Gürcüstanın deputatlarından İrəvana xəbərdarlıq: Metsamor dərhal bağlanmalıdır!

Gürcüstanın deputatlarından İrəvana xəbərdarlıq: Metsamor dərhal bağlanmalıdır!
  24 May 2016    Oxunub:7423
`Metsamor` Atom Elektrik Stansiyası region ölkələrini ciddi narahat etməyə başlayıb. Sözügedən stansiyadan çıxarılan nüvə tullantılarının terror təşkilatlarına satılması faktı qonşu Gürcüstanda təşvişə səbəb olub.

Gürcüstan rəsmiləri mətbuat vasitəsilə `Metsamor`-un fəaliyyətinin dərhal dayandırılmasını tələb edirlər.

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev AzVision.az-a bildirib ki, rəsmi Tbilisi `Metsamor` AES-in bağlanması ilə bağlı təklifləri dəstəkləyir.

Deputatın sözlərinə görə, indiyədək bir neçə dəfə Gürcüstan ərazisində nüvə tullantılarının satışını həyata keçirmək istəyən Ermənistan vətəndaşları həbs olunub.

“Metsamor AES dünya üçün böyük təhlükədir. Bu stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı ciddi işlər görülməli, dünya ölkələrinə Metsamor-un təhlükəsini göstərmək lazmdır. Gürcüstan xalqı bu məsələdə çox həssasdır. Onlar ekoloji problemlərə, AES-in törədəcəyi fəlakəti dəqiqliyi ilə bilsələr, mütləq Azərbaycana dəstək olacaqlar. Hesab edirəm ki, Metsamorun bağlanması istiqamətində region ölkələr səylərini davam etdirməlidir”.

Gürcüstan parlamentinin digər azərbaycanlı deputatı Əli Məmmədov də `Metsamor`-un bölgə üçün təhlükə saçdığını bildirib. Onun fikrincə, `Metsamor` AES-in binasında çatların olması, istismar müddətini başa vurması ilə bağlı məsələlər uzun illərdir müzakirə olunur.

Deputat bildirib ki, Gürcüstanda `Metsamor`un-bağlanması ilə bağlı məsələ dəfələrlə gündəmə gətirilib, beynəlxalq təşkilatlara müraciət olunub. Amma buna baxmayaraq, ciddi bir reaksiya verilməyib.

“Bu məsələni qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar vasitəsilə yenidən gündəmə gətirəcəyik. Gürcüstan hökuməti `Metsamor` AES-in fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycana dəstək olacaq. Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın problemidir.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov da həmkarının fikirlərini dəstəkləyib. Bildirib ki, `Metsamor` ən qısa vaxtda bağlanmalıdır.

“Təəssüflər olsun ki, bu gün Gürcüstan hökumətində ermənipərəst məmurlar var. Onlara `Metsamor`un fəaliyyəti sərf edir. Bu, ermənilər və dostlarının əlində böyük silahdır.

Gürcüstan rəsmiləri də gözəl başa düşürlər ki, `Metsamor` AES Qafqaz üçün böyük təhlükədir. Əfsuslar olsun ki, AES Rusiya və bir çox dövlətlər tərəfindən Türkiyə və Azərbaycanı təhdid etmək üçün istidafə olunur. Təbii ki, həmin AES-dən çıxarılan nüvə materilları “qara bazar”a çıxarılır, terror təşkilatlarına satılır. `Metsamor`-un fəaliyyətinin dayandırılması ilə bağlı bütün dünya, beynəlxalq ictimaiyyət ayağa qalxmalıdır”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti