə səbəb olacaq?

Sosial medialarda rus və avropalı turistlərin tənqidi fikirlərinə ara-sıra rast gəlirik axı. Təkcə səsi çıxmayan ərəb turistləridir ki, onların da dərdi ayrıdır. Hara getdilərsə oranı özlərininki bilib o qədər “gözəl” davranırlar ki, onların yenidən gəlməsi üçün hamı “darıxır”. Turist var pul gətirir, turist var mədəniyyət. Bir ölkədə olanda avtomobil kirayə verən bir şirkətin rəhbəri mənə dedi ki, son illər onların gəlişinə çox sevindik, lakin gedəndə avtomobilimizin soyuducusundan uşaqların çirkli bezlərinin çıxmasını görəndə çox təssüfləndik. Adamın dediyini hələ də düşünürəm. – Heyif deyildi avropalı turistlər...

BİZDƏN TURİST ÇIXMAZ

Lahıc bələdiyyəsində adam tapmadığım üçün suallarıma cavab ala bilmədim. Lakin hələ də mənə qəribə gələn odur ki, bu bələdiyyə kəndin əsas küçəsinə avtomobillərin ya müəyyən saatlarda girişinin məhdudlaşdırmasını, ya da ümumiyyətlə, bir çox xarıci dovlətlərdə olan turizm mərkəzləri kimi əraziyə avtomobil girişinin qadağan olunmasını düşünüb, ya yox. Axı hamımız bilirik ki, biz tənbəlik. Bizə imkan versən ayaqyoluna belə bahalı avtomobilimizlə gedərik.



Biz xarici ölkələrdə olanda yüksək səslə bağıraraq danışmağı, gərəksiz yerə bahalı avtomobillər kiralayaraq hər addımda avtomobil istifdə etməyi, ən bahalı yeməklər sifariş edərək, şəkilini çəkib sosial mediada paylaşmağı, geyindyiyimiz markaları gözə soxmağı, evdə olsa da daha bir bahalı paltar almağı kitab almaqdan üstün tutmağı sevirik. Rəhmətlik Mirzə Cəlilin dediyiyi kimi dirilərimizlə urusca, ölülərimizlə isə ərəbcə danışmağı sevənik bizlər.

Yox, neçə ki, maariflənməyi, elmlənməyi, aydınlanmağı əsas yol bilməyəcəyiksə bizdən nümunəvi turist də çıxmaz. Həqiqi turist olmaq bir mədəniyyətdir. Şəhərdə milli geyimli çinliləri gördükcə düşünürdüm ki, onların ölkəsi necədir, doğrudanmı həyatları da geyimləri kimi rəngarəngdir? Lahıcda isə nəyinki milli geyimli misgərlərə rast gəlmirsən, hətta bir əlin barmaqları qədər qalan misgər emalatxanalarında işləyənləri belə görmək olmur. Bir sözlə, problemimiz çoxdur. Kim araşdıracaq, kim bu işlərə əncam çəkəcək bilmirəm. Bəlkə də bir yazının az da olsa xeyri oldu. Ya nəticə çıxarılar ya da söyüş qazanarıq.



TƏKLİFİM VAR

Bilirəm, deyəcəklərim elə də qeyri adi fikirlər olmaya bilər. Lakin istəsə Mədəniyyət və Turizm Nazirliyimiz, İsmayıllı rayon icra hakimiyyəti və ya Lahıc bələdiyyəsi bu yazılanıara bir göz atar.

1) Turistlərin çoxluğunu nəzərə alaraq kədin girişində avtomobillər üçün park ərazisinin yaradılması.

2) Kəndin əsas və mərkəzi küçəsinə avtomobillərin giriş saatlarının məhdudlaşdırılmasını və ya tamamilə girişinin qadağan olunmasını düşünə bilərsiniz.

3) Çin malları satmaq yerinə, kiçik mis əşyalardan əlverişli qiymətlərə suvenirlər hazırlamaq üçün misgərləri həvəsləndirmək beləliklə də onların davamlı işlərinin turistlər tərəfindən görülməsini təmin etmık.



4) Çox ucuz və çox satıla bilən suvenir təklifim var. Tullantı odunların kötüklərindən elipsvari nazik hissələrin kəsilməsi və üzərinə yandırılma, hətta damğa üsul ilə Lahıcı simvolizə edən emblemlərin vurulması. Bu turistlər tərəfindən çox alınacaq və kiçik əmək işinin inkişaf etdirilməsinə yol açacaq.

5) Gözəl işlərdən biri quru və orqanik ədviyyatların satışıdır ki, bunları da bir səliqə ilə təqdim etmək olardı. Məsələn ədviyyatların taxta qablarda görünməsi və ya hamısının eyni görüntülü kisələrdə olması, satılan məhsulların isə Lahıcı simvolizə edən kiçik kisələrdə satılması daha maraqlı qarşılanlardı sevimli turistlərimiz tərəfindən.

6) Turistlərin çox gələn zamanlarında bələdiyyə işçilərinin zibil qablarını tez-tez təmizləməsi də gözəl olardı.



7) Ətrafdaki çayda tullantıları görəndə düşündüm ki, turizmə nəzarət edən adamlar olsa və bu hallar göründükdə insanları cərimələsə bəlkə də daha doğru olardı.

BİZDƏN DEMƏK...

Turizm haqqında bilgili insanların çoxluğunu nəzərə alaraq digər problemlərin araşdırılmasını da onlara saxlayaq.

Gözəlləklərimiz də, çirkinliklərimiz də bizimdir. Bizim adımızdır.
Təsvir etdiyim mövcud şəraitdə narazı qalan turistlərin də haqlı tərəfləri çoxdur. Orada bişirilən yolüstü yeməklərin keyfiyytinə nəzarət yox dərəcəsindədir. Yollarda saatarca qalan mal heyvan peyinləri ətrafa xoşagəlməz qoxular yayır, təmizləyən kimsə yoxdur. Əgər küçələrdən keçən avtomobillər üçün birtərəfli gediş olsaydı yenə də anlamaq olardı. Lakin yolun yarısında avtomobillər qarşı-qarşıya gəlirsə və kimsə yol vermək üçün geri çəkilmirsə demək sistemsizlik mövcuddur. Görülən işdə problemlərin olması normaldır. Lakin problemin aradan qaldırılması üçün çalışılmırsa demək laqeydlik var.



Hansısa məmurların laqeydliyinə görə itirilən turistlər isə ölkəmizə ziyandan başqa xeyir gətirməyəcək.

Dövlətimizin istəyi də qeyri neft sektorlarının inkişafıdır.
Elə turizm də bunlardan biridir. Nədən biz öz turizm xidmətimiz və mədəniyyətimizlə dünyada nümunəvi olmayaq? Axı bunu bacrarıq. Sadəcə istək lazımdır. Bu isə məsuliyyətli vətəndaşlıqdadır.

Ceyhun Abdulla (@JeyhunAbdulla )
Xüsusi olaraq AzVision.az üçün

DİGƏR FOTOLAR (Böyütmək üçün üstünə klikləyin):

Qalereya




Teqlər:  





Xəbər lenti