Qarabağ atları Londonda hamını heyran etdi - VİDEO

Qarabağ atları Londonda hamını heyran etdi - VİDEO
  14 May 2016    Oxunub:3634
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə "Qarabağ" cinsindən olan 15 at Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunublar.
TEAS-dan AzVision.az-a verilən məlumata görə, 11-15 may tarixlərində Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor Qəsrində keçirilən Kral Vindzor at şousunda hər gün 900-dən çox at və 1500-dən çox iştirakçı şou proqramla çıxş edəcək.

Vindzor tədbirlərinə hər gün kral ailəsinin bir üzvü qatılır. Son gün isə Krlaiça II Elizavetanın da iştirakı planlaşdırılıb.

Qeyd edək ki, Qarabağ atları öz çevikliyi, yaxşı xasiyyəti, sürəti və möhtəşəm parlaq tükü ilə ad çıxarıb.

Vindzor Şousunda Qarabağ atlarının iştirakı xüsusilə əlamətdar oldu. Ona görə ki, düz 60 il bundan öncə SSRİ hökuməti tərəfindən Kraliçaya bu cinsin valehedici nümunəsi olan "Zaman" adlı at bağışlanılıb.

Vindzor Şousunda Azərbaycan Mədəniyyəti Pavilyonu da fəaliyyət göstərir.

Bu pavilyon Azərbaycanın zəngin mədəniyyətini, adət-ənənələrini, folklorunu, mətbəxini əks etdirir. Burada, qonaqlara əl işi olan əlvan xalçalar, milli geyimlər, suvenirlər, ədəbiyyat, memarlıq nümunələrinin sərgisi keçirilir. Qonaqlara samovarda dəmlənmiş təravətli Azərbaycan çayı və pahlavası təklif olunur. Bütün bunlar tarzən Rafiq Rüstəmovun və Dövlət Rəqs Ansamblının konsert proqramı ilə müşayiət olunur. Azərbaycan pavilyonu dünyanın müxtəlif ölkələrindən gəlmiş xarici turistlərin ən çox ziyarət etdiyi pavilionlar sırasındadır.

Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri Qarabağ atlarından da yan keçməyib.

Belə ki, 1993-cü ildə Ağdam Atcılıq Zavodunun fədakar əməkdaşları atları düşmən əlindən qorumaq üçün onları daha təhlükəsiz yerı köçürüblər. Yolda bəzi boğaz atlar tələf oldu və nəhayət "qaçqın atlar" Bakı ippodromunda məskən saldı. Dünyada hazırda minə qədər Qarabağ atları var və onların kökü kəsilmək üzrədir.

Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin, Azərbaycan Atçılıq Federasiyası və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2012-ci ildə Britaniya Kraliçasının hakimiyyətə gəlməsinin 60 illik yubileyi ilə bağlı Krak Vindzor At Şousunda 3 Qarabağ atının şou-proqramı iştirakçılarda böyük maraq doğurmuşdu.





AzVision.az


Teqlər:  





Xəbər lenti