Rusiyada `Bakının işıqları` jurnalı nəşr olunub

Rusiyada `Bakının işıqları` jurnalı nəşr olunub
  31 May 2016    Oxunub:1271
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində “Bakının işıqları” ( “Oqni Baku”) jurnalı nəşr olunub. Jurnalın nəşrində əsas məqsəd Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, Qarabağ münaqişəsi ilə bağlı Rusiya oxucularını məlumatlandırmaqdır. ki gün əvvəl Krasnoyarsk şəhərində yüksək zövqlə və müasir poliqrafik standartlara uyğun nəşr edilən jurnalın təqdimatı keçirilib.

Jurnal uzun illər Krasnoyarsk vilayətində yaşayan, soydaşımız, bu il Berezyovka rayonu Deputatlar Məclisinə seçilən Telman Tamoyev tərəfindən təsis olunub və nəşr edilir.

Naşir kimi yazdığı ön sözdə T.Tamoyev qeyd edib ki, jurnalda yazılan məqalələr oxuculara müasir Azərbaycan haqqında daha dolğun məlumat almağa kömək edəcək: “ Uzun illər idi ki, mən belə bir jurnal nəşr etməyi arzulayırdım. Nəhayət ki, arzularım “Bakının işıqları”nın timsalında həyata keçdi. Çalışacağıq ki, müasir Azərbaycanın obrazını yeni işıqda təqdim etmək üçün bütün sferaları əhatə edək. Eləcə də, Azərbaycanda yaşayan başqa xalqların həyatından, ənənələrindən bəhs edən müsahibələr, məqalələr sizlərə plüralizmə, tolerantlığa söykənən Azərbaycan mədəniyyətini daha yaxşı başa düşməyə yardım göstərəcək”.

Jurnalın ilk nömrəsinə Krasnoyarsk vilayətinin qubernatoru V.A.Tolokonski də giriş sözü yazıb. Qubernator qeyd edib ki, bu cür mədəni-informativ layihə Rusiya və Azərbaycan xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edəcək. V.A.Tolokonski azərbaycanlıların və Azərbaycan diasporunun regionun bütün sferalarında əhəmiyyətli rol oynadlğını da əlavə edib.

“Bakının işıqları” jurnalının ilk sayında Xocalı faciəsi, Bakıda keçiriləcək Formula-1 yarışları, tarixdə iz qoymuş azərbaycanlı xanımlar, Azərbaycanın turizm potensialı, Rusiya-Azərbaycan münasibətləri, Naxçıvan tarixi haqqında məqalələr dərc olunub. Bununla yanaşı Krasnoyarsk vilayətində Azərbaycan diasporunun fəaliyyəti çox geniş işıqlandırılıb.




Teqlər:





Xəbər lenti