Putin Bakıya niyə gəlir ?- MÜSAHİBƏ

Putin Bakıya niyə gəlir ?- MÜSAHİBƏ
  24 İyul 2013    Oxunub:2011
Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqinin müsahibəsi.
- İyulun 3-də Rusiya ilə Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığı olub və danışıqlarda ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib. Amma bu günlərdə bir sıra KİV bildirib ki, avqustun ortasında Vladimir Putinin Azərbaycana rəsmi səfəri gözlənilir. Sizin fikrinizcə, Rusiya prezidenti Azərbaycana gələcək?

- Hazırda Rusiya-Azərbaycan münasibətləri çətin mərhələdədir. Düşünürəm ki, indiki vəziyyətdə Azərbaycanın mövqeyi dəyişməlidir, çünki regionda güclərin bölgüsü konteksti dəyişir. Aydın görünür ki, Amerika siyasəti hər yerdə baş tutmur: Misirdə və Türkiyədə baş verən hadisələr göstərir ki, ABŞ və müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Qətər siyasi proseslərin öhdəsindən gələ bilmir. Eyni zamanda, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə olduğu müddətdə Amerikanın regiondakı nüfuzu aşağı düşür. İnsanlar isə ABŞ-ın yardımının ancaq dağıntılara doğru apardığını anlamağa başlayır. Məsələn, Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-ı dəstəklədi və nəticədə ölkəsinin ərazi bütövlüyünü itirdi. Türkiyənin baş naziri Ərdoğan ABŞ-ı dəstəklədi nəticədə xalq üsyanı yarandı. Misir prezidenti Mursi ABŞ-ı dəstəklədi və Əsədə qarşı çıxdı – nəticədə hakimiyyətdən devrildi. Aydındır ki, regiondakı siyasəti ABŞ müəyyən etmir. Hətta son illərdə özünü super dövlət kimi təqdim etməyə çalışan Türkiyə siyasi qarşıdurmada nüfuzunu itirdi. Türkiyə indi heç nədir. Daxildən Ərdoğana qarşı inqilab baş qaldırır, Suriyaya hücumu baş tutmur, ölkənin cənub rayonlarında üsyanlar baş verir. Hazırda ABŞ və bütövlükdə Qərblə yaxınlaşma Yaxın Şərqdə baş verən proseslərin Azərbaycana keçməsi ilə nəticələnə bilər. Düşünürəm ki, Putinin Əliyevlə ciddi söhbət etməsi və durumun aydınlaşması gərəkdir. Rəsmi Bakı ərazi bütövlüyünün zamini olaraq ABŞ, ya da Türkiyəni deyil, Rusiyanı görməlidir... Rusiya Azərbaycana böyük rəğbətlə yanaşır. Dost və müttəfiq olaraq ona ehtiyac duyur. Hazırda Moskva, Bakı, Yerevan və Tehran birlikdə Qarabağ münaqişəsini həll etməlidir. Ancaq ABŞ və Avropa Birliyi (AB) bu məsələdən kənarda qalmalıdır.

- Putin Bakıya, Qərb və ya Rusiyaya şərt qoymaq üçün səfər edəcək?

- Putin öz dostu və qardaşını ziyarət etmək üçün Bakıya gedir. O, Bakıda necə danışacaq? O deyəcək: ABŞ və Avropa Birliyi rədd edilsin! NATO və Avropa Birliyi layihələri təxirə salınsın! Biz problemi özümüz həll edirik.

- 2008-2012-ci ildə Medvedyev, Əliyev və Sarkisyanın görüşləri baş tutub. Amma həmin görüşlər Azərbaycana müsbət nəticə göstərmədi. Bəs indi nə dəyişəcək?

- Mən dəfələrlə Azərbaycan mətbuatına bildirmişəm ki, Qarabağ münaqişəsi pozitiv həllə malik deyil. İkincisi, i-Phone-da oynayan bir fiqur nəyi həll edə bilər. Medvedyev heç vaxt siyasətdə olmayıb. Bu yalnız Putinin yenidən hakimiyyətə qayıtması üçün oynanılan taktikadır. Bütün siyasi elita və Rusiya əhalisi prezident Medvedyevi taksi sürücüsü hesab edir – hara desələr ora sürəcək. Bir halda ki, ölkəni Putin idarə edir, onunla danışmaq faydasızdır. Düşünürəm ki, söhbət əsnasında rəsmi Bakı ABŞ-ı dəstəkləməkdən vaz keçdiyi təqdirdə danışıqlarda problemlər yaşanmayacaq və Əliyevlə Putinin görüşü son dərəcə dost şəraitində keçəcək.

- Bu ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Putinin səfərini prezident İlham Əliyevə dəstək kimi qiymətləndirmək olarmı?

- Əslində, düşünürəm ki, Putin sadəcə Əliyevlə ciddi danışmaq istəyir. Putinin artıq vaxtı yoxdur və o ikinci dərəcəli məsələlər barədə danışmayacaq.

- Fikir mövcuddur ki, Moskva Azərbaycanda prezident seçkilərində namizədliyini irəli sürən kinorejissor Rüstəm İbrahimbəyovu dəstəkləyə bilər. Bu barədə nə deyə bilərsiniz?

- Moskvanın İbrahimbəyovu dəstəkləməsinə dair dəqiq bir şey söyləyə bilmərəm. İbrahimbəyovla danışıqlar aparılır, ancaq hələ son qərar verilməyib. Bu dəqiqdir. Amma Rusiyanın Azərbaycana, Azərbaycanın da eyni zamanda Rusiyaya sualları vardır. Əsas odur ki, biz qardaş dövlətik. Axı qardaşların da arasında bəzi narazılıqlar olur.

- Son zamanlar Rusiya-Ermənistan münasibətləri pozulub. Ermənilər Rusiyanın qaz tarifini artırmasından və Azərbaycana müasir silah satmasından və Dağlıq Qarabağı tanımamasından narazıdır. İkiüzlü siyasəti ilə Qərblə yaxınlaşmağa çalışan Yerevanı nə gözləyir?

- Ermənistan bizim strateji partnyorumuzdur. Əslində ermənilər praqmatik xalqdır. Onlar Rusiya ilə dostluqdan bütün strateji üstünlükləri əldə ediblər. Amma Rusiyanın da Ermənistana edə biləcəyi təkliflərin limiti vardır. Biz Ermənistana əlimizdən gələn hər şeyi təklif etdik, amma onlar yedilər, həzm etdilər və indi davamını istəyir. Artıq Rusiya heç nə təklif edə bilməyəcək. Belə bir vəziyyət yaranıb: birinə elə gəlir ona əskik veriblər, digəri isə elə başa düşür ki özü çox şey verib. Ermənilərə görə, Rusiya onlara hələ də nəsə verməyə məcburdur, amma Rusiya hesab edir ki, ermənilər lazım olanı artıqlaması ilə alıblar. Əsas odur ki, Rusiya heç vaxt Qarabağ münaqişəsində Ermənistanın tərəfində olmayıb. Həmçinin o bu münaqişədə Azərbaycanın tərəfini saxlamayıb. Qarabağ münaqişəsində Rusiya, Rusiya tərəfində dayanıb.

Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti