`Nikahdan kənar doğum adi hala çevrilib` - Hicran Hüseynova

`Nikahdan kənar doğum adi hala çevrilib` - Hicran Hüseynova
  12 May 2016    Oxunub:2680
Azərbaycan ailəsi öz quruluşunda əvvəlki ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, Azərbaycanda hazırda 2 milyon 2 min 30 ailə var. Həmin ailələrin içərisində uzun ömürlü ailələr, qızıl, brilyant və gümüş toyu olan ailələr daha çoxdur:

`Lakin son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, intiharlar, xüsusilə uşaq intiharlarının sayının artması müşahidə olunmaqdadır. Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb. Ailə üzvlərinin bir-birindən təcrid olunması və uzaqlaşması, boşanmaların sayının artması, nikah olmadan birgə yaşama və nikahdan kənar doğum adi hala çevrilib`.

H. Hüseynova əlavə edib ki, boşanandan sonra qadın və uşaqların qarşılaşdıqları problemlər xoşagəlməz halların yaranmasına gətirib çıxarır: `Boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur. Uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir. Bütün bu məsələlərin həll olunması üçün yeni sənədlərin hazırlanmasına, maarifləndirici tədbirlərin daha geniş şəkildə həyata keçirilməsinə ehtiyac var`.

AzVision.az


Teqlər:  





Xəbər lenti