Ölkədə qaz və su problemi var? - Açıqlama

Ölkədə qaz və su problemi var? - Açıqlama
  26 Yanvar 2016    Oxunub:2971
“Hazırda ölkə ərazisində suyun verilişində heç bir problem qeydə alınmayıb”.
Bunu AzVision.az-a açıqlamasında “Azərsu” ASC-nın mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, su borularının donması ilə bağlı qurumun “qaynar xətt”inə müraciət daxil olmayıb: “Bu gün havanın temperaturu mənfi 1-2 dərəcəyə kimi düşüb. Çox güman ki, axşam saatlarında şaxta artacaq. “Azərsu”nun çəkdiyi boruların donma ehtimalı yoxdur. Çünki borular yerin altından çəkilir. Haradakı həyət evləri var, orada xətləri sakinlər özləri çəkib. Ona görə də həmin boruların donması mümkündür. Buna görə də vətəndaşlara müəyyən tədbirlərin görmələrini tövsiyyə edirik. Boruları izoliasiya etsinlər, suyu az miqdarda açıq saxlasınlar”.

A.Cəbrayıllı onu da qeyd edib ki, sayğacı sıradan çıxan həyət evlərində, kommersiya obyektlərində sayğacın dəyəri vətəndaş tərəfindən ödənlməlidir: “Donmanın qarşısını almaq üçün onlara qabaqcadan müəyyən tədbirlər görmələri üçün tövsiyyələr veririk”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev də şaxtalı havada mavi yanacağın verilişində heç bir məhdudiyyətin olmadığını deyib.

“Azəriqaz” rəsmisi şaxtalı hava ilə əlaqədar əhaliyə də müraciət edib: “Şaxtalı hava şəraitində əhalinin mavi yanacağa tələbatı artdığından təbii qazdan istifadə etdikdə diqqətli olmalarını və təhlükəsizlik qaydalarına əməl etmələrini xahiş edirik”.

Qurum rəsmisi ötən gün Bakının Nərimanov və Binəqədi rayonunda yaranan qaz probleminin yaxın saatlarda həll olunacağını bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti