Şəhid pilotun qızı: `Atam hər gün yuxuma girir` (REPORTAJ+FOTOLAR)

Şəhid pilotun qızı: `Atam hər gün yuxuma girir` (REPORTAJ+FOTOLAR)
  01 İyul 2016    Oxunub:35553
Torpaq uğrunda ölən varsa, Vətəndir!

Aprel döyüşləri ordumuzun işğalçı Ermənistan üzərində qələbəsi kimi tarixə düşdü. İllər sonra Qarabağda çalınan zəfər xalqımıza hədsiz sevinc və qürur hissi bəxş etdi. Təəssüflər olsun ki, döyüşlər itkisiz ötüşmədi. Azərbaycanın igid oğulları vətən uğrunda qəhrəmancasına canlarından keçərək ən ali zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.

Azərbaycan ordusunun şərəfli tarixinə adını yazdıran qəhrəmanlarımızdan biri də Urfan Vəlizadədir.



Dördgünlük müharibədə vurulan Mİ-24 helikopterinin pilotu olan Urfan Vəlizadə 1978-ci ildə anadan olub. O, 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.

AzVision.az-ın əməkdaşları şəhid Vəlizadənin ailəsinə baş çəkərək onun həyat yoluna işıq salmağa çalışıblar.

Şəhidin bacısı Xuraman xanım əməkdaşımızla söhbətindən deyib ki, Urfanın kiçik yaşlarından hərbiyə marağı olduğu üçün atası ona hərbi oyuncaqlar alırmış.

Xuraman xanım bildirib ki, Urfan Vəlizadə 1995-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini Türkiyədə Hava Hərbi məktəbinə verib: “Həmin il məktəbə Azərbaycandan bir neçə nəfər qəbul olmuşdu ki, onlardan biri də qardaşım Urfan idi. O, 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib.



Urfan dövlət hesabına təhsil aldığı üçün Azərbaycana geri qayıtmal məcburiyyətində qalıb. Vətənə döndükdən sonra 2005-ci ilə qədər Kürdəmirdə işləyib. Urfan daha sonra ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. Qardaşım olduğu üçün demirəm, Urfan çox gözəl insan idi. Biz bir bacı, iki qardaş idik. Urfan hər zaman bizə dəstək olub. İndi onun yoxluğundan danışmaq bizim üçün çox çətindir”.



Şəhidin qaynanası söhbətə qoşularaq bildirib: “Aprelin 2-də mənim doğum günüm idi. 65 yaşım tamam olurdu. Həmin günü qohumlarla restoranda qeyd edirdik. Bizim heç nədən xəbərimiz yox idi. Həmin günü səhər saatlarında Urfan həyat yoldaşına zəng edib, ad gününə gələ bilməyəcəyini deyib. Hazırlaşırdıq ki, axşam qonaqlarımız gələcək. Günorta xəbərlərdən eşitdim ki, cəbhədə helikopterimiz vurulub. Sonradan bu xəbərin yalan olduğu bildirildi. Könül çox narahat idi. Urfanla əlaqə saxlaya bilmirdik. Biz restoranda olanda qardaşım qızı internetdə Urfanın və pilot yoldaşlarının şəhid olduğunu, onların şəkillərinin yayıldığını gördü. Biz evə qayıdanda polis əməkdaşları həyətimizdə toplaşmışdılar. Bildirdilər ki, Urfan döyüşlərdə şəhid olub”.



Qaynanası sağlığında Urfanla münasibətlərinin yaxşı olduğunu deyib: “Urfan qızım üçün çox yaxşı həyat yoldaşı idi. Övladları üçün də yaxşı ata idi. O, ailəsini çox sevirdi. Həyat yoldaşı nə istəsəydi, harada olmasından asılı olmayaraq onu alıb gətirirdi”.



Söhbətimiz şəhidin xalası ilə davam etdiririk: “Biz Ağdamda yaşayırdıq. Urfan Ağdam həsrətilə yaşayırdı. Deyirdi ki, müharibəni bizdən sonra gələn nəsilə saxlamamalıyıq. Urfanla fəxr edirəm. Onun yoxluğunu qəbul edə bilmirəm. Urfan kişi kimi, qəhrəmancasına vətəni uğrunda şəhid oldu”.



Şəhid pilotun xanımı Könül Vəlizadə həyat yoldaşı ilə ilk tanışlığından söz açıb: “Biz Türkmənistanda yaşayırdıq. 15 yaşım olanda Bakı şəhərinə köçdük. 10-11-ci sinfi Urfanla bir yerdə oxumuşuq. Məktəbdə sinif yoldaşı kimi münasibətimiz olub. Urfan ailə həyatı qurandan sonra deyirdi ki, məktəb illərində səni çox istəyirdim, amma gizli saxlayırdım.

Biz məktəbi bitirəndən sonra Urfan təhsil almaq üçün Türkiyəyə getdi. Mən isə burada Tibb Universitetində təhsilimi davam etdirirdim. 8 ildən sonra təsadüf nəticəsində Urfanla qarşılaşdıq.



Urfan məzuniyyətə gəlmişdi. Mən də diplom işi yazmaq üçün qardaşımla internet kluba getmişdim. Orada Urfanla qarşılaşdıq. Daha sonra münasibətimiz yarandı. Urfan 3 ildən sonra mənə evlilik təklif etdi və mən də qəbul etdim. Toyumuza hazırlaşdığımız vaxtda Urfanın anası dünyasını dəyişdi. Buna görə toyumuz bir qədər gecikdi”.

Könül xanımın sözlərinə görə, evliliyin ilk illəri onlar üçün heç də asan olmayıb: “İlk iki övladımızı itirmişik. Amma bundan sonra iki qız övladımız doğulub. Urfan qayğıkeş ata idi. Ali təhsil alsam da, məni işləməyə qoymurdu. Deyirdi ki, sənə qıymıram, istəmirəm əziyyət çəkəsən.



Urfanın evə gəlişi həyəcanla keçirirdi. Martın 31-i günorta idi. Urfan zəng etdi ki, evə gəlirəm, amma qalmayacam. Çantasını yığmağı tapşırdı. Qaçaraq gəldi və tələsik yeməyini yedi. Qəribə görünürdü. Soruşdum, nə olub? Dinmədi. Uşaqları çoxlu öpdü. Dedi, tələsirəm. Çantasını da götürüb evdən çıxdı. Evdən çıxanda mənə söz verdi ki, geri qayıdacaq.

Onunla sonuncu dəfə aprelin 2-də danışdıq. Döyüşlərdən xəbərimiz yox idi. Qonşu deyirdi ki, cəbhədə qızğın döyüşlər gedir. Narahat oldum. Saytlarda oxudum ki, helikopterimiz vurulub. Düşünməzdim ki, vurulan helikopterdə Urfan şəhid olar”.



Xeyli müddətdir şəkər xəstəliyindən əziyyət çəkən Könül xanım Urfanın aldığı dərmanların üzərində ona xoş sözlər yazmasını ürəkağrısı ilə xatırlayır: “Həkim bahalı dərmanlar yazırdı. Onları almağa bir qədər çətinlik çəkirdi. Ona görə də aldığı dərmanların üzərinə gözəl sözlər yazırdı ki, inciməyim. Urfan ailəsinə, vətəninə bağlı insan idi. O, toyumuzu 26 iyun Silahlı Qüvvələr Gününə təyin etmişdi. Bu il evliliyimizin 10 illiyi idi. Deyirdik ki, evlilk ildönümünü restoranda toy kimi qeyd edək. Yenidən gəlinlik geyinmək istəyirdim. Hazırlaşırdıq, amma qismət olmadı”.



Şəhidin xanımı övladlarının xoş gələcəyi üçün var gücü ilə çalışacağını söyləyib: “İstəyirəm balalarım Urfanın adına layiq övlad olsunlar. Böyük qızımız Zəhra, kiçik qızım isə Betüldür. Hər ikisinin adını Urfan özü qoyub. Zəhra Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsil alır. Şəhid övladı olduğu üçün 7 min manat təhsil haqqından azad olunub”.

Zəhra şəhid atasını tez-tez yuxuda gördüyünü deyir: “Atam hər gün yuxuma girir. Mənə deyir ki, yoldayam, qızım evə gəlirəm, gözlə məni...”.

Şəhidin ailəsi hazırda kirayədə yaşayır. Dövlət tərəfindən onlara iki otaqlı mənzil hədiyyə verilsə də, xanımı həmin evin darısqal olmasından gileylənib: “Böyük qızım Zəhra üçün ayrıca otağın olmasını istəyirəm. Xahiş edirəm, aidiyyatı qurumlar bunu nəzərə alıb, həmin mənzli 3 otaqlı mənzillə dəyişsinlər”.





Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti