“Heydər Əliyev xahiş etmişdi ki, dəfn bir gün yubadılsın”

  22 Fevral 2013    Oxunub : 506
“Heydər Əliyev xahiş etmişdi ki, dəfn bir gün yubadılsın”
Bu il görkəmli şair–dramaturq İslam Səfərlinin anadan olmasının 90 illiyi tamam olur. Şairin doğulduğu Naxçıvanda bu yubiley dövlət səviyyəsində qeyd olunacaq.
Artıq Muxtar Respublika Yazıçılar Birliyində bununla bağlı tədbir keçirilib. Lakin ən önəmli hadisə hələ qabaqdadır. Naxçıvan Dövlət Musiqili Darm teatrı ədibin məşhur “Göz həkimi” əsərini səhnələşdirir. Tamaşanın rejissoru xalq artisti Rövşən Hüseynovdur. Ömrünün 40 ildən artıq bir hissəsini teatra həsr edən Rövşən müəllim tamaşa ilə bağlı maraqlı açlqlamalar verdi:
- Hələ 1956 cı ildə ilk dəfə Naxçıvan teatrında səhnələşdirilən “Göz həkimi” əsərində mənim anam, xalq artisti Sofiya Hüsenova Nərminə rolunda oynayıb. Sonra bir neçə il təkrar olaraq repertuara salınan tamaşa uzun illər teatrın repertuarından düşməyib. Mənim həmişə arzum olub ki, bu əsərə yenidən quruluş verim. İslam Səfərlinin 90 illiyi münasibətilə bu mövsümdəki repertuara salındığını biləndə xahiş etdim ki, əsərə quruluş verməyi mənə həvalə eləsinlər. Teatrın direktoru və baş rejissor məmnuniyyətlə onu mənə tapşirdi.
“Göz həkimi” tamaşasında yeniliklə barışmayan yaşlı nəsil və inadla öz müasir ideyalarını reallaşdırmağa çalışan gənclər arasında mübarizə gedir. Sivil yolla , elmin nailiyyətlərinə arxalanaraq öz gücünü göstərən gənclik daim dəstklənməlidir. Bu, tamaşanın yozumunda rejissorun ana xətt üzrə inkişaf edən ideyasıdır. Digər tərəfdən isə, bütün zamanlar və cəmiyyətlər üçün aktual olan “Atalar və oğullar” problemi tamaşada aydın görünür.
- Məqsəd heç də yaşlı nəslin qazandıqlarını və əldə etdiklərini unutmaq, arxa plana keçirmək deyil. Sadəcə, ideyamız gənclərə də şərait yaratmağı təbliğ və tövsiyə etməkdir,- deyir rejissor.- Maraqlı burasıdır ki, mən şəxsən İslam müəllimi tanıyırdım. O zaman teatrda işləyirdim və ədib tez-tez Naxçıvan teatrına gəlirdi. Gənclərlə maraqlanır, tamaşalara baxır, gənc aktyorlara məsləhətlər də verirdi. Yaxşı yadımdadır. 1974 cü ildə mənim 20 yaşım vardı. Eşitdik ki, noyabr ayının 6-sı axşam İslam Səfərli vəfat edib. Sabahı gün o zaman təntənə ilə qeyd edilən Boyük Oktyabr Sosialist inqilabının baş verdiyi gün -7 noyabr idi. Bir naxçivanlı kimi onu yaxşı tanıyan aktyorların əksəriyyəti İslam müəllimlə vidalaşmaq üçün Bakıya getmək istəyirdilər. Ancaq 7 noyabrda geniş parad olurdu və hamı da orada iştirak eləməli idi. Adamlar çarəsiz qalmışdı. Günorta rəhmətliyin yaxınlarından eşitdik ki, o zaman Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi olan, milli liderimiz Heydər Əliyev İslam Səfərlinin qohumlarına zəng edib və xahiş edib ki, mərhumun dəfnini mümkünsə bir gün yubatsınlar. Çünki bütün hökumətin və xalqın başı 7 noyabra qarışıb. Amma sənətkarı son mənzilə sevdiyi xalq izdihamla yola salmalıdır. Sözsüz , bunu ancaq Heyər Əliyev kimi hər bir sənətkarın qədrini yaxşı bilən bir insan edə bilərdi. Belə də oldu. Onu Fəxri Xiyabanda əsl xalq şairinə layiq şəkildə dəfn etdilər.
Bu il isə Ali Məclis sədrinin sərəncamı ilə Naxçıvanda İslam Səfərlinin 90 illiyi qeyd edilir. Üstəlik, həm də Naxçıvan teatrının 130 illik yubileyidir. İlk dəfə 1883-cü il mayın 11-də Eynəlibəy Sultanovun rejissorluğu ilə M.F. Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri Naxçıvanda səhnəyə qoyulub. Tarixinə görə milli teatrımızdan sonra Naxçıvan teatrı Şərqdə ikinci sənət məbədi sayılır. Ona görə də bu il teatrın repertuarına maraqlı tamaşalar var. Əli Əhmədlinin “Şah Qacar” və Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında səhnə üçün işlənən “Manqurt” əsərləri tamaşaçılara təqdim ediləcək.

Səməd Canbaxşiyev
Naxçıvan

Teqlər: