`Metsamorun bağlanması üçün Yerevana təzyiq edilməlidir` - Gürcüstanlı deputat

`Metsamorun bağlanması üçün Yerevana təzyiq edilməlidir` - Gürcüstanlı deputat
  23 May 2016    Oxunub:4233
`Ermənistan Cənubi Qafqaz regionunda yeganə radioaktiv təhlükə mənbəyidir. Dünya birliyi Ermənistanın regiondakı pozucu mövqeyini bir daha diqqətlə təhlil etməli, Metsamor AES-in bağlanması ilə bağlı bu ölkəyə ciddi təzyiq göstərməlidir`.

Bu sözləri Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev mayın 23-də Tbilisidə keçirdiyi mətbuat konfransında söyləyib. O bildirib ki, aprel ayında Gürcüstan ərazisində uran maddəsini satmaq istəyən iki qrup ifşa olunub. Onlar əllərində olan uranı təqribən 3 milyon ABŞ dollarına satmaq istəyiblər. Bu faktla bağlı artıq 19 nəfər saxlanılıb, onlardan da bir neçəsi Ermənistan vətəndaşlarıdır.

Əsas narahatlıq doğuran məsələlərdən biri bu radioaktiv maddənin haradan gətirilməsidir. Artıq araşdırmalar zamanı bu maddənin Ermənistandan gətirildiyi, tutulan şəxslərdən birinin Metsamor AES-də, başqa birisinin isə bu ölkənin xüsusi xidmət orqanlarında işlədiyi sübut olunub.

Ə.Babayevin sözlərinə görə, məsələ artıq daha ciddi xarakter alıb. Demokratik qüvvələr mövcud təhlükənin böyüklüyünü, ciddiliyini dərk edirlər. Artıq bir neçə qeyri-hökumət təşkilatı birlikdə məsələ ilə bağlı Gürcüstanın hökumət başçısına müraciət edib. Müraciətə hökumətdən cavab verilib və məsələnin tezliklə ciddi şəkildə araşdırıldığı bildirilib.

Diqqətə çatdırılıb ki, Ermənistandakı Metsamor AES region üçün əsl fəlakət mənbəyidir. Heç kim Çernobıl faciəsini unutmamalıdır. Cənubi Qafqaz ölkələrindən nə qədər insan həmin faciənin nəticələrinin aradan qaldırılması zamanı ciddi xəsarət alıb. İndi biz regionda belə bir faciənin baş vermə təhlükəsi ilə üz-üzə qalmışıq. Heç kim Metsamor AES-in fəaliyyəti ilə bağlı nikbin proqnoz verə bilməz.

Uzun müddətdir ki, istismar olunan bu stansiya artıq ciddi fəlakət mənbəyidir. Bundan təkcə Azərbaycan və türk xalqları deyil, gürcü, abxaz, osetin xalqları, eləcə də ermənilərin özləri əziyyət çəkəcəklər. Odur ki, bütün demokratik, xalqının, millətinin xoşbəxt gələcəyini düşünən qüvvələr birləşərək Metsamor AES-in bağlanması üçün səsini ucaltmalı, beynəlxalq təşkilatlardan Ermənistana təzyiqləri artırmağı tələb etməlidirlər.

Ə.Babayevin fikrincə, ermənilərin pozuculuq fəaliyyəti təkcə uran satmaq və ya Metsamor AES-lə bitmir: “Son günlər Gürcüstan ərazisində məskunlaşmış ermənilər tərəfindən separatizm meyilləri daha da güclənib. Azərbaycanlılara və türklərə qarşı müxtəlif çağırışlar eşidilir. “Krunq” terror təşkilatının Gürcüstan ərazisində yenidən fəallaşması da ciddi narahatçılıq doğurur.

Gürcüstanın işğal olunmuş ərazilərindən 350 mindən çox gürcü didərgin düşüb və onlar müxtəlif bölgələrdə məcburi köçkün həyatı yaşayırlar. Bundan sui-istifadə edərək həmin ərazilərdə “çoxluq” təşkil edən ermənilər mədəni muxtariyyət tələb edirlər. Bu gün mədəni muxtariyyət tələb edənlər gələcəkdə muxtariyyət tələb edəcəklər. Bunu biz tarixdən də bilirik. Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlər məhz həmin siyasətin əyani sübutudur. Gürcüstan hökuməti bu məsələlərə ciddi yanaşmalı və ermənilərin iddialarına vaxtında tutarlı cavab verilməlidir (Azərtac).




Teqlər:  





Xəbər lenti