Dünya artıq erməni yalanlarına inanmır - Monitorinq

Dünya artıq erməni yalanlarına inanmır - Monitorinq
  10 May 2016    Oxunub:3057
“Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu”nun İnformasiya Təhlükəsiliyi və Tədqiqatlar Departamenti aprel ayında cəbhədəki gərginliklə bağlı dünya mətbuatında apardığı monitorinqin nəticələrini elan edib.
Monitorinqdə qeyd olunub ki, 2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan təmas xəttində erməni təxribatı nəticəsində şəhidlər verilib, mülki əhalimiz atəşə məruz qalıb: “Azərbaycan Ordusunun şücaəti nəticəsində erməni qüvvələri ciddi itkilərə məruz qaldı, bir neçə yüksəklik ələ keçirildi və Ermənistan rejimi bütün dünyaya bir daha provokator, işğalçı olduğunu nümayiş etdirmiş oldu.

Aprel hadisələri zamanı erməni yalanlarının əsas hərəkətverici qüvvəsi hazırkı mafioz Sarkisyan rejimi olmaqla bərabər Amerikada yerləşən Amerika Erməni Milli Komitəsi (ANCA) oldu. Erməni lobbisinin ələ aldığı amerikalı konqressmen və senatorlar eynilə Xocalı hadisələrində olduğu kimi, Azərbaycanın haqqlı mövqeyinə göz yumdu.

Siyasi, iqtisadi və mənəvi dəstəkçimiz olan qardaş Türkiyə mətbuatı Azərbaycan həqiqətlərini obyektiv formada dünyaya nümayiş etdirdi. Türkiyənin nüfuzlu “NTV” xəbər kanalı Azərbaycanın işğaldan azad etdiyi Lələ Təpə yüksəkliyindən reportaj hazırladı. Eyni zamanda “CNN Türk” kanalı da Azərbaycan tərəfinin haqlı mövqeyini dünyaya nümayiş etdirdi. Azərbaycanın yaxın dostu “BengüTürk” kanalından Murat İde təmas xəttindən mövqelərimizi müdafiə edən videomateriallar yaydı. TRT Erməni təxribatları ilə bağlı sistematik xəbər və reportajlar yayımladı. Türkiyənin nüfuzlu “Hürriyet”, “Milliyet” və “Sabah” qəzetləri və digər elektron KİV – ləri erməni mövqelərinin şantaj xarakterli həmlələrinə geniş diqqət ayırdı.

Təəssüf ki, ATƏT-in Minsk Qrupunun üzvlərindən biri olan Rusiya mətbuatı sözün həqiqi mənasında erməni təbliğatçısı oldu. Hadisələr vaxtı ermənipərəst “Dojd” telekanalı diqqəti əsas məsələdən yayındırmaq üçün süni və şişirdilmiş materiallarla anti-Azərbaycan mövqeyini bir daha nümayiş etdirdi. “Regnum” agentliyi və “vzglyad.ru” kimi saytlar da öz ənənələrinə sadiq qaldı. “İnterfaks” və “lenta.ru” hadisənin mahiyyətini təhrif edərək həqiqətdən kənar məlumatlar yaydı. “Vedomosti və Arqumentı İ Faktı” nəşri hadisələri obyektiv qiymətləndirdi.

Britaniyanın tanınmış mətbu qurumu “The Guardian” diqqəti erməni təxribatından yayındırmaq üçün başqa xəbərlərə yönəlsə də “BBC” Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarına yer ayırdı. “The İndependent” Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu qeyd edərək, obyektiv media prinsiplərinə daha sadiq qaldı. Məşhur “Associated Press” agentliyi erməni aqressiyası haqqında yazdı, “Deutsche Welle” ona istinad etdi.

ABŞ mətbuatında nüfuzlu “The Washington Times” və “New York Times” qəzetləri Azərbaycanı işğala məruz qalan ölkə kimi təqdim etdi. Həmçinin “The Washington Times” Ermənistanın Metsamor AES-dəki təhlükəli cəhdlərindən bəhs etdi.
Çinin “Sinxua” agentlikləri, Almaniyanın “Frankfurter Allgemeine” nəşrləri hadisələrə diqqət ayırdı.

Fransanın “Francais.rt.com”, “Rfi.fr”, “Lemonde.fr”, “Lexpress.fr saytları hadisələrlə bağlı təhlil xarakterli xəbərlər yaydı.

Nüfuzlu “Al Jazeera” kanalı Azərbaycanda mülki əhalinin məruz qaldığı erməni hücumlarından reportaj hazırladı. Ərəb mediası hadisələrlə bağlı silsilə məlumatlar dərc etdi. Misirin “Akhbar El Yom”, “Al Bawaba”, “Ona”, “Youm7” Azərbaycanı təcavüzə məruz qalan ölkə kimi təqdim etdi peşəkarlığa riayət etdi.
Qırğızıstanın Kabar agentliyi, Yaponiyanın “FHN news”, “TBS news” kimi mətbu qurumları cəbhədən son hadisələrə diqqət ayırdı. İsrailin “Haaretz” qəzeti Azərbaycan və İsrail müttəfiqliyindən bəhs edən yazılar dərc etdi.

Ümumiyyətlə, saysız xarici mətbuat qurumları və nəşrləri aprel hadisələrinə diqqət ayırdı. Aparılan monitorinq göstərdi ki, Azərbaycanın haqqlı mövqeyinə dünya mediası birmənalı formada tənqidi münasibət göstərmir və erməni yalanları artıq dünya üçün də qəbuledilməzdir”.(Avropa.info)

AzVision.az


Teqlər:





Xəbər lenti