Sabir Fondu yeni layihəyə start verdi

Sabir Fondu yeni layihəyə start verdi
  17 May 2016    Oxunub:3639
Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, time-menecment, personalogiya və s.), habelə youtube, vebi-nar, skype konfransla keçirilməsi” adlı layihəyə start verib.

qhtxeber.az-a verilən məlumata görə, gənclərin, digər təbəqələrdən olan müxtəlif peşə sahiblərinin qatıldığı seminarı giriş sözü ilə Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı açıb. O, fərdi inkişaf təlimlərinin gənclərin inkişafında böyük rol oynadığı deyib və belə təlimlərdə iştirakda Binəqədi gənclərinin böyük marağı olduğunu qeyd edib.

Sonra Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə reallaşacaq bu layihə haqda ətraflı məlumat verib. O bildirib ki, bu təlimlərdə gənclər kütlə qarşısında nümunəvi çıxış etmək, qan qrupundan asılı xarakterin necə dəyişdiyini öyrənmək, qarşı tərəfi qan qrupuna görə tanıya bilmək, ailə daxili münasibətlərin insan xarakterindən necə asılı olduğu və ailədəki münaqişələrin uşaqlara təsiri barədə məlumatlar əldə etmək, NLP texnikalardan istifadə etməklə mükəmməl ünsiyyət qurmaq, vaxtın idarə olunması (time menecment), karyera qurmaq istəyənlər üçün iş müsahibələrinə hazırlıq, effektli CV və rezumelərin yazılma bacarıqları əldə edəcəklər. Bu təlimlərin daha geniş auditoriyanı əhatələməsi üçün youtube kanalında xüsusi akkaunt yaradılıb və məlumatlar, seminar məlumatları izləyicilərə fasiləsiz yayımla təqdim ediləcək.

Təlimin ilk dərs günü təlimçi Sənan Nəcəfovun təqdimatında kütlə qarşısında çıxış zamanı həyəcanın aradan qaldırılması, çıxış zamanı jest, göz kontaktları, mimika və səs tempinə diqqət yetirilməsi, diqqətçəkici, maraqlı, təsiredici çıxış qurmaq, bədən dili, NLP ilə mükəmməl ünsiyyətin qurulması, özünü təqdimetmə haqda peşəkar təlim standartlarına uyğun dərs keçib. Binəqədi gənclərinin maraqla izlədikləri seminar vorkşoplar, təlim oyunları ilə müşaiyət olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihəsi çərçivəsində 12 seminar, 4 master- klass keçirilməsi nəzərdə tutulub.



Teqlər:





Xəbər lenti