`Fidel Kastro`: `Gəncliyim Naxçıvanda keçib` (MÜSAHİBƏ)

`Fidel Kastro`: `Gəncliyim Naxçıvanda keçib` (MÜSAHİBƏ)
  01 İyun 2016    Oxunub:49560
Fidel Kastronu demək olar ki, hamı tanıyır. O, Kuba inqilabının lideridir. Okeanın o tayında yerləşən Kubanın liderini Azərbaycanla bağlayan bir məqam var. Yəqin ki, sizə də təəccüblü gəldi: Fidel Kastro hara, Azərbaycan hara? Onu ölkəmizlə nə bağlaya bilər?

Biz də onu tanıyana, görənə kimi sizin kimi təəccüblənirdik. Düşünürdük ki, Kastronu görmək üçün mütləq Kubaya getmək lazımdır. Ondan müsahibə götürmək isə sadəcə yuxu kimi görünürdü...

Amma, Kastonu görmək üçün nə Kubaya getdik, nə də hansısa başqa bir ölkəyə. Bakıdan cəmi yarım saat yol getmək kifayət etdi ki, onu görək...

Söhbət Kubanın dünyaya səs salan lideri Fidel Kastronun Azərbaycanlı oxşarı Vahid Rüstəmovdan gedir. Sumqayıt şəhərində yaşayan 67 yaşlı Vahid Rüstəmov Fidel Kastronun dünyada nadir oxşarlarındandır. Azərbaycanda onu hamı Fidel Kastro kimi çağırır. O, sözün əsl mənasında Fidel Kastro ilə bir almanın tən yarısıdır.



-Mən 1949-cu il, 26 avqust tarixində Naxçıvanın Şahbuz rayonun Qarababa kəndində anadan olmuşam. Ailədə 4 qardaş, 4 bacı olmuşuq . İki qardaşım və bir bacım rəhmətə gedib. Gəncliyim Naxçıvanda, Şahbuz rayonunda keçib.

Azərbaycan Dövlət Gömrük Komitəsində, Heydər Əliyev adına hava limanında 20 il inspektor vəzifəsində işləmişəm. Bundan əvvəl isə Naxçıvanda nəqliyyatda çalışmışam.



-Sizdə Fidel Kastroya bənzərlik təsadüfdür, yoxsa Fidelə olan simpatiyadan irəli gəlir?

- Saqqal saxlamağımın Fidellə əlaqəsi olmayıb. 1990-cı il yanvarın 20-də ermənilərdən özümüzü müdafiə etmək üçün axşam saatlarında Şahbuzdan Şərura barıt gətirməyə getmişdim. Onda pis vaxtlar idi. Həmin zaman kəndimizdə könüllülərdən ibarət müdafiə komitəsinin sədri idim. Gecə Şərurdan qayıtdım. Gecə güclü qar yağmışdı. Yanvarın 21-də üzümü qırxdım. Bir az keçdi, xəbər gəldi ki, Bakıda vəziyyət pisdir, günahsız insanları qırıblar. Mənə irad tutdular ki, Bakıda insanlar qan ağlayır, sən hansı xoş gün üçün üzünü qırxmısan. Mən də hadisədən xəbərim olmadığını onlara izah etdim. 20 Yanvar hadisələrində şəhid olan insanlar üçün yas saxladıq. 40 gün üzümüzün tükünü qırxmadıq. Hamımız saqqallı idik.

Afiyəddin Cəlilov mənə dedi ki, Vahid, sən lap Fidel Kastroya oxşayırsan. O vaxtdan saqqalımı kəsdirmirəm.
O zaman erməni qəzetləri yazmışdılar ki, Fidel Kastro İrandan keçərək Naxçıvana köməyə gəlib.

-Ermənilər sizin varlığınızdan necə xəbər tutmuşdular ki?

-Onlar məni sərhəddən keçəndə yaxınlaşdırıcı cihazla görmüşdülər. Ermənilər elə bilirdilər ki, Fidel Kastro Azərbaycana gəlib. O zaman bütün Azərbaycan məndən danışırdı. Hamı elə bilirdi, mən Fidel Kastroyam.



