CİA-nın `üz qarası`: `Kondor` əməliyyatı – TAM MƏXFİ

CİA-nın `üz qarası`: `Kondor` əməliyyatı – TAM MƏXFİ
  22 İyun 2016    Oxunub:12769
...1975-ci ildə Çilinin paytaxtı Santyaqoda olduqca məxfi şəraitdə diktator Pinoçetin ən yaxın adamlarından biri, “siyasi polis” sayılan DİNA-nın rəhbəri Manuel Kantreros ilə ABŞ-ın xarici kəşfiyyat orqanı olan CİA təmsilçilərinin görüşü keçirilir.

Görüşdə əldə olunan gizli razılaşmalara tezliklə Argentina, Braziliya, Boliviya, Paraqvay, Peru və Uruqvayın da xüsusi xidmətləri qoşulurlar. Beləliklə, “Kondor” adlı böyük əməliyyat hazırlanır.

Bu əməliyyat çərçivəsində Latın Amerikası ölkələrində “dağıdıcı ünsürlər”in məhvi nəzərdə tutulurdu. Həm də “dağıdırıcı ünsürlər” – təkcə solçular deyildilər. Öz ölkəsində hakimiyyətdə olan hərbi xuntaya qarşı etiraz etməyə çalışan bütün müxalifətçilər aradan götürüləcəkdilər. Əməliyyatın iştiraçıları bunun üçün bir-birlərinə tam informasiya və təşkilati dəstək verəcəkdilər.

Belə də olur. Qısa müddətdə Latın Amerikası ölkələrində xeyli miqdarda tanınmış siyasi-ictimai xadim qətlə yetirilir, izsiz-soraqsız yoxa çıxır, maşınında partladılır. Bəzi hesablamalara görə, Braziliyada 434-1000, Paraqvayda 200-400, Boliviyada 116-546, Uruqvayda 123-215, Çilidə 3000-10.000, Argentinada 7.000-30.000 insan izsiz-soraqsız yoxa çıxıb.

Göründüyü kimi, əsas zərbə məhz Çili və Argentinaya dəyib. Çünki qonşu dövlətlərdən mühacirət edən siyasi mühacirlərin çoxu Argentinaya pənah aparmışdı. Onlardan biri də Pinoçetin çevrilişindən sonra eks-prezident Alyendeyə sadiqliyini saxlayan general Karlos Prats idi. O, Çilidən Argentinaya mühacirət etmişdi. “Kondor” əməliyyatı onu burada yaxalayır: Pratsı maşınında partladırlar.



Alyendenin digər yaxın adamı Orlando Letelyer də arvadı ilə birlikdə maşınında partladılır. Məşhur siyasi mühacirin qətli bütün dünyada əks-səda doğurur. Polisin apardığı araşdırma zamanı Maykl Taunli adlı bir amerikalı həbs edilir və onun ifadələri nəticəsində partlayışın izlərinin haralara gedib çıxdığı məlum olur. Aydınlaşır ki, CİA-nın o zamankı direktoru, general Vernon Uoltersin məsələdən şəxsən xəbəri var imiş. Amma bu qalmaqal “Kondor” əməliyyatının icrasını zəiflətmir.

1976-cı ilin mayın 21-də Buones-Ayresdə “Torino” markalı `pikap`ın yük yerində 3 kişi və 1 qadın meyidi aşkarlanır. Hamısı gözündən güllələnmişdilər. Tezliklə məlum olur ki, onlar Uruqvaydan gəlmiş məşhur siyasi mühacirlərdir. İkisi – Ektor Qutyerres Ruis və Selmar Mişelin Uruqvay parlamentinin keçmiş senatorları olublar. Biri məşhur siyasi emiqrant, qadın da onun həyat yodaşıdır. Həmin ərəfədə Uruqvay müxalifəti prezident Bordaberriyə qarşı hansısa aksiya hazırlayırmış, layihənin koordinatorları həmin öldürülən 3 nəfər siyasi mühacirlər idilər...

Paraqvayın məşhur diktatoru Stressner isə “Kondor” əməiyyatı çərçivəsində Argentinaya qaçmış siyasi emiqrant Aqustin Qoiburunu oğurladıb ölkəyə gətizdirir, dəhşətli işgəncələr verdirir, sonra da öldütdürür. Onun digər rəqibi, general Xuan Xose Torres də Buones-Ayresdə eyni qaydada oğurlanır və qətl edilir.

“Kondor” əməliyyatı qurbanlarının çoxu itkin sayılır. Çünki onları oğurlayır, bədənlərinə yüksək dozada narkotik yeridir, sonra isə dəstə ilə - məsələn, eyni vaxtda 30 nəfəri,- vertolyotdan birbaşa okeana tullayırdılar. Bu halda səs-küy az çıxırdı... Ümumilikdə 200-ə yaxın belə “ölüm uçuşu” keçirilmişdi. Bu şəkildə “itirilən” adamların sənədləri elə tərtib edilirdi ki, guya, onlar xaricə gediblər. Bu metodu daha öncə fransız kəşfiyyatı Əlcəzairdə, amerikalılar isə Vyetnamda sınaqdan keçirmişdilər.



Ümumilikdə “Kondor” əməliyyatı 80-ci illərin ortalarına qədər davam edib və onun çərçivəsində öldürülən şəxslərin sayının 60.000-i aşdığı iddia olunur. Belə bir əməliyyatın olduğu haqda ilk informasiya isə 1979-cu ildə “Vaşinqton Post”un müxbiri Cek Anderson tərfindən yayılmışdı.

80-ci illərin sonlarına doğru Latın Amerikası ölkələrində diktator rejimləri devrildikcə, siyasi ab-hava dəyişdikcə “Kondor” ilə bağlı dəhşətli həqiqətlər bir-birinin ardınca yayılmağa başladılar. Bu prosesdə iştirakı olanlardan bəziləri müxtəlif ölkələrdə həbs edildilər. 2001-ci ildə isə məlum oldu ki, ABŞ diplomatiyasının nəhənglərindən olan Henri Kissincerin də “Kondor” ilə hansısa şəkildə bağlılığı var imiş. İş o yerə çatıb ki, bu haqda hansısa açıqlama verməyi Dövlət Departamenti ona rəsmən qadağan edib.

Yəni açılmamış sirrlər hələ ki çoxdur və bu məsələyə nöqtə qoymaq da tezdir...

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti