`Yeni Müsavat` Milli Şuranı dəfn etdi

`Yeni Müsavat` Milli Şuranı dəfn etdi
  01 Avqust 2013    Oxunub:1712
Yeni Müsavat qəzeti Milli Şuranın Tiflisdəki görüşünü şərh edib. AzVision.az şərhi olduğu kimi təqdim edir.

Milli Şura üzvlərindən ibarət heyətin prezidentliyə vahid namizəd elan etdikləri Rüstəm İbrahimbəyovla ilk dəfə Bakıda deyil, Tiflisdə görüşmələrinin yekununa əslində çox ümidli bir prosesin sonu da demək olar. İndiki həssas məqamda həqiqəti demək nə qədər acı olsa da, yalançı optimizm Azərbaycan cəmiyyətinə indi daha çox ziyandır.

Həqiqət budur ki, Tiflis sammitinin yekunu Rüstəm İbrahimbəyovun vahid namizəd kimi seçkiyə qatılmasının mümkünsüz olduğunu göstərdi. “Gələrəm” və “gedərəm” epitetləri ilə özümüzü niyə aldadaq ki?

Rusiya vətəndaşlığı ilə bağlı problemin ciddi olduğunu gərək hörmətli Rüstəm bəy namizədliyi irəli sürüləndə özü deyəydi. Müxalifətin bu qədər savadlı hüquqşünasları ola-ola niyə yalnız onun namizədliyi Mili Şurada təsdiqlənəndən sonra Rusiya vətəndaşı olması faktının ortaya çıxması sualına da indi cavab axtarmaq çox gecdir. Hüquqşünaslar onu da izah etməlidirlər ki, indiyədək Rusiya və Azərbaycana istədiyi vaxt gedib-gələn Rüstəm İbrahimbəyov indi niyə Bakıya qonaq kimi də qayıda bilmir? Lap vətəndaşlıq problemi qalır, lap fərz edək ki, o, Rusiya deyil, həm də Gürcüstan vətəndaşıdır, məgər onun Azərbaycana gəlməsində nə problem ola bilər ki? Onsuz da hələ seçki prosesi başlamayıb, namizədliyi rəsmən irəli sürülməyib və bura sadəcə qayıtmaq lazımdır. “Hörmətli İbrahimbəyova Milli Şuradakı dostları niyə Bakıya qayıtmağı məsləhət bilmir”, sualını cavablandıran yoxdur. Bu, əgər əvvəldən yazılmış bir ssenaridirsə, məqsədinə çatmış sayılır. Alındı.

Hətta silahlı Suriya müxalifəti də ölkəsində toplaşa bilirsə, Azərbaycanın sivil müxalifətinin öz liderinin -"Oskar" mükafatçısının arxasınca Tiflisə getməsi heç bir məntiqə sığmır. Hakimiyyət telekanallar vasitəsilə Tiflis fiaskosunu bayram edir.
Hörmətli Rüstəm bəy də bunun fərqindədir. Azərbaycanda hakimiyyətini dəyişmək vədini verən qurum sədrinin indi dediklərinə diqqət yetirək. Seçkidə iştirakı mümkün olmasa, Milli Şuranın planlarına gəlincə, sədr deyib ki, əgər seçkidə iştirakı sonadək əngəllənsə, Azərbaycandakı qanunsuzluqlarla mübarizəsini davam etdirəcək: “Milli Şura yalnız seçki ilə bağlı deyil. Biz Azərbaycanda korrupsiyaya, rüşvətə, ümumiyyətlə, bu gün baş verən bütün haqsızlıqlara qarşı mübarizə aparırıq. Ona görə əgər seçkidə iştirakımız mümkün olmasa, digər sahələr üzrə fəaliyyətimizi davam etdirəcəyik”. Bu işləri hakimiyyətin nəzarətində olmayan QHT-lər də görür zatən. İl boyu monitorinqlər aparır, hesabatlar açıqlayır və sair. Milli Şura isə qarşısına məqsəd kimi Azərbaycanda hakimiyyət dəyişikliyi qoymuşdu, bunun üçün Rüstəm İbrahimbəyovu sədr və vahid namizəd göstərmişdi.

Tiflis görüşü ərəfəsi ən optimist proqnozlar belə idi ki, Rüstəm bəy vəziyyətin bu həddə gəlməsində özünün də məsuliyyətin olduğunu tam mənasında dərk edərək, ehtiyat namizəd variantı üzərində dayanacaq. Onun Müsavat başqanı ilə görüşünün tam təfsilatını bilməsək də, ortada ciddi bir nəticənin olmadığı aydındır. Fikrimizcə, hətta Milli Şura çərçivəsində Müsavat başqanının namizədliyinin saxlanması da heç nəyi dəyişmir. Əksinə, indi belə bir addım atılsa, bütün bu uğursuzluğun bədəlini Müsavata yükləyəcəklər...

Böyük ümidlər bəslənilən 2013 seçkisinin Rüstəm İbrahimbəyovun Rusiya pasportuna qurban verilməsini, razılaşın ki, sinirmək çox çətindir. Milli Şura üzvləri arasında “ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov” şüarı arxasında gizlənmiş boykot istəyi istisna deyil ki, qurumun Bakıdakı sessiyasında daha açıq mətnlə səslənəcək. Əvvəldən də boykot tərəfdarları olanlar üçün Rüstəm İbrahimbəyovun namizədliyinə niyə belə ürək açıqlığı ilə razılıq verdiklərinin sirri də üzə çıxırmı əcəba? Heç kim yaxasını kənara çəkməməlidir, yaranmış bu pat vəziyyətinə görə müxalifət liderləri cavabdehdirlər. Əgər bu cavabdehlik boykotla ört-basdır ediləcəksə, 5 il sonra Azərbaycanın narazı elektoratının heç 5 faizi də bu müxalifətə etimad göstərməyəcək.


Teqlər:  





Xəbər lenti