- Sizinlə yanaşı dünyanın digər tanınmış şəxslərinin də oxşarları var. Bizdə olan məlumata görə, siz Qorbaçov, Hitler, Marqaret Tetçerin oxşarı ilə görüşmüşsünüz.

- Leninqrada oxşarların festivalı keçirilirdi. Tanınmış insanların oxşarları orada iştirak etmək üçün şəkilləri gönədirirdilər. Mayor Şamil Abdullayev mənə həmin festivalda iştirak etməyimin önəmli olduğunu bildirdi.

-Oxşarlar görüşəndə bir- birinizə münasibətiniz, təssüratınız necə oldu?

-İçəri girəndə məəttəl qaldım. Qorbaçov, Hitler, Lenin, Merlin Manro, Tetçer mənimlə eyni otaqda oturmuşdu. Orada söhbət etdik. Hamı mənə baxırdı. Çoxu inanmırdı. Elə bilirdilər ki, mən Fidel Kastronun özüyəm, oxşarı deyiləm.



-Fidel Kastro ilə görüşmüsünüzmü?

-Xeyir, Fidellə görüşə bilməmişəm. Onunla görüşmək imkanım olmayıb. Kubanın Azərbaycandakı səfirliyinə məni bir neçə dəfə çağırıblar. Onlarla yaxşı münasibətim var.

-Fidelin sizdən xəbəri varmı?

-Bəlkə də var. Amma dəqiq deyə bilmərəm.

-Fidel Kastro xasiyyətcə sərt və əzmkar insandır.
-Mən də çox sərt adamam. Nə istəyim olubsa, ona nail olmuşam.



-Soruşmaq istərdik, hərbi formada gəzməyiniz nə ilə bağlıdır. Fidelə bənzəmək üçün hərbi forma geyinirsiniz, yoxsa bu sizin imicinizdir?

-Bəli. Azərbaycan Dövlət Gömrük Komitəsində işləyəndən indiyə kimi bu formanı geyinirəm. Naxçıvanda ruslarla münasibətim yaxşı olub. O vaxt bu formanı mənə veriblər. Bu formanı bir dəfə Putinin əynində, bir də Rusiyanın müdafiə naziri Sergey Şoyquda görmüşəm.

-Geyinimiz və saqqalınız insanların diqqətini çəkməyə bilməz. Bundan sıxılmırsınız?

- Fidel Kastro dünyada məşhur bir adamdır. Mənə Sarkisyan, Petrosyan, Köçəryan demirlər ki. Tehranda olanda yemək yemək üçün restorana getdik. Maşından düşəndə 5-6 arvad və uşaq qarşıdan gəlirdi. Uşaq məni görüb anasının yanına qaçıb nəsə dedi. Arvadlar güldülər. Sən demə, uşaq qayıdıb deyib ki, ana pastarın yekəliyini görürsən. Onlar da dönüb baxıb, deyib bu pastar deyil, bu Fideldir.

Türkiyə, İran, Pribaltikanın 3 dövlətində, Gürcüstanda, Ukraynada, Rusiyada olmuşam. Bu ölkələrdə kim məni görürdüsə, yaxınlaşıb söhbət edirdi.



-Bakıya gəlişiniz necə oldu?

1995-ci ildə Bakıya qayıdanda Kəmaləddin Heydərovla görüşdüm. Kəmaləddin müəllim, o zaman Dövlət Gömrük Komitəsinin sədri işləyirdi. O, məni işə götürdü, dedi Naxçıvandan sənədlərini gətir, başla işə.

-Bizdə olan məlumata görə, siz Heydər Əliyevlə bir neçə dəfə görüşmüsünüz. Həmin görüşləri necə xatırlayırsınız?



- Heydər Əliyev Moskvadan gələndən 10 gün sonra onunla görüşdüm. Həftədə bir dəfə Heydər Əliyevin qaldığı evə gedib, ona baş çəkirdim.

Mən oxşarların festivalında iştirak edəndə, Heydər Əliyev məni televizorda görüb, deyib ki, bu bizim Fidel deyil? Ümummilli lider məni sonradan təbrik etdi.

Daxili işlər naziri Ramil Usubovla da yaxşı münasibətim olub. O, mənə öz şəkilini bağışlayıb.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti