Misirdə nələr baş verir? - TƏHLİL

Misirdə nələr baş verir? - TƏHLİL
  06 İyul 2013    Oxunub:1953
Vəli Əkbər

Misirin çalxalanmasının üç aspekti

Min illərdir susan piramidalar görəsən nədən birdən-birə sükutu pozdular?
Yoxsa, Allah Fironu yenidən cəzalandırır?
İndiki Misir xalqı doğurdanmı o qədim mədəniyyətin varisidir?
Suallar ritorikdir...


Hüsnü Mübarək devriləndə bilirdim ki, bu iş burda bitmədi. Bu xəmir çox su aparacaqdı, Nil çayı da dünyanın ən sulu çaylarındandır!!!

Baxmayaraq ki, antropoloji quruluşuna görə, Mübarək əsl misirliyə bənzəyir, o hara, Mursi hara? Misir Hüsni Mübarək zamanı bütün Ərəb dövlətlərinin hamisi, o isə Ərəb diktatorlarının ağsaqqalı kimiydi. Mübarək yaxşı gəlmişdi, amma Firon kimi allahlıq iddiasına düşməsi onun sonunu çatdırdı. Axı dünyanın Qərb qütbü “allahlarla” doludur. Onların yaratdıqları isə ancaq büt ola bilər. Bütlərin Allah olduğunu heç gördünüzmü?

Yəni, Muhammed Mursinin hakimiyyət yerişindəki xəfiflik onun hakimiyyət müddətinin bəlirtisiydi. Millət vəkili Fazil Qəzənfəroğunun Elçibəy və Mursi bənzətməsi burda yerinə düşəndir.

Misir xalqı qəhramanlıq simvolu və dönməzlik timsalıdır. Bunu tarix belə deyir. Bu qəhrəman və dönməzlərin içində indi təkcə demokratlar deyil, fironçular da var. Yəni istənilən keyfiyyət ikili xarakter daşıya bilir. Hələ onu demirəm ki, bu qəhrəman və dönməzlər min illərin manqurlaşdırma siyasətindən sonra Qərb “allahlarının” əlində mum kimi fiqurlardan ibarətdir.



Bütün iqtisadi, hərbi, coğrafi iddialardan sonra mənəvi iddialar gəlir. Millətlər, dövlətlər, dünyanı idarə edən mərkəzlər (bunlara “beyn mərkəzləri” deyə bilmirəm, çünki şüur mənimçün işıqla, nurla bağlıdı) istədikləri yeri taladıqdan, millətini diz çökdürüb manqurtlaşdırdıqdan sonra onun mənəvi sərvətlərinə iddia edirlər. Dünyada bəzi kodlar var ki, onun açarları Yer kürəsinin seçilmiş yerlərindədi. Yaşamın başladığı, enerjilərin qaynaq tapdığı nöqtələr var ki, yenidən ora dönüş olacaq. Misir ehramları, piramidaları da o cümlədən. İş ondadı ki, rəsmi London, Vaşinqton, Moskva, Vatikan yaxşı bilir ki, oturduqları məkan hazırda dünyanı idarə etsə də Allaha oralardan səslənmək mümkün deyil. Eniş nöqtələrinin insanları isə o qədər savadsızlaşdırılmalıdı ki, öz təyinatlarından bixəbərləşsinlər. Onlarla istənilən eksperimentləri həyata keçirmək mümkün olsun.

Heç bir quşqusuz, Qərb dünənki və bugünkü hadisələrin içindədir. Ağılasığan hadisə deyildi ki, onlar Şərqdə demokratiyanı islam faktorunun üstündə kökləsinlər. Çünki cinlər bismillahdan qorxurlar axı. Deməli, Mursinin hakimiyyət törəni teatrallaşdırılmış bir siyasi oyun idi. Qərb siyasətini hər məkanın incə yerində qurmağı bacarır, bu da şübhəsiz. Mübarəki Şərqin öz dilində ağladıb, sonradan Qərbin öz dilində olanlara gülmək lazım idi. Güldülər...

Dünyanın üzdə gördüyünüz liderləri, onlar artistlərdir. Təyinatları üzrə oxuyub, oynayıb, çalırlar. İdarə eliyənlər isə dünya ilə məzələnirlər və sonucu fəlakətdi.

Qərb indi var gücü ilə Misiri ərəb demokratiyasının beşiyi kimi təqdim etmək fikrindədir. Bu da tiryək effektidir. Ümumiyyətlə, bu beşik məsələsindən qurtarmaq lazımdı. Bunu bizə zorla sırıyanlar var. Mədəniyyətin, ədəbiyyatın, demokratiyanın beşiyi...

Bəsdir də, bu beşikdən durmaq lazımdır, ya yox? Axı, dünyanı fırladanlara elə bizim yatmağımız lazımdır.



Bir az ciddi olsaq...
Yuxardakı suallara aydınlıq gətirə bilərik.

Birincisi, Qərb dünyanın idarə eidlməsində onun ən həssas yerlərilə işləyir. Bura məkan, mədəni faktor, insan potensialı daxildi. Güclünün belini sındırmaq digərlərinə də dərsdir. Yəni, dünyanın gözə girən yerini işğal etmək, mədəniyyətini ələ keçirib faydalanmaq, insanın potensialını istənilən şəkildə idarə etmək, bununla da dünyaya ağalıq təmin olunmuş olur. (Mənim fikrimcə min illər bundan əvvəl Azərbaycan da eyzən belə bir məkan olub və şifrələr hələ tam açılmayıb. Bu bir başqa mövzudur.)

İkincisi, həmin dövlətlərdə elə etməli ki, burdakı millətlər öz liderlərini firon gözündə görsünlər. Bunuçün bu liderlərin, bayaq dediyim daxili potensialı yönətməklə, fironluğa qədər qalxmasına şərait yaradılır. Sonra, onları Qərbin “allahları” öz millətinin əliylə cəzalandırır. Al, bu da sənin liderin!

Ücüncü sualımı isə bir daha xatırlatmaq istəyirəm: - İndiki Misir xalqı doğurdanmı o qədim mədəniyyətin varisidir?

Bu sualı köklü mədəniyyətə malik olan, əzilən bütün millətlərə şamil etmək olar. Cavab sadədir: Cismən olsa da, ruhən yox! Cavabın qətiyyətli olmasına səbəb savadsızlıqdır. Savadsız xalqları isə idarə etmək çox, özü də çox asandır!

Məkanımıza göz dikiblərsə, deməli, bura müqəddəsdir, bizi idarə edirlərsə, deməli, savadsızıq. Ən net olan isə odur ki, bu qədər savadsızcasına Müqəddəs yerlərimizin qədrini bilmədiyimizdən Allah da bizi cəzalandırır.


Teqlər:  





Xəbər lenti