Rusiya Güney Qafqaz siyasətini yeniləyir – TƏHLİL

Rusiya Güney Qafqaz siyasətini yeniləyir – TƏHLİL
  18 İyul 2013    Oxunub:3318
Rusiyanın Ermənistana qarşı indiki siyasətini Cənubi Qafqaz regionu üzrə müstəqil siyasət qurmasının başlanğıcı hesab etmək olar. Bu siyasətin üç tərkib hissəsi var:

- birincisi, Rusiya Ermənistanın maraqlarını nəzərə almır, onu özünə strateji müttəfiq hesab etmir;

- ikincisi, Rusiyanın Gürcüstanla iqtisadi münasibətlərinin qurulmasında şərab məhsullarının ön plana çıxarması təsadüfi deyil. Gürcüstan ildə Rusiya bazarına 100 milyon dollara kimi şərab göndərmək niyyətindədir. Gələcəkdə bu rəqəmi artıracaq. Erməni şərabının Rusiya bazarında ən böyük rəqibi gürcü şərabı idi. Rusiya şərab bazarından 100 milyon dolların Gürcüstana gəlməsi həmin məbləğ pulun Ermənistana getməməsi deməkdir.

Ermənistan RF-lə Gürcüstan arasında düşmənçilik yaratmaqla qazanc əldə etmək istəyirdi. Bir neçə il qazandı. İndi ondan da məhrum olur. Rusiya-Gürcüstan münasibətlərinin ermənilərin nəzarətindən çıxması və ya müstəqilləşməsi yaxın illərdə regionun arxitekturasını dəyişə bilər. İndi bu proses müəyyən mənada gürcülər üçün ağrılıdır, çünki Rusiya Gürcüstana etdiyi yaxşılığın Abxaziya və Cənubi Osetiyanı qorxutmasını neytrallaşdırmaq üçün müəyyən addımlar atmalıdır.

Cənubi Osetiyadan inzibati sərhədlərin Gürcüstanın daxilinə doğru 300 metr irəliləməsi bu mahiyyəti daşıya bilər. Ermənistan Rusiyanın maraqlarını daha çox nəzərə almağa hazırdır. Rusiyanın daxili hərbi hissələrinə yerləşdirilməmiş “İskender-M” OTRK-nın Ermənistana gətirilməsi ilə bağlı ermənilərin yaydığı məlumatın bir məqsədi Azərbaycanı qorxutmaqdırsa, digər məqsədi Gürcüstana psixoloji təsirdir.

BMT BA-da gürcü qaçqınlarının vəziyyəti müzakirə olunarkən Ermənistan ən azı neytral qala bilərdi, və ya səsvermədə iştirak etməzdi. Ermənistan səsvermədə iştirak edib, Gürcüstanın əleyhinə səs verən 16 dövlətdən biri oldu. Həmin səsvermədə 84 dövlət neytral, 30-dan çox dövlət isə ümumiyyətlə səsvermədə iştirak etməmişdi.

Ermənistan Gürcüstanın ermənilərlə məskunlaşmış Cavahetiya regionunda vəziyyəti gərginləşdirməklə bağlı müxtəlif “tryuk”lar həyata keçirir. Guya dalaşan gənclər yalnız Çaxalyanların iştirakı ilə barışa bilərlər, eləcə də Cavaxetiya erməniləri rəsmi Yerevanın qoyduğu sərhədi keçərkən 2,5 dollar dövlət rüsumu ödəməkdən narazılıq etməyə başlayıblar. Hər iki hal Cavaxetiya ermənilərini qızışdırmağa hesablanıb. Gürcüstanın Ermənistana cavab verməsi indiki şəraitdə Ermənistanı çətin vəziyyətə sala bilər. Ermənilərin gürcülərə qarşı bu hərəkətinin arxasında Qarabağ məsələsinin Cavaxetiya məsələsi ilə əvəzlənməsinə hesablanmış addım ola bilər;

- üçüncü mənbə Rusiyanın Azərbaycanla apardığı yeni tipli siyasətdir. Rusiya Qarabağ da daxil olmaqla, bütün məsələlərdə Azərbaycanın maraqlarını nəzərə alır və bunun həm də Ermənistana qarşı yönəli olduğunu nümayiş etdirir. Dağıstanda Azərbaycanın imicinin möhkəmləndirilməsi, Azərbaycan şirkətlərinin Moskvada metro tikintisinə cəlb edilməsi, Rusiya rəhbərliyinin Azərbaycan rəhbərliyi ilə təmas üçün çox xırda hadisələrdən belə istifadə etməsi bunu göstərir. Ötən ay RF xarici işlər naziri S.Lavrovun Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı verdiyi bəyanat, eləcə də RF-in Azərbaycana 1 milyard dollar məbləğində müasir silahlar satması da bu kontekstdə qəbul edilməlidir.

Ermənistan bütün tarixi boyu əlində olan ən böyük üstünlüyündən məhrum oldu: Rusiya Cənubi Qafqazda müstəqil siyasət aparmağa, ermənilərin maraqlarını nəzərə almamağa başladı. Ermənistan heç bir şərt daxilində bu üstünlüyünü geri qaytara bilməyəcək. Digər iki Cənubi Qafqaz dövləti ilə birlikdə regional siyasətə qoşulmağa isə Ermənistanın indiki nəsil siyasətçiləri və rəhbərlərinin resursu yoxdur. İndiki nəsil erməni siyasətçiləri iradəsiz, dar düşüncəli, xəstə-milli psixologiyanın təsiri altında olan siyasətçilər nəslidir.

RF Təhlükəsizlik Xidmətinin rəhbəri (FTX- rus abreviaturası FSB) N.Patruşevin Yerevana səfəri Rusiyanın Ermənistanla bağlı siyasətinin konseptual və inadkar olduğunu göstərdi:

a) N.Patruşev Ermənistanın bütün sərhədlərinin təhlükəsizliyinin təminini müzakirə etdi. Ermənistan dörd dövlətlə qonşudur. Onun İran və Türkiyə ilə sərhədini Rusiya qoruyur. Ermənistanın Gürcüstanla olan sərhədi Aİ-nin (Qərbin) nəzarəti altındadır. Ermənistan-Azərbaycan sərhədi hal-hazırda nəzarətsiz zonadır, İran və Ermənistanın birgə qara məqsədləri üçün istifadə olunur. Bu qara məqsədlər içərisində antirusiyaçılıq ən axırıncı yerdə deyil. Ermənistanın təhlükəsizliyinin təmini ilə bağlı qaldırdığı hay-küy Rusiyanı vadar edir ki, Ermənistanın bütün dörd dövlətlə olan sərhədlərini öz nəzarəti altına götürsün və onun təhlükəsizliyinə tam təminat versin, Qərb və İranın oyunlarına son qoysun. Başqa sözlə, N.Patruşev Rusiyanın belə bir mesajını çatdırdı: RF ərazisi 29,4 min km2 olan Ermənistana tam təhlükəsizlik təminatı verməyə hazırdır.

b) Ermənistan 29,4 min km2-dən kənara, başqa sözlə Qarabağa tərəf baxmamalıdır. Rusiya Dağlıq Qarabağı Ermənistanın nəzarətindən çıxara bilər.
RF-in Azərbaycanla əlaqəli siyasəti Rusiya üçün daha böyük fayda verə bilər. Yalnız Azərbaycanla əlaqələr RF-i Yaxın Şərqdəki əsas oyunçuya çevirə bilər. Rusiyanın Azərbaycana yönəli siyasəti İran və Türkiyəyə bir çox spektrdən güclü təsir edə bilər.

Rusiyanın Azərbaycana silah satması Ermənistana psixoloji-öldürücü təsir etdi. Ermənilər özləri üçün hər cür əsaslandırmalar tapmağa çalışdılar. “Əsaslandırmalar” barədə bu analitik hesabatın “Azərbaycan” bölməsində ətraflı məlumat vermişik.

Rusiyanın Azərbaycana silah satmasında Ermənistan kontekstindən çox vacib, diqqətçəkən məqam var; Rusiya rəsmiləri (FTX sədri N.Patruşev, KTMT baş katibi N.Bordyuja), eləcə də siyasətçiləri ermənilər qarşısında izah verərkən Azərbaycana silah satmalarının düşünülmüş siyasət olduğunu əsaslandırdılar, ermənilərin başının altına yastıq qoymadılar: Ermənistanın (yalnız Ermənistanın) təhlükəsizliyi üçün heç bir təhlükə yoxdur.

Rusiya “ArmRosQazprom”da olan 80%-lik payını 100%-ə çatdırmaq istəyir. Bu, Ermənistan cəmiyyətində narazılıq yaratsa da, rəsmi Yerevan çarəsizlikdən razılaşdı. “ArmRosQazprom”dakı 20%-lik payını RF-ə verməklə, Ermənistan yaxın 5 ildə qazın qiymətinin bir daha artırılmayacağına zəmanət almaq istəyir. “ArmRosQazprom”dakı 20%-lik pay indiki qazın qiymətinin aşağı salınmasına sərf olunacaqsa, yaxın illərdə qazın qiyməti barədə iki ölkə arasında yenidən narazılıq yaranacaq. Dağlıq Qarabağda da qazın qiymətinin artırılması barədə qərarın qəbul edilməsi göstərir ki, Ermənistan qazın qiymətinin artırılması ilə razılaşıb. Ermənistanın əsas məqsədi yaxın 5 ildə indiki qiymətin sabit saxlanılmasıdır. Rusiyanın Ermənistana qarşı sərt siyasəti onun ikibaşlı oyunlarının da sonunu yaxınlaşdırdı. FTX sədri N.Patruşevin Ermənistana səfər edib prezident S.Sərkisyanla görüşməsi Ermənistanın Aİ istiqamətindəki siyasətinin dinamik dövrünə düşdü. S.Sərkisyan Avropa Xalq Partiyasının qurultayında iştirak və çıxış edib, Ermənistana qayıtdıqdan dərhal sonra Polşaya səfər etməyə hazırlaşarkən N.Patruşev Yerevana gəldi və onunla görüşdü. Ermənistan mətbuatı S.Sərkisyanın Avropa Xalq Partiyasının qurultayındakı çıxışının mətnini yaymadı. Son vaxtlar S.Sərkisyanın Avropa Xalq Partiyasının qurultaylarındakı çıxışında S.Sərkisyan Ermənistana qayıtdıqdan bir-iki gün sonra prezidentin mətbuat xidməti bu barədə məlumat yayırdı; indi isə, yayılmadı.

N.Patruşevlə görüşdükdən sonra Polşaya səfər edən Ermənistan prezidentinin Polşa prezidenti ilə birgə mətbuat konfransından Ermənistan mətbuatı cəmi üç şey yaydı:

- birincisi, Polşa ilə iqtisadi əlaqələrin inkişafı Ermənistanın xeyrinədir;

- ikincisi, Azərbaycan üçün Avropa bazardır, dəyərlər məkanı deyil;

- üçüncüsü, Türkiyə XXI əsrdə sərbəst yerdəyişmə azadlığını pozur, Ermənistanı blokadaya alır. S.Sərkisyanın bu mövqeyinin məntiqsizliyi çoxdan bəllidir. Ağdamın bir kəndindən o biri kəndinə getməyi, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünü qadağan edən adamın sərbəst yerdəyişmədən danışması onun cılızlığının göstəricisidir. Polşa prezidenti B.Komorovski və S.Sərkisyanın keçirdiyi mətbuat konfransı barədə Polşa mətbuatının yaydığı məlumat hər şeyin üstünü açdı: S.Sərkisyan avrointeqrasiyadan geri çəkilməyə başlayıb. B.Komorovski S.Sərkisyanın həm Rusiya, həm də Aİ ilə əlaqələrin paralel inkişafının davam edəcəyi ilə bağlı fikrinə qətiyyətlə etiraz edib və Polşanın SSRİ dağıldıqdan sonra Rusiyanın təsir zonasından çıxıb Aİ-yə üzv olmasının uğurlu tarixini göstərib, sonradan Rusiya ilə normal əlaqələrin qurulduğunu bildirdi. Həm AXP-dəki çıxışı, həm Polşa prezidenti ilə birlikdə keçirilmiş mətbuat konfransındakı məzmunun gizlədilməsi ötəri xarakterli hesab oluna bilməz. S.Sərkisyan AXP-də iştirakına xüsusi hazırlaşmışdı. Avrointeqrasiya sahəsindəki qələbə çələngini təkbaşına daşımaq niyyətilə AXP-nin Ermənistandakı digər iki üzvünün- müxalifətçi “İrs” və hakim koalisiyanın üzvü olan “Orinats Yerkir” partiyalarının AXP-nin qurultayına dəvətinə imkan verməmişdi. Şərq tərəfdaşlığı layihəsinin Polşanın təşəbbüsü olmasını da S.Sərkisyan çox gözəl bilirdi. N.Patruşevin Ermənistanın hüdudlarını müəyyənləşdirməsi hər şeyi alt-üst etdi.

KTMT-nin əməkdaşlığın hərbi-texniki parametrləri haqqında Yerevanda konfrans keçirməsi Azərbaycana silah satışının ermənilərə ölümcül-psixoloji effektini neytrallaşdırmaq üçün nəzərdə tutulmuşdu.

Rusiyanın Ermənistandakı keçmiş səfiri V.Kovalenkonun fikrincə, Ermənistanda Rus dili ideoloji mübarizənin girovuna çevrilib. V.Kovalenkonun Moskva Dövlət Universitetinin Ermənistan filialına başçılıq etmə ehtimalı çox yüksəkdir.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) hesabatından
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:





Xəbər lenti