Niyə qızlarımız türklərə ərə gedir - ARAŞDIRMA

  06 İyul 2013    Oxunub : 6704
Niyə qızlarımız türklərə ərə gedir - ARAŞDIRMA
“Naxçıvanda elə kənd var ki, oradan 30 qız Türkiyəyə gəlin köçüb”
Azərbaycanda əcnəbilərlə ailə quran qadınların sayında artım müşahidə olunur. Hətta belə deyək ki, bu pik nötqəyə çatıb. Bunun mənfi və müsbət tərəfləri ilə bağlı fikirlər kimi, səbəbləri də müxtəlifdir.

Rəsmi statistikaya görə, 2011-ci ildə 2696 azərbaycanlı qız əcnəbiyə ərə gedib. Onlardan təkcə 1294-ü Türkiyəyə gəlin köçüb. 2009-cu ildə bu rəqəm 1720 olub. Deməli son 2 ildə əcnəbi oğlanla ailə quran qızlarımızın sayı 976 nəfər artıb.

Qızlarımızın şan-şöhrət, seriallardakı dəbdəbəli həyatı yaşamaq ümidi ilə Türkiyə vətəndaşı ilə ailə qurması isə sonda çox vaxt bədbəxtçiliklə bitir. Məsələni araşdırmağıma da səbəb bir neçə gün öncə Türkiyə mətbuatında oxuduğum informasiya olub. Belə ki, Türkiyənin Aksaray şəhərində yaşayan və türk vətəndaşı ilə evli olan 38 yaşlı azərbaycanlı qadın Zəminə Novruzova qaynı və onun həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb. Zəminə Novruzovanın döyülməsinə səbəb isə qaynının ondan traktordakı samanı aşağı endirməsini istəməsi olub. Z.Novruzova isə inəklərə qulluq etdiyini bildirərək, qaynının sözünü yerə salıb. Buna görə də, azərbaycanlı qadın qaynı və arvadı tərəfindən döyülüb.



Bu məsələ, qarşımızda bir çox sualları qoyur? Əminliklə deyə bilərik ki, hazırda Bakıda yaşayan bir qız rayona ərə getmək, kənd həyatını yaşamaq istəmir. Ancaq Türkiyəyə canla-başla getməyə razı olurlar, sonrakı günlərini düşünmədən. Bəs qızlarımızın türk vətəndaşlarla ailə qurmasına səbəb nədir? Buna necə razılıq verirlər? AzVision.az-ın əməkdaşı bu suallara cavab tapmağa çalışıb.

“Taleylə oynamaq olmaz”



Tanınmış şair Nəriman Həsənzadə ziyalı kimi məsələyə münasibət bildirib. Onun sözlərinə görə, kimsə ailə qurub, xoşbəxt ola bilər: “Amma ümumiyyətlə götürdükdə isə, Aşıq Ələsgərin yaxşı bir seiri var:

Qərib-qürbət eldə qız sevən oğlan,
Yaxın qonşusundan soruş halını

Yəni, ərə gedəndə, arvad alanda da öyrənmək lazımdır ki, kimə ərə gedir, yoxsa ki, gözü yumuu ailə qurmaq olmaz axı?! İndi isə elə zəmanə gəlib ki, internetlə danışıb ərə gedirlər. Birdə görürsən ki, okeanın o tayına ərə gedirlər. Mən buna yaxşı baxmıram. Qiz kimə getdiyini yaxşı düşünməlidir, bu taledir, taleylə oynamaq olmaz”.

“Görüşürlər, uşaqları olur, ondan sonra nikah bağlayırlar”

N.Həsənzadə Azərbaycan xalqının öz adət-ənənələrinin olduğunu deyib. “Həm də bizim xalqın adət-ənənəsi çox qədimdir, gözəldir. Bizdə ailə çox müqəddəsdir. Amma xaricdə qəribədir. Görüşürlər, uşaqları olur, ondan sonra nikah kəsilir. Çox qəribə şeylər var onlarda. Biz başqa xalqıq. Biz də isə başqa cürdür və bizim adət-ənənəmiz daha yaxşıdır, daha gözəldir.

Sovet dövründə bizim qızlar ruslara ərə getmədilər, nə oldu indi hamısı var-dövlət üçün ingilisə ərə gedir? Çünki biznesmendir. Mən ümumiləşdirmirəm bunları, konkret yaxşı da ola bilər, amma ümumiyyətlə götürdükdə, qız-qadın anadır. Ana dili onun adı ilə gedir. Gündə eşidirəm ki, biz qızımız xaricə ərə gedir, sonra da qayıdıb gəlir. Televiziyaya çıxıb ağlayırlar ki, belədir. Əlbəttə mən buna, qızlarımızın başqa millətdən olan biri ilə ailə qurmasına pis baxıram.

“Naxçıvanda elə kənd var ki, oradan 30 qız Türkiyəyə gəlin köçüb”



Məsələyə sosioloq Əhməd Qəşəmoğlu da münasibət bildirib. Onun sözlərinə görə, türk kişilərində Azərbaycan qadınlarana iki fərqli münasibət var.

“Çünki Azərbaycanda evlənmək istəyən türkiyəlilərin özləri iki fərqli qrupa bölünür. Onların hamısını eyniləşdirmək olmaz. Bir qismi Türkiyənin müəyyən bölgələrində yaşayanlardır ki, onların Azərbaycan qadını haqqında çox gözəl düşüncələri var. Mən onların özləri ilə də söhbət etmişəm, onlar bizim qadınları evdar qadın kimi görürlər. Yəni ki, bizim qadınlar evdə daha yaxşı ev xanımı ola bilirlər. Onlar fərqi nədə görürlər? Onlar adətən kənddə yaşayan qadınlardır və onların xanımları primitiv, kəndli əhval ruhiyyəsindədir. Onlar elə düşünürlər ki, azərbaycanlı qızlar müəyyən qədər müasirdirlər, ailəyə sədaqətlidirlər. Elə buna görə də, belə türklər can atırlar ki, bizim qızlara evlənsinlər. Belələri daha çox bizim rayonlardan olan qızlarla ailə qururlar. Mən sizə deyim ki, Naxçıvanda böyük bir kənddən və hər kənddən Türkiyədə 30-a yaxın gəlin köçmüş qızlar var. Onlar mən dediyim kateqoriyadır. Türkiyədə uzun illədir ki, yaşayırlar, ailələri, uşaqları var və xeyirdə, şərdə gəlib gedirlər”.

Sosioloq ikinci qrup türkləri də izah etdi. Onun sözlərinə görə, bu qrupa aid olanlar daha çox Azərbaycanda oxuyan tələbələr, iş adamları, xırda ticarətlə məşğul olan şəxslərdir.

“Onlar biraz başqa xarakterdə olan insanlardır. Bu insanlar Azərbaycan qızlarına biraz yuxarıdan aşağı baxırlar və bizim qızlardan istifadə etmək istəyirlər. Onlar qızları evlənmək adı ilə aparılar ora, sonra isə onu satırlar ərəblərə, başqa yollara təhrik edirlər.

“Bəs qızlar niyə azərbaycanlıya yox, türkə ərə getməyə üstünlük verir?”

Bu suala isə Əhməd Qəşəmoğlu belə cavab verib: “Nə cür olur ki, bizim qızlar onlara ərə gedirlər? Təəssüf ki, bizim ölkədə biraz iqtisadi çətinlik var. Bu cür çətinliklər olanda da, bu daha çox əhalinin kasıb təbəqəsinə təsir edir. Bu təbəqədən olan oğlanlarımızın bir hissəsi indi Rusiyada, Türkiyədə və digər ölkələrə çıxıb gedirlər. Qızlarımız da bu zaman bizə yaxın olan türklərlə ailə qurmaq istəyirlər. Həmin qızlar nağıllar aləminə inanaraq, başqa ölkədə yaşamaq arzusu ilə evlənirlər. Bu da bizim qızların dünyagörüşünün lazımı şəkildə inkişaf etməməsinin nəticəsidir. Yəni qızlarımız arasında maarifləndirmə işinin aşağı olması ilə bağlıdır.

“Türkiyə deyiləndə İstanbulda yaşamaq, Boğaziçində gəzmək yada düşür”

Məsələyə psixoloq baxışı da əlavə etmək istədik. Psixoloq Murad İsayev məsələnin kökündə türk seriallarının və mətbuatın yaydığı informasiyaların dayandığını deyir:



“Təbii ki, türklər bizim qardaşımızdır, dostumuzdur. Amma sanki biz onlara özümüzü alçaldıcı təsir bağışlayırıq. Biz Türkiyəyə daha geniş imkanları olan, dünyaya daha çox açılan region kimi baxırıq. Təbii ki, buna da mətbuatın, serialların, musiqi kliplərinin güclü şəkildə təsiri var. Bu nə qədər ki, belə olacaq, həmişə də belə problemlər olacaq. Çünki Azərbaycanda Türkiyə deyiləndə İstanbul, yaxud oradakı insanlar, yaşamaq, Boğaziçində gəzmək yada düşür. Ama ora gedəndə də başa düşürlər ki, elə deyil. Burada tamamilə fərqli bir atmosferdir. Ona görə də geri qayıdırlar, ya da konfliktlər yaşayırlar, dolana bilmirlər”-deyə, psixoloq qeyd edib.

“Atası azərbaycanlı olan bir qadın türk kişisi ilə normal münasibət qura bilməz”

M.İsayevin sözlərinə görə, Azərbaycan qadınının psixologiyası ilə türk qadınınkı arasında çox böyük fərq var. “Burada birinci kişi psixologiyasından söhbət gedir. Azərbaycan qadını heç vaxt türk kişinin psixologiyasında olan bir insanla normal münasibət qura bilməz. Çünki, biz daha çox Qafqaz mədəniyyətinə aidik. Bizdə kişi forması daha başqadır. Amma onlarda bu biraz sakit, özləri demiş “ılımlı” olduqlarına görə, müəyyən müddət sonra görürsən ki, problemlər çıxır.Belə deyək də, atası azərbaycanlı olan bir qadnı Türkiyə psixologiyasında olan bir kişi ilə ailə qurması normalda alına bilən bir məsələ deyil. Mətbuatın verdiyi informaisyalar var ki, onlardan təsirlənib qızlar ərə gedirlər və gedəndə görürlər ki, onların fantaziyalarındakı kimi deyil”.

Sevinc İLTİFATQIZI

Teqlər: