Kainat hara qədər genişlənəcək? – ELMİ CAVAB

Kainat hara qədər genişlənəcək? – ELMİ CAVAB
  20 May 2016    Oxunub:25469
Bu, müasir kosmologiyanın ən vacib və maraqlı suallarından biridir. Yaxşı, "Böyük Partlama" oldu, hazırda kainat (məkan) getdikcə artan sürətlə genişlənir... Amma hara qədər? Bu genişlənmənin axırı nə olacaq?

Sualın birmənalı cavabı yoxdur. Əvvəla ona görə ki, kainatı genişləndirən qüvvə - "Qara enerji" və onun təbiəti haqqında hələ ki, bizim heç bir praktik bilgimiz mövcud deyil. Buna görə də onun gələcəkdə hansı nəticələrə səbəb olacağını proqnozlaşdırmağımız çətindir.

Kainatın uzaq gələcəyinə olan yanaşmalardan biri budur ki, indiki genişlənmənin sonu "Böyük Çatlama" (Большой Pазрыв, Big Rip) ilə yekunlaşacaq.

Bu elmi fərziyyəyə görə, 22 milyard ildən sonra kainatda qravitasiya qüvvəsi o qədər zəifləyəcək ki, daha qalaktikalar mövcud ola bilməyəcəklər. Kosmik boşluğa dağılan ulduzlar da planetləri öz orbitlərində saxlamağı bacarmayacaq... Sonra ulduzlar və planetlər özləri də parçalanacaqlar... Ən sonda isə hətta maddənin atomları da dağılacaq...

Bu, Kainatda varlığın sonu deməkdir. Çünki bütün maddə atomların əsasında formalaşıb.

Həmin vaxt Fizikanın bu gün bizə məlum olan bütün qanunları "qüvvədən düşəcəklər". Ona görə də, praktik olaraq nə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil.

Bunun əksini iddia edən “rəqib” fərziyyəyə görə isə, Kainatın hazırkı genişlənməsi sonra sıxılma ilə əvəz olunacaq. Kainat yenə bir nöqtəyə qədər sıxılacaq, "Böyük Patrtlama" əvvəl mövcud olmuş kvant sinqulyarlığı halına qayıdacaq, sonra təzə "Böyük Partlama" baş verəcək və bu sıxılma-genişlənmə tsikli sonsuz sayda davam edəcək.

Bu iki fərziyyədən hansı daha doğrudur?

Əlbəttə, birmənalı cavab yoxdur. Amma hazırda elm adamları birinciyə - "Böyük Çatlama"ya daha çox önəm verirlər. Bu yanaşma elmi cəhətdən daha əsaslı görünür. İkinci fərziyyə isə elm dairələrində getdikcə öz nüfuzunu itirir.

V.M.


Teqlər:  





Xəbər lenti