Azərbaycanın vəziyyətinin ciddiliyi

Azərbaycanın vəziyyətinin ciddiliyi
  17 İyul 2013    Oxunub:1805
Corc Fridman
“Stratfor” Analitik Mərkəzi mərkəzin yaradıcısı və sədri


Əvvəli burada


Azərbaycan həm Rusiya, həm də İran ilə həmsərhəddir. O, Rusiyada Dağıstan, İranda İran Azərbaycanı əyaləti ilə ümumi sərhədə malikdir. Azərbaycanlıların əksəriyyəti İranda yaşayır. Burada onlar ölkənin ən böyük etnik azlıq qrupudur (ayətolla Əli Xamenei azərbaycanlıdır). Azərbaycan əsasən dünyəvi ölkədir. O, İranın şiə terrorizmindən və şimalda sünni islam terrorizmindən gələn hədələrlə üzləşir.

Azərbaycan 1990-cı illərdə müharibədə iştirak edib və onun Dağlıq Qarabağ adlanan ərazisi Rusiyanın müdafiə etdiyi Ermənistan tərəfindən işğal olunub. Hazırda Ermənistanda Rusiya hərbi bazaları yerləşir. Azərbaycan çətin yerdədir və onun Rusiya ilə İran arasındakı mövqeyi ölkənin vəziyyətini ciddiləşdirir. Regionda İran və Rusiyaya ilə yaxşı münasibətləri olmayan müsəlman dövlətinin mövcudluğu adi bir hal deyil.

Amerikanın nöqteyi-nəzərindən Azərbaycanın başqa bir strateji önəmi də var: enerji ehtiyatları. Rusiyanın strategiyası Avropanın Rusiyanın enerji ehtiyatlarından asıllığını qorumaq və dərinləşdirməkdən ibarət olub. Nəzəri baxımdan bu həm Rusiyanın önəmini artıracaq, həm də onun milli təhlükəsizliyinə olan hədəni azaldacaq. Bu strategiyanın ikinci mərhələsi Avropaya alternativlər marşrutları, o cümlədən Türkiyə marşrutunu məhdudlaşdırmaq olub. Neft və təbii qaz kəmərləri ilə bağlı mürəkkəb gərginlik onunla əlaqədardır ki, ruslar Avropanın onun nəzarətindən kənar əhəmiyyətli enerji mənbələri əldə etmək imkanına malik olmasını istəmir.

Avropanın zəif və qeyri-mütəşəkkil olduğu bir vaxtda qərb yönümlü dövlətlərdə vəziyyəti sabitləşdirmək üçün Rusiyanın ətrafındakı ölkələrə təsirini məhdudlaşdırmağa çalışmaq Amerikanın marağındadır. Həmçinin İranın güc nümayişini məhdudlaşdırmaq və İranın azərbaycanlı əhalisinə təsir etmək üçün imkanları əlində tutmaq da ABŞ-ın marağındadır. Lakin Amerikanın gücü və maraqları qarşısında da müəyyən məhdudiyyətlər mövcuddur. O, ilk seçim kimi müharibə yolunu seçə bilməz. ABŞ yalnız milli təhlükəsizliklərinə görə başlıca məsuliyyəti öz üzərinə götürən ölkələri dəstəkləyə bilər. ABŞ bu təhlükəsizliyin birinci mənbəyi ola bilməz.

Məhz bu ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin maraqlı olmasının səbəbidir. Azərbaycan strateji baxımdan ABŞ-a düşmən mövqeyində olan iki dövlət – Rusiya və İran arasında yerləşir. Azərbaycan Əfqanıstana yüklərin çatdırılması üçün əsas yükboşaltma məntəqəsi rolunu oynayıb. Azərbaycan ABŞ-dan silah ala bilmək istəyir. Bir çox hallarda ABŞ bu xahişi rədd etmişdir. Bunun əvəzinə də azərbaycanlılar yaxın əlaqələrə malik olduqları İsrailə müraciət ediblər.

Azərbaycan tam Amerika müttəfiqinə xas olan bütün xüsusiyyətlərə malikdir. Onun mövqeyi strateji əhəmiyyətə malikdir və bu mövqe istər İrandakı hadisələrə təsir göstərmək, istərsə də alternativ enerji marşrutları, o cümlədən Xəzər dənizinin altından keçməklə Mərkəzi Asiyaya uzanan kəmər çəkmək imkanı verməklə Rusiyanın Avropaya təsirini azaltmaq üçün imkanlar yaradır. Yerləşdiyi bu mövqeyə görə onun silahlara ehtiyacı var və buna görə o, pul ödəməyə hazırdır. Bununla belə ABŞ onun silah almaq imkanlarını məhdudlaşdırır.

Bunun iki səbəbi var. Bunlardan biri ABŞ-ın etnik siyasətidir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq güclü Ermənistan-Amerika icması Azərbaycana münasibətdə düşmən mövqe tutur. ABŞ-dakı Azərbaycan lobbisi erməni həmkarlarının nüfuzuna sahib ola bilməmişdir. Buna görə də silah satılmasını qadağan etmək üçün Konqresə təzyiqlər edilir və hətta səfirlərin təyinatı belə çətindir. İkinci səbəb daha önəmlidir. İçərilərində Dövlət Departamentinin də nümayəndələrinin olduğu insan hüquqları müdafiəçiləri Azərbaycan hökumətinin repressiv və rüşvətxor təbiətə malik olduğunu bildirilər.

Bura həmçinin ailə və nəsil köklərinin əhəmiyyətli rol oynadığı ölkədir. Başqa sözlə burada qərbdəkilərin tanışlıqla vəzifəyə təyin etmə adlandırdıqları ənənə mövcuddur. Bir dəfə çinli iş adamı mənə demişdir ki, o, amerikalıların rəzil və mənəviyyatsız olduğunu fikirləşir, belə ki, onlar işə götürən zaman qərib bir adama ailə üzvündən daha çox önəm verirlər, sadəcə ona görə ki, qərib adam daha ixtisaslıdır. O, mübahisə edirdi ki, qandan daha çox məziyyətə üstünlük verilməsi mənəviyyatsızlıq əlamətidir. Mən şirkətimi bu prinsip üzərində qurmaq istəməzdim, lakin onun söylədikləri mənə xatırladır ki, heç də hamı bizim cəmiyyətin hansı şəkildə fəaliyyət göstərməsi barədə mülahizələrimizi bölüşmür və ya onları heyranlıqla qəbul eləmir. Buna görə də mən digərlərinin əxlaqı davranışı barədə mülahizə yürüdən zaman daha ehtiyatlıyam. Bunun səbəbi o deyil ki, mən məziyyətin qandan üstün olduğunu hesab etmirəm. Səbəb ondadır ki, mənim düşüncələrimin rəzil olduğunu fikirləşən sağlam düşüncəli insanlar vardır.

Hər bir halda ölkə sovet respublikasından korrupsiyasız iqtisadiyyata malik ölkəyə 20 ildən az bir müddət ərzində keçmir. Eyni zamanda o, bu vaxt ərzində, xüsusilə üç düşmən dövlət – İran, Rusiya və Ermənistan ilə əhatələndikdə, tam liberal demokratiyaya da keçmir. Digər keçmiş sovet respublikalarının göstəricilərinə baxanda, Azərbaycanın vəziyyəti elə də pis deyil. Azərbaycanın olmayacağı təqdirdə ABŞ-ın keçmiş Sovet İttifaqı ölkələrindən hansı ilə tərəfdaşlıq edəcəyini təsəvvür etmək çətindir.

