Şuşa türməsinin erməni `vampirləri` – DOSYE (DAVAMI)

Şuşa türməsinin erməni `vampirləri` – DOSYE (DAVAMI)
  22 Yanvar 2016    Oxunub:59900
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

(Ardı. Əvvəlini BURADAN oxuya bilərsiniz)

... Mən Qriqoryanla çox maraqlanmış və tutarlı məlumatlar toplamışdım. O vaxt belə bir məlumat almışdım ki, hələ gənc yaşlarında, leytenant rütbəsi daşıyanda avtomobil qəzasından sonra ayağının biri dizdən aşağı kəsilmişdi. Protez ayaqla Qriqoryan Azərbaycanda leytenant rütbəsindən polkovnikəcən yüksəlmişdi.

Bunu çoxları bilir, lakin nədənsə qorxularından susurdular. 1988-ci ilədək o, Şuşa türməsində rəis işlədi. Sonra işini Xankəndinə dəyişdi. Öz millətindən olan vampir vertuxayların əliylə bizə divan tutduran erməni polkovniki eşitdiyimə görə, müharibə vaxtı Serj Sərkisyanla birlikdə erməni hərbi dəstələrinin təliminə rəhbərlik edirmiş.

Onun Şuşa türməsindəki dustaqlara zülmü çox olub. Çox anaları ağlar qoyub Qriqoryan. Bizə qarşı düşmən münasibəti 1985-ci ilin sonlarından açıq-aşkar hiss olunmağa başlandı. Ümumiyyətlə, deyim ki, erməni rəis dustaqlara hərtərəfli divan tuturdu. Vəliyevin xozeyinliyi dövründə rejim çox sərt olsa da, dustaqların əyin-başına, yemək-içməyinə rəis şəxsən nəzarət edirdi. Kimin nə ixtiyarı var idi, dustağın payına əl vursun. Ancaq Qriqoryan bir dəstə qohum-əqrabasını da yığmışdı başına, türməni soyub-talayırdılar. Şef-povar yaxın qohumu idi. Nə bilirdi, edirdi. Dustaq da yarıac-yarıtox dolanırdı.

Rəhmətlik Söhbət onda hələ lap cavan idi. Ancaq dustaqlar arasında böyük nüfuzu vardı. Bu məsələyə görə rəislə çox çək-çevir etdi. Axırda sözünü eşitmədiklərini görüb, aclığa başladı. Şərti rəislə mütləq görüşmək idi. Onu rəisin qəbuluna apardılar. Ancaq həmin gün kameraya qayıtmadı. Bizə xəbər gəldi ki, Qriqoryanın göstərişi ilə onu şüurunu itirənəcən döydükdən sonra karsserə atmışdılar..

FƏRMAN ŞƏKİNSKİNİN XATİRƏLƏRİ

- Fərman kişi, zahirən sakit, səbirli, təmkinli adama oxşayırsan. Səni təbdən çıxarmaq üçün nəsə qeyri-adi bir hərəkət eləmək lazımdı. Nəyə görə tutuldun?


- Elə onu de də, canoo yiyim, - çöhrəsindəki təbəssümü ciddiləşdi. - Hövsələsizliyin, səbirsizliyin ucbatından. Biz Şors küçəsində yaşayırdıq. Mən istiqanlı adam olmuşam. Hamıyla ünsiyyət qurmağa, dost olmağa çalışırdım. Bu oğlanı da özümlə Şəkiyə gəzməyə aparmışdım. Evdə yaxşı stol açdım, yeyib-içdik. Zalım balası içəndən sonra qızışdı. Yapışdı yaxamdan ki, mənə bu dəqiqə bir şəkili qızı gətirməlisən. Bax soruşursan, bunları məcburən danışıram ha. Dedim, ay oğul, mən sənin dədən yaşdayam, ayıbdı, belə sözləri ağzına alma. Dedim, Şəkinin də pozğun adamı var, ayrı yerin də. Sən niyə məhz şəkili qızı istəyirsən? Zarafata salıb? vəziyyətdən birtəhər çıxdım. Bir az da içdi, birdən beyninin qurdu nə təhər oynadısa, dedi, sənə 15 dəqiqə vaxt verirəm, qadın gəlməsə, vəziyyətin pis olacaq.

- Kimi nəzərdə tuturdu?

- Nə bilim, dediyindən belə çıxırdı ki, onun üçün fərqi yoxdur. Lap elə evində çörək yediyi adamın əyalı-zadı olsun. Başımı salmışdım aşağı, çalışırdım ki, hərəkətlərimə nəzarət eləyim, bir xəta çıxmasın. Stolun üstündə də bir qatlama bıçaq vardı. Nə təhər qızışdısa, onu götürüb dəstəsiylə təpəmin ortasından bir dənə tutuzdurdu. Dedi ki, çox fikirləşirsən, 5 dəqiqən qalıb. Əynimə də ağ köynək geymişəm, başımdan axan qan üzümdən süzülüb köynəyi qıpqırmızı eləmişdi. Bir tərəfdən də qorxuram ki, oğlum-qızım qəfil qayıdar, məni bu vəziyyətdə görər. Ürəyimdə deyirdim, ay Allah, mənə səbir ver, bu çətinlikdən birtəhər canımı qurtarım. Dinməyib keçdim mətbəxə ki, başımın qanını yuyum. Allahın işidi də. İnanın ki, mətbəxə keçəndə onu vurmaq fikrim qətiyyən yox idi. Mənim 51 yaşım vardı onda, uşaq deyildim ki... Amma içəridən məni nə təhər partlatmışdısa, üzümü yuyan kimi gözüm mətbəxdə divara vurulmuş çəngəl-bıçaq dəstinə sataşdı. Bir dənə də təzəlikcə balta almışdım, baş-ayaq, xaş doğramaq üçün, ülgüc kimi itilətdirib, mismardan asmışdım. Hayındı gördüm həmin o balta saat kəfkiri kimi gözümün qabağında o yan-bu yana yırğalanıb, mənə "gəl-gəl" deyir. Elə bil deyirdi ki, bu boyda rəzalət olmaz ki, sən götürürsən...

- Belə situasiyaya dözmək doğrudan çətindi. Amma yenə hövsələ eləsəydiniz, daha yaxşı olardı.

- Nə bilim vallah, amma şeytan məni yoldan çıxartdı da. Baltanı götürüb qayıtdım otağa. Deməli, mən içəri girəndə oğlan arxası mətbəx qapısına tərəf oturduğu kresloya yayxanıb ayaqlarını qoymuşdu bayaqdan çörək yediyimiz mizin üstünə. Gözüm onun təpəsindən başqa heç nə görmürdü. Elə çatan kimi baltanın küpəsini tutuzdurdum kəlləsinin tən ortasından, yatdı yerə. Sonra da getdim, məsələni necə var, elə də danışdım, günahımı etiraf eləyib, girdim qazamata.

- Fərman kişi, bu, sənin qazamata ilk dəfə düşməyin idi, yoxsa…

- Yox. Qabaqlar da bir-iki dəfə xırda alver-zad üstündə işim olmuşdu. Bir dəfə də hökumətin pulunu mənimsədiyim üçün 12 il iş kəsmişdilər. Onda ha illah elədim ki, hayındı bu ermənilərin qurğusudur, xeyri olmadı. Dörd min manata görə düz 12 il cəza çəkəsi oldum. Onu demək istəyirəm ki, mən heç kəsin bir çöpünü də oğurlamamışam. Mənim bütün işlərim elə bu sonuncuya bənzər təsadüflər nəticəsində olub.

...Bilirsən, bir var adama eyhamla nələrisə başa salmağa çalışalar, bir də var, açıq-aşkar deyələr. İşarə vuranda, eyhamla anladanda adam özü-nü qanmazlığa qoyub dinməyə bilir. Amma aşkar deyəndə ya gərək binamusluğu boynuna götürüb susasan, sonra da hirsindən ürəyin partlaya, ya da ki, gərək mənim kimi baltanı götürəsən.

- Fərman kişi, həmin o 51 yaşına kimi sən azadlıqda yaşamış olsaydın, elə hərəkətinə elə bu cür cavab verərdin?

- Əlbəttə, verməmək də olardı. Dözmək lazım idi...

- Onun neçə yaşı vardı?

- Məndən çox cavan idi, 35 yaşı ancaq olardı.

- O da oturub çıxmışdı?

- Hə. Məhəlldə də, ailədə də hamı onun əlindən bezar idi. Atasını, anasını zinhara gətirmişdi. Onu görəndə şər-xatadan uzaq olmaq üçün camaat o biri səkiyə keçirdi. Məhəllədə bir dənə qız-gəlin bu zibilin əlindən evinə rahat girib-çıxa bilmirdi. O, onsuz da qanını kiminsə boynuna tökməliydi, qismətinə mən çıxdım.

Həyatdır da... İndi hərdən yaxınlarım mənə deyir ki, gərək heç o gədəyə qoşulmayaydın. Amma heç soruşan yoxdur ki, bu adamın çaqqallığını bilə-bilə mən niyə oturmuşdum onunla, niyə Şəkiyə aparmışdım? Mən bu vəhşini başa salmaq istəyirdim ki, üstümüzü unlu görüb, adımızı dəyirmançı çağırmasın. Bakıda bir tikə evə pənah gətirdiyimizə baxmasın, gəlib görsün öz rayonumuzda necə cah-cəlalımız var, oturub-durduğumuz yoldaşlar necə adamlardır, yeyib-içdiyimiz yerlər hardadır... Gətirmişdim ki, guya bütün bunları görüb bir az utansın, öz hərəkətlərindən xəcalət çəksin. Nə isə, yaman səhv eləmişdim. Özü də elə ayağını bizim qapıya basan kimi başa düşdüm ki, səhvə yol vermişəm.

...Hayındı sən fikir ver, məhkəmədə mənə 15 il iş kəsdilər, heç atası bir dəfə də olsun iclaslara gəlmədi. Təxminən bir ay vardı ki, otururdum. Nadzor məni kamerdən çıxartdı ki, ailən görüşə gəlib. Çıxdım, gördüm arvad-uşağım, nəvələrimdi. Elə uşaqlarla öpüşəndə arvad pıçıldadı ki, ay Fərman, İsa müəllim də burdadı. Çönüb gördüm oğlanın atası boynunu büküb durub. Yaxınlaşıb əl uzatdım, boynumu qucaqlayıb öpdü. Bir də gördüm növbətçi əlini dizinə vurub şaxsey gedir ki, bu kişinin əgər ölənin atası olduğunu bilsəydim, bir milyon versələr də görüşə buraxmazdım. Hamı məəttəl qalmışdı ki, bu necə qanlılıqdı, mən bunun oğlunu öldürmüşəm, amma görüşəndə öpüşürük...

Mən Şuşa türməsində oturdum. İnanın ki, girəndən iki ay sonra vəsiyyətimi elədim. Çünki sağ çıxmaq ümidim yox idi... Oranı `cəhənnəmin isti bucağı` adlandırsam, səhv eləmərəm. Həmin dövrdə, yəni Qriqoryanın rəisliyi zamanı Şuşa kiçmanı “Belıy”, “Krasnıy” lebedlərdən daha dəhşətli türmə sayılırdı. Mən orada oturan müddətdə onlarla `zek` dünyasını dəyişdi, yüzlərlə məhbus qoltuq ağacları ilə əlil kimi azadlığa çıxdı, bir o qədərinin də psixikası pozuldu. Orda bircə il tab gətirib oturanlarin doxsan faizi tubiklə (vərəm) dostlaşırdı.

Təzə rəis - Qriqoryan gələndə başladı öz qayda-qanununu yeritməyə. Ara qarışdı, məzhəb itdi. Nadzorların çoxu erməniydi. Qriqoryan da onlara volya vermişdi deyə, bizlərdən yaman hayıf alırdılar.

