`Evə əliboş qayıtmaq istəmədim` -(Video)

`Evə əliboş qayıtmaq istəmədim` -(Video)
  26 Fevral 2016    Oxunub:2243
Bu il yanvarın 6- dan 7- nə keçən gecə Göygöl rayonunun Çaykəndi ərazisində Ərəstun Əhmədova məxsus marketdə oğurluq hadisəsi baş verib.
Naməlum şəxs və ya şəxslər pəncərəni sındıraraq içəri daxil olub və oradan ərzaq və tütün məmulatları, müxtəlif mobil operatorlara məxsus danışıq kartları və spirtli içkilər oğurlayıblar. Səhər hadisədən ilk xəbər tutan isə mağaza sahibinin oğlu olub.

Məftun Əhmədov - zərərçəkən: “Səhər gələndə gördüm ki, dükanın pəncərəsi sınıb. İçəri daxil olanda isə gördüm ki, mağazadan oğurluq olub”.

Göygöl rayon Polis Şöbəsinin Sarısu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxs müəyyənləşdirilib. Məlum olub ki, bu, əslən Kəlbəcər rayonundan olan və hazırda Çaykənddə yaşayan 26 yaşlı Qüdrət Salahovdur.

Elşən Quliyev - Göygöl RPŞ-nin Sarısu polis bölməsinin rəisi: “Göygöl rayonunun Çaykənd kəndində yaşayan Əhmədov Ərəstun Rüstəm oğluna məxsus ərzaq malları mağazasından Göygöl rayonunun Çaykəndində yaşayan Salahav Qüdrət Orduxan oğlu oğurluq edib. Buna görə də o, tərəfimizdən saxlanaraq Göygöl rayon Polis Şöbəsinin istintaq qrupuna təqdim olunub. Onun digər cinayətlərdə iştirakının olub- olmaması istintaq- əməliyyat yolu ilə araşdırılır”.

Saxlanılan Qüdrət Salahov oğurluq etdiyini boynuna alıb. İlkin ifadəsi zamanı o bildirib ki, marketə alış-veriş məqsədi ilə gəlib. Amma marketin tez bağlandığını görərək əsəbiləşib və istədiklərini oğurluq yolu ilə ələ keçirmək qərarına gəlib. Bunun isə günahı şeytandadır.

Qüdrət Salahov- saxlanılan şəxs: “Getdim evə bazarlıq etməyə. Mağaza bağlı olanda evə əliboş qayıtmaq istəmədim. Şeytan aldatdı, oğurluq etmək qərarına gəldim”.

Qüdrətin öz əməlinə bu cür haqq qazandırmaq cəhdi polisi inandırmayıb. Faktla bağlı Göygöl rayon Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb. (Region TV)



AzVision.az


Teqlər:  





Xəbər lenti