Məni narahat edən başqa bir məsələ “Ərəb Baharı sindromu”dur. İnsan hüquqları müdafiəçiləri belə ehtimal edirlər ki, repressiv rejimə qarşı çıxış edən izdiham daha az repressiv hökumət yaradacaqdır. Mən xatırlayıram ki, 1979-cu ildə İran şahına qarşı nümayişlər gedən zaman onun repressiv rejimi idarə etməsi faktı nümayişçilər barəsindəki xülyalarla qarışmışdır. O zaman bütün nümayişçilərə qərb yönümlü liberal demokratlar kimi baxırdılar. Onlar belə deyildilər və insan hüquqları nöqteyi-nəzərdən nümayişçilərin uğurunun İranda insan hüquqları sahəsindəki vəziyyəti yaxşılaşdırdığını demək çətindir.

Eyni sözləri Azərbaycan barəsində də demək mümkündür. Rejim barəsində hansı tənqidi fikirlərin deyilə bilməsindən asılı olmayaraq alternativ qüvvənin daha liberal və ya şəffaf olacağını təsəvvür etmək çətindir. İran tərəfindən dəstəklənən alternativ İrana bənzəyəcək. Rusiya tərəfindən dəstəklənən alternativ Rusiyaya bənzəyəcək. ABŞ-ın hazırkı rejimin mənəvi baxımdan Rusiya və ya İran tərəfindən dəstəklənən alternativ qüvvədən daha üstün olduğu bir vəziyyətdə öz strateji maraqlarını həyata keçirməli olmaması fikri düzgün deyildir. Bu, vəziyyəti anlamağa çalışan qlobal güc mərkəzinin qeyri-yetkinliyinin bir hissəsidir.

Azərbaycanın ABŞ üçün əhəmiyyəti onun mənəvi keyfiyyətləri ilə bağlı deyil. O, ona görə əhəmiyyətlidir ki, Rusiya ilə İran arasında bir zolaqdır. Bu rejimi əvəz edəcək istənilən rejim mənəvi baxımdan daha pis olmaqla ABŞ-ın düşməni ola bilər. Azərbaycan neftinin Rusiya və ya İrana uduzulması Türkiyəyə olan təzyiqləri artıracaq və Rusiyanın ətrafında olan alternativ enerji marşrutlarını aradan qaldıracaq. ABŞ gözlənilməyən böhranlara qəfil, spazmatik hərbi müdaxilədənsə, strateji tərəfdaşlarına erkən və az riskli dəstək verilməsi strategiyasını seçməlidir. Müstəqil Azərbaycan Rusiya və İranın boğazında bir sümük və Türkiyə üçün enerji mənbəyidir. Və Azərbaycan silahlara görə nağd pul ödəyir və bu silahlar Amerikalılar tərəfindən deyil, Azərbaycan ordusu tərəfindən istifadə olunacaq.

Bu gün ABŞ-da ilk baxışdan qaranlıq olan məsələlərə diqqəti yönəltmək çətin işdir. Yalnız bu qaranlıq məsələ təcili məsələyə çevrildikdə ABŞ reaksiya verir. Mən Bakıda bunu izah edirəm və onların buna dözməkdən başqa yolu yoxdur. Lakin böyük bir gücün idarə olunması ilk baxışdan qaranlıq görünən hədələrin ehtiyatla idarə olunmasını tələb edir. Azərbaycan mətbəxi və yoldaşlığından həzz aldığım qədər, xarici siyasəti üçün sabit çərçivənin yaradılması ABŞ-ın iqtidarındadır. Bu, nə bəsit dərəcədə realist, nə də tərbiyəvi xarakterli olmamalıdır. Bu, artıq Azərbaycanda sınaqdan keçirilib.

Həm Hitler, həm də Stalin başa düşürdülər ki, Bakı üzərində nəzarət Avrasiyanın quru ərazisi üzərində nəzarət deməkdir. Enerji reallıqları vəziyyəti dəyişdirsə də, bu Bakının əhəmiyyətini azaltmamışdır. Bakıya gedəndə və tarixi hadisələrlə tanış olduqda, bu, aydın görünür. Amerikalıların çoxu Bakıya getmirlər və onların çoxu tarixi oxumur. Önəmli bir şeyin təhlükəsizliyini təmin etmək çətin deyil, lakin hazırda ABŞ-ı daha çox iş görməyə vadar etmək çətindir.


Teqlər:  





Xəbər lenti