"Neftçi" ilə "Ararat" oynayanda kameralarda asma radio var axı, hamımız qulaq asırdıq. Vay o gündən ki, bizimkilər qol vuranda səsin bir balaca ucadan çıxaydı, o dəqiqə trevoqa verib, hamını tökürdülər çölə, sevinməyimiz burnumuzdan gəlirdi.

Hərdən görürdün, Moskvadan-zaddan komissiya gəlir, kameraları gəzir. Qriqoryan özü də mütləq komissiya üzvləriylə bir yerdə içəri girib deyirdi, kimin nə sözü var, çəkinməsin, yoldaşlara bildirsin. Əşşi, kimin ağzı nəydi, şikayət eləyə?! Hamı bir ağızdan başlayırdı ki, Şuşa türməsindən yoxdu, “əsl cənnətdir”. Bir dəfə mən dedim ki, ay yoldaş komissiya, buradan o qədər xoşum gəlib ki, bəlkə heç srokum bitəndən sonra da getmədim. Qriqoryan da komissiya üzvlərinə qoşulub güldülər.

Şuşa türməsində elə qəbul olunduğumuz andan hiss etdik ki, bu həna o hənadan deyil. Dustaqla vəhşicəsinə davranırdılar. Nadzorlar sanki canlı insanla deyil, əşyayla rəftar edirdilər. İlk gündən yatab gələn dustaqlara bu rejimi bütün gücüylə dərk etdirmək üçün müxtəlif sındırma üsullardan istifadə olunurdu.

Voronokdan düşən kimi bizi qəbul otağına apardılar. Bizimlə yatab olunanlardan birinin başında o vaxtlar çox dəbdə olan aerodrom kepkası vardı. Nadzorlardan biri, üz- gözündən ermənilik yağan Xoren kepkanı onun başından götürüb qapının yanına tulladı. Bu, kişinin papağını yerə soxmaq kimi bir iş idi. O, dözməyərək: - Çto za bespredel, qapon? - deyib, vertuxaya təpindi.

Deyəsən, Xoren çoxdan sözünü deməyi bacaran dustaqla rastlaşmamışdı. Onun sifətində elə böyük təəccüb hissi yarandı ki, elə bil başına qapaz vurulmuşdu. Xoren irəli cumub onun qollarından yapışdı, digər nadzorlar da ona köməyə tələsdilər və dustağı yaxındakı çarhovuza tərəf dartışdırmağa başladılar. Oğlanı itələyib çarhovuza saldılar. Dustaq üzməyi bacarmırdı, deyəsən. Suyun dibinə batıb qalmışdı. Nadzorlar vəziyyətin gərginliyini anlayıb nəfəsi kəsilməkdə olan məhbusu qarmaq salıb, kənara çıxardılar. Bu vaxt türmənin rəisi Qriqoryan gəlib çıxdı. Şagen zekin əmrlərə tabe olmaq istəmədiyi haqqda rəisə doklad elədi. Xozeyin kinayə dolu nəzərlə məhbusu bir xeyli süzüb:
- Deyəsən, yaxşıca yumusunuz bunu, indi asın, qurusun, - dedi və şaqqanaq çəkib güldü.

Oğlanı sözün həqiqi mənasında, qurumaq üçün barmaqlıqdan asdılar. Reşotkanın hündürlüyü eləydi ki, əllərindən asılmış dustağın ayağının ucu yerə zorla çatırdı. Onu bir saata qədər beləcə, asılı vəziyyətdə saxladılar. Qolları qap-qara rəngə boyanmış, şişib yekə badımcana dönmüşdü. Dəhşətli ağrılara baxmayaraq, oğlan inləmir, səsini də çıxarmırdı. Qriqoryan həmin müddətdə iki dəfə gəlib onun qarşısında dayanaraq xeyli tamaşa edib getmişdi. Üçüncü dəfə gələndə dedi:
- Buraya gəlmisənsə, mənim əmrlərimə əməl etməlisən. Dözümündən, iradəndən xoşum gəldi, amma səni sındıracağam. Burada mən deyən olmalıdır…

(Ardı BURADA)


Teqlər:  





Xəbər lenti