“Ölənə qədər buradayıq”

“Ölənə qədər buradayıq”
  14 İyun 2016    Oxunub:2630
Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev aprel döyüşlərində son damla qanına qədər düşmənlə vuruşub, böyük qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.
Türk dünyasında vətənpərvər şair kimi tanınan Mithat Camal Kuntay XX əsrin əvvəllərində yazdığı şeirdə bildirirdi ki, - “Bayraqları bayraq yapan üstündəki al qandır, Toprak, əğər uğrunda ölən varsa, Vətəndir!”. Bu gün başımız üzərində dalğalanan, qürur mənbəyimizə çevrilən, müstəqil Azərbaycanın dövlət rəmzlərindən biri sayılan üç rəngli, ay ulduzlu bayrağımız, sərhədlərini göz bəbəyi kimi qoruduğumuz dövlətimiz, ölkəmiz də insanlarımızın canı-qanı bahasına meydana gəlib, zirvələrə ucalıb. Tarixə qısa ekskurs etsək görərik ki, şah babamız Şah İsmayıl Xətainin at belində qurduğu böyük Səfəvilər dövlətinin süquta uğraması Azərbaycan ərazilərinin xanlıqlara parçalanması, ardınca da İran və Rusiya arasında bölüşdürülməsi ilə müşayiət olunub. Bu bölüşdürmə və işğal xalqımızı pərən-pərən salıb, uzun illər formalaşan dövlətçilik ənənəsini pozub. Həmin dövrün ziyalıları, o cümlədən dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi 1908-ci il dekabrın 1-də “İttifaq” qəzetinin birinci sayında çap etdirdiyi “Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar” adlı şeirində xalqımızın yaşadıqlarını ürək ağrısı ilə qeyd edib: “İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalər içində”. Bu kimi narahatlıqları yaşayan, millətinin və xalqının gələcəyini düşünən ziyalılarımız yalnız 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk dəfə məhz Azərbaycan ərazisində Demokratik Cümhuriyyət qurmağa nail olublar. Lakin o dövrdəki proseslər, imperialist güclərin işğalçılıq siyasəti 28 aprel 1920-ci ildə bu Demokratik Cümhuriyyətin işğalı ilə nəticələnib, Azərbaycan sovetlər imperiyasının tərkibinə qatılıb. Ölkəmiz öz müstəqilliyini bir də düz 70 il sonra bərpa edə bilib. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bərpa edərək, dünyaya günəş kimi doğub.

Müstəqilliyimizi ikinci dəfə itirmək təhlükəsi

Yazının girişində qeyd etdiyimiz kimi, istər 1918-ci ildə, istərsə də 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etməsi insanlarımızın qanı bahasına başa gəlib. İkinci dəfə müstəqilliyimizi bərpa edəndən sonra Ermənistanın işğalçılıq, deportasiya və soyqırımı siyasəti yürütməsi, torpaqlarımıza təcavüz etməsi 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, ölkəmizin 20 faiz ərazisinin işğalı ilə nəticələnib. Həmin vaxt müstəqilliyimizi ikinci dəfə itirmək təhlükəsi yarandığından xalqımızın mərd oğul və qızları silaha sarılıb, işğalçıya qarşı mübarizə aparmağa başlayıblar. 1994-cü ildə atəşkəs haqqında saziş əldə olunana qədər Azərbaycanın 30 minə yaxın vətəndaşı birinci Dağlıq Qarabağ savaşında həlak olub, 50 min nəfərə yaxın insanımız müxtəlif dərəcəli bədən xəsarəti alıb, yaralanıb. Lakin atəşkəs razılığı əldə olunandan indiyə qədər də düşmən müxtəlif təxribatlara əl atmağa, hərbçilərimizlə yanaşı, cəbhə xəttinə yaxın yaşayış məntəqələrimizdəki mülki vətəndaşlarımızı da hədəfə alıblar. Dağlıq Qarabağ probleminin sülh yolu ilə, ədalətli şəkildə həllinə tərəfdar olan ölkəmiz düşmənin bu təxribatlarının qarşısını hər dəfə layiqincə alıb onları susdursa da, Ermənistan silahlı birləşmələri vəziyyəti düzgün qiymətləndirmədən yenidən mövqelərimizə soxulmağa can atıblar.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cari ilin aprel ayının ilk günlərində erməni silahlı birləşmələri növbəti dəfə təxribat törədərək mövqelərimizə soxulmağa çalışıblar. Amma cəbhə xəttində xidmət edən hərbçilərimizin ayıq-sayıqlığı nəticəsində düşmənin bu təxribatının qarşısı alınıb, üstəlik əsgərlərimiz əks hücuma keçərək işğal altındakı bir sıra ərazilərə, o cümlədən “Lalə təpə”, “Talış”, “Seysulan” kimi strateji yüksəkliklərə nəzarəti bərpa ediblər. Təşvişə düşən düşmən cəmisi 4 gün davam edən bu döyüşlər zamanı 300-ə yaxın canlı qüvvəsini, onlarla hərbi texnikasını, silah-sursatını itirib, 500-ə yaxın erməni hərbçisi isə yaralanıb. Dörd günlük müharibə kimi tarixə düşən həmin döyüşlərdə Azərbaycan tərəfi də azsaylı itkilərə məruz qalıb, bir neçə əsgər və zabitimiz öz vəzifə borcunu yerinə yetirərkən qəhrəmanlıqla həlak olub, şəhidlik zirvəsinə ucalıb. Azərbaycan xalqı tərəfindən hərbçilərimizin bu qəhrəmanlığı yüksək qiymətləndirilib, onların dəfn mərasimində minlərlə insan iştirak edib, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ən böyük əsgər, bizim əsgər!” şüarları altında son mənzilə yola salıblar. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərimizin xüsusi fərqlənən bir qrupunu yüksək fəxri adlara layiq görüb, orden və medallarla təltif edib. Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev isə Prezident İlham Əliyevin 19 aprel 2016-cı il tarixdə imzaladığı sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Şərəfli ömür yolu

M.Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. O, 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. Aprelin 11-də isə M.Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub. Şəhid Milli Qəhrəmanın xanımı Fizzə Mirzəyevanın sözlərinə görə, həyat yoldaşı uşaqlıqdan hərbçi olmağa can atıb. Atası əvvəlllər M.Mirvəyevin hərbçi olmasını istəməsə də anasının razılığı ilə o, sənədlərini hazırlayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. İmtahanlardan uğurla keçən Murad liseyə daxil olub və 1991-1994-cü illərdə burada hərbi təhsil alıb. Daha sonra o, 1994-98-ci illərdə Türkiyədə Kara Harb Okulunda təhsilini davam etdirib. Murad 1998-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub. Bu münasibətlə təşkil olunan, ümummilli lider Heydər Əliyevin də iştirak etdiyi rəsmi mərasimdə Türkiyə Cümhuriyyətinin sabiq prezidenti Süleyman Dəmirəl hərbçimizə qılınc hədiyyə edib. Türkiyədə motoatıcı ixtisası üzrə hərbi təhsil alan Murad burada Dağ komanda kursunu, 1999-cu ildə isə İstanbulda Tuzla piyada kursunu keçib. 1999-cu ilin iyun ayında Türkiyə Silahlı Qüvvələrinin 4-cü motoatıcı briqada komandasının taqım komandiri vəzifəsində çalışmağa başlayıb. Daha sonra Azərbaycanın Müdafiə Nazirliyi peşəkar kadr kimi onu ölkəmizdə çağırıb və həmin vaxtdan şəhidlik zirvəsinə ucaldığı günə qədər Silahlı Qüvvələrimizdə xidmət edib.

Ürəkli və mərd insan

Milli Qəhrəmanın həyat yoldaşının dediyinə görə, M.Mirzəyev xidmətə Gəncədə yerləşən “N” saylı hərbi hissədə başlayıb: “Murad orada bir müddət işləyəndən sonra çoxdan arzuladığı Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Soruşanda deyirdi ki, hərbçi olanda, gərək belə olasan. Murad çox ürəkli, mərd insan idi. O, imtahan verərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olmuşdu. Biz ailə həyatı quranda Muradın rütbəsi kapitan idi. Sonradan öz zəhməti və xidməti ilə rütbədə, vəzifədə də ucalmağa başladı”.

İşi nə qədər ağır olsa da, evə gülərüz gəlirdi

F.Mirzəyeva Milli Qəhrəmanla ilk tanışlığından, onunla yaşadığı unudulmaz günlərdən də söhbət açıb: “Mən Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alırdım. Sonuncu il idi. Murad yaxın bir rəfiqəmin həyat yoldaşı ilə dost idi. Dostu Muradın maşını ilə rəfiqəmin yanına gəlmişdilər. Murad məni ilk dəfə orada görmüşdü. Bir-birimiz tanıyandan sonra 2004-cü ildə ailə həyatı qurduq. Murad evləndikdən 4 ay sonra Amerika Birləşmiş Ştatlarına təhsil almağa getdi. İki il orada oxudu. Altı ay ərzində dil kursunu müvəffəqiyyətlə bitirdi. Həmçinin Murad ABŞ Ranger kursunu bitirən ilk və yeganə azərbaycanlıdır. Bundan başqa o, İordaniya və Ruminyada da kurslar keçib. İngilis, rus və türk dillərini mükəmməl bilirdi. Biz ailə quranda evimiz yox idi. 10 ilə yaxın hərbçi şəhərcikdə yaşamışıq. Muradın vəzifəsi artırılandan sonra o, xidmətini Bakıda davam etdirməyə başladı. Murad işinə nə dərəcədə məsuliyyətli idisə, ailəsinə qarşı da bir o qədər diqqətli idi. Ailəcanlı insan kimi ailəsinin hər qayğısını çəkirdi. Cəmiyyətdə bəzən belə fikir var ki, hərbçi əsəbi olar, evdə ailəsinə sərt rəftar göstərir. Murad tam başqa insan idi. Onun işi nə qədər ağır olsa da, evə gülərüz gəlirdi. O, övladlarına bağlı idi. Evdə çox az olurdu. Səhər 6-da gedirdi, bir də axşam saat 10-da qayıdırdı. Vaxt tapan kimi bizimlə birgə istirahətə də gedirdi. Bizi Xınalığa qədər aparıb. 11 illik ailə həyatımızda keçirdiyimiz günlər ömrümün sonuna qədər ən əziz xatirələrimdir”.

Düşüncəsi Vətən uğrunda şəhid olmaq idi

İki övlad atası olan M.Mirzəyev sonuncu dəfə həyat yoldaşına aprelin 2-də zəng edib. F.Mirzəyevanın bildirdiyinə görə, Murad şəhid olacağını sanki əvvəlcədən bilib, hər kəsi buna hazır olmağa çağırıb: “Murad işi ilə bağlı çox qapalı insan idi. Həmişə deyirdim ki, Murad bizə nə vaxt xoş xəbəri verəcəksiniz? Muradla sonuncu dəfə söhbətimizdə bildirdi ki, narahat olma, yaxın vaxtlarda yaxşı xəbərlər eşidəcəksiniz. Öyrəndiyimə görə, Muradın döyüşlərdə hərbçi yoldaşlarına son sözü belə olub: “Ölənə qədər buradayıq, son damla qanımıza qədər vuruşacayıq”. Bəziləri deyir ki, Murad istəsəydi qayıdardı, bu cür peşəkar zabitimiz şəhid oldu. Deyirəm ki, bu insanın həyata gələndən düşüncəsi Vətən uğrunda şəhid olmaq idi. Murad ölümə hazır olduğunu deyirdi. O, hətta mənə məsləhət verirdi ki, mənim ölümümə sən də hazır olmalısan. Murad şəhid olacağını sanki əvvəlcədən bilirdi”.

Narahat ruhlar rahatlıq tapacaq

Sonda qeyd edək ki, Milli Qəhrəman Murad Mirzəyev kimi şəhidlərin, sağlamlığının bir hissəsini itirən qazilərimizin şücaəti, mərdliyi, igidliyi hesabına bu gün üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzi kimi qürurla dalğalanır. Hər bir Azərbaycan vətəndaşı bu bayrağa ehtiram göstərməklə, onun uğrunda canlarını fəad edən Azərbaycan övladlarına ehtiramını nümayiş etdirir. İnanırıq ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan bayrağı gec-tez Dağlıq Qarabağda, Şuşada, Xankəndində, Laçında, işğal altındakı bütün torpaqlarımızda dalğalanacaq, yağı düşməndən qisas alınacaq. Bax bu zaman Milli Qəhrəman Murad Mirzəyev və onun kimi Vətən uğrunda şəhid olan oğul-qızlarımızın narahat ruhları rahatlıq tapacaq.

Anar Kəlbiyev
Yazı Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda müsabiqəyə təqdim olunur


Teqlər:





Xəbər lenti