Qoroskoplar həqiqət ola bilərmi? – ELMİ CAVAB

Qoroskoplar həqiqət ola bilərmi? – ELMİ CAVAB
  26 Fevral 2016    Oxunub:29654
Qətiyyən yox. Bu, başdan-başa qlobal bir yalandır. Əsrlərlə davam etməsinin isə öz səbəbləri var.

Qoroskopların əsassız olduğunu çox asanlıqla izah etmək mümkündür. Qoroskopa görə verilən proqnozların əsasında Günəşin bir bürcdən digərinə keçməsi dayanır. Guya Günəş Şir bürcündədirsə, bu, Yerdəki hadisələrə bir cür, məsələn, Əqrəb bürcündədirsə, başqa cür təsir edəcək.

Əslində isə, əlbəttə ki, Günəş bürcdən-bürcə keçmir. Yer Günəşin ətrafında fırlandıqca, biz, sadəcə olaraq, onu müxtəlif aylarda müxtəlif bürclərin fonunda görürük. Bizə nisbətdə bürclər də, Günəş də öz yerində qalır. Və Günəş eyni zamanda bütün bürclərdədir. Sadəcə, baxır haradan müşahidə edirsən.

İkincisi, “bürc” anlayışının özü mifoloji təfəkkürlə bağlıdır və heç bir rasional məntiqə söykənmir. Məsələn, niyə “Əqrəb” bürcü? Çünki qədim yunanlar hesab edirdilər ki, Artemida (ov allahı) Oriona (mifik ovçu) qəzəbləndiyi üçün onun üstünə nəhəg əqrəb göndərib. Ona görə də Əqrəb bürcü Şəqrdən yüksələndə, Orion bürcü Qərbdə batır. Miflər müxtəlifdir, amma məntiq yəqin ki, aydın oldu: ulduzlar qrupunu hansısa bürc halında təsəvvür etmək mifoloji düşüncə dövründən qalma ənənədir. Bir qrup ulduzu hansısa ad altında bir bürcdə birləşdirməyin elmi əsası yoxdur.

Üçüncüsü, eyni bürcdəki ulduzlar sadəcə, Yerdən baxanda o şəkildə görünürlər. Reallıqda onların arasında milyonlarla işıq ili fərq ola bilər. Və tutaq ki, Oxatan bürcünə biz qonşu qalaktikadan baxsaq, tamam ayrı bir şəkil görünəcək. Demək istədiyimiz odur ki, bürc – çox efemer bir anlayışdır.

Dördüncüsü, lap tutaq ki, Günəş Əqrəb bürcündədir. Nə olsun? Qoroskopa inananlar iddia edirlər ki, bu zaman həmin bürc istiqamətindən gələn hansısa enerji bizim həyatımıza təsir edə bilər. Amma unutmayın: 12 bürcün hamısı biz gördük-görmədik, daim öz yerlərindədir və onlardan hansısa mifik “enerji” gəlirsə, daim bizə təsir etməlidir, hansısa konkret ayda yox.

Beşincisi, bürclərdən gələn təsir necə bir təsirdir ki, dünən qüvvədə idi, bu gün yox? Kosmik miqyaslarda Yer bir gündə o qədər məsafə qət etmir axı ki, biz hansısa ulduzun təsirindən (təbii, əgər olsaydı) çıxa bilək.

İnsanların taleyi baxımından yanaşanda isə qoroskopların yalan olmasına dair istədiyiniz qədər dəlil gətirmək olar. Məsələn, eyni gündə aşiq olan, yaxud pis xəbər alan insanların doğrudanmı, hamısı eyni bürcdəndirlər? Əlbəttə, yox...

Elə isə, sual çıxır: Bu qədər arqumentlərə baxmayaraq, niyə bütün dünyada milyonlarla qoroskop dərc olunur və yüz milyonlarla insan onları alır, oxuyur, inanır?..

Çünki kimin üçünsə bu, biznesdir. Təbii ki, onlar bizneslərini gəlirli etməyə çalışırlar. Kimlər üçün isə qoroskoplar yalan da olsa, hər halda, ümid yeridir. Fikir versəniz, qoroskoplarda heç vaxt heç bir proqnoz birmənalı olmur, həmişə çıxış yolları saxlanılır, şərt cümlələrindən istifadə edilir.

Bir məqam da var: qoroskoplarda elə məsləhətlər verilir ki, heç bir halda ziyanı yoxdur, hətta xeyri var: məsələn, “ehtiyatlı olun”, “özünüzü xəstələnməkdən qoruyun”, “dostlarınızla görüşün”, “bədxərclik etməyin”, “mübahisəyə girişməkdən çəkinin”... Ağıllı adam bunları qoroskopsuz da edəcəkdi, ağılsıza isə qoroskopdan oxumaq lazımdırsa, eybi yox, qoy oxusun, amma etsin.

Ən nəhayət, sirr deyil ki, insanlar çox vaxt əsassız inamı həqiqətdən üstün tuturlar. Niyə? Bu da ayrı bir sualdır, onun da cavabı olacaq.

V.M.
AzVision.az


Teqlər:  





Xəbər lenti