`Ərdoğan mütləq Bakıya gəlməlidir, yoxsa...` - ŞƏRH

`Ərdoğan mütləq Bakıya gəlməlidir, yoxsa...` - ŞƏRH
  14 Mart 2016    Oxunub:4459
Ötən gün Ankarada törədilən dəhşətli terror aktının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfərinə bir gün qalmış baş verməsi ciddi şübhələr doğurur. Artıq bununla ikinci dəfədir ki, Ərdoğanın Bakı səfəri öncəsi Türkiyədə terror aktı törədilir.

Siyasi ekspertlər hesab edirlər ki, terror aktı Ərdoğanın Azərbaycan səfərini əngəlləmək üçün törədilib.

Politoloq Qabil Hüseynli AzVision.az-a bildirib ki, Ankaradakı terroru törədən qüvvələr Azərbaycan-Türkiyə münasibətlərinə mane olmaq istəyir.



“Anakaradakı terror PKK-çıların qisas almaq niyyətindən qaynaqlanır. Bununla onlar Türkiyə cəmiyyətində bir növ pessimist əhval-ruhiyyə yaratmaq istəyirlər. Amma güman edirəm ki, PKK-nın arxasında böyük dünya güclərindən kimsə dayanıb və onları lazım olan informasiya ilə təmin edir. Hətta terror təşkilatına kəşfiyyat materialları ötürür”.

Q.Hüseynlinin fikrincə, Türkiyə prezidentinin Azərbaycana səfərinin qarşısını almaq cəhdləri bu dəfə öz bəhrəsini verməyəcək: “Ərdoğan necə olur-olsun Bakıya gələcək. Azərbaycanda çox ciddi qərarların qəbul olunacağı gözlənilir. Bu da yəqin ki, müəyyən dairələri narahat edir. Amma bütün bunlara baxmayaraq, Ərdoğanın dediyi kimi hadisəni törədənlər tapılacaq və PKK-nın diz çökdürülməsi istiqamətində ciddi addımlar atılacaq”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Türkiyə prezidentinin Azərbaycana gözlənilən birinci səfərindən fərqli olaraq, bu dəfə Ərdoğan Azərbaycana mütləq gələcək:

“Birinci dəfə Türkiyə prezidentinin Azərbaycana səfərinin planlaşdırıldığı zaman Ankarada terror hadisəsinin törədilməsini təsadüfi adlandırmaq olardı. Məhz bu səbəbdən Ərdoğan Azərbaycana rəsmi səfərini təxirə salmaq məcburiyyətində qaldı. Lakin oxşar hadisənin təkrarlanmasını təsadüf saymaq mümkünsüzdür. Görünür, terror təşkilatının arxasında dayanan güclər Ərdoğanın Azərbaycana rəsmi səfərinə, eləcə də burada müzakirə olunacaq mövzulara əngəl olmağa çalışır.

Məsələ burasındadır ki, prezidentlərin Bakı görüşündə hərbi-iqtisadi mövzular, hərbi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və enerji dəhlizlərinin tikintisi və tamamlama işləri müzakirə olunacaq. Məndə olan məlumatlara görə, Ərdoğan bu dəfəki səfərini təxirə salmayacaq”.

Politoloq hesab edir ki, Ərdoğan növbəti dəfə Azərbaycana səfərini təxirə salsa, o, PKK-nın gücü qarşısında geri addım atmış olacaq.
E.Şahinoğlunun fikrincə, Türkiyə prezidenti sabah Azərbaycana gələcək.

“Türkiyəni parçalamaq, zəiflətmək istəyirlər. Lakin Türkiyə böyük dövlətdir və 40 ildir PKK ilə mübarizə aparır. Ümüd edirəm ki, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq”-deyə Elxan Şahinoğlu bildirib.

Gültəkin Ələsgər
AzVision.az



Teqlər:  





Xəbər lenti