İbrahimbəyovun Qarabağ haqda dedikləri

İbrahimbəyovun Qarabağ haqda dedikləri
  03 İyul 2013    Oxunub:2068
Rüstəm İbrahimbəyov Mili Şuranın vahid namizədi olandan sonra onun Qarabağ münaqişəsinə münsibəti yenidən müzakirə mövzusuna çevrilib. AzVision.az Milli Şuranın vahid namizədinin bu il aprelin 4-də “Rosbalt” agentliyinə müsahibəsində Qarabağla bağlı dediyi fikirləri olduğu kimi təqdim edir:


- ...Götürək Azərbaycan və Ermənistanı. Biz bir dövlətin tərkibində yaşadığımız dövrdə hansısa ərazi iddiaları olurdusa da, onlar hərbi yox, istək xarakteri daşıyırdı. Ermənistan tərəfi hesab edirdi ki, Qarabağ onun, biz isə hesab edirdik ki, bizim torpağımızdır. Bu, müzakirə, danışıqlar, elmi tədqiqatlar mövzusudur.

Zənnimcə, münaqişənin hərbi yolla həlli cinayətdir. Həm hər iki ölkənin əhalisinə, həm də ümumilikdə bəşəriyyətə qarşı yönəlmiş bir cinayət. 1914-cü ildə Sarayevoda atışmalar Birinci Dünya Müharibəsinə səbəb oldu, Qarabağ hadisələri isə əsasən SSRİ-nin dağılmasına təkan verdi.

Bu kimi hadisələr xərçəng xəstəliyinin sonuncu mərhələsinə, artıq bütün bədən xəstəliyə yoluxandan sonra özünü biruzə verməsinə bənzəyir. SSRİ, respublikaların əvvəlcədən razılaşdırdıqları sərhədlər çərçivəsində yaşamasının qarantı idi. Sovet İttifaqının dağılması ağır fəsadlarla nəticələndi.

İyirmi birinci əsrdə istənilən problemin zorakılıqla həlli qəbuledilməzdir. Bu gün bütün dünya az-çox Qarabağ məsələsinin həllində iştirak edir. Hər iki ölkənin cəmiyyəti prosesin hazırkı vəziyyətindən narazıdır... Elə bir abses yaranıb ki, onun da müalicəsində xalq diplomatiyasının rolu çox vacibdir. Sadə insanlar arasında qarşılıqlı anlaşma lazımdır.

Hər iki tərəfdən rəsmi təbliğat xalqları bir-birinə qarşı qoyur. Ən qorxulsu da elə budur! Müəyyən bir müddətdən sonra dövlətlər barışır, hökumətlər razılığa gəlir, lakin xalqlar arasında qarşılıqlı əlaqələrin bərpa olunması prosesi çox uzun çəkir. Bu proses hətta onillərlə davam edə bilər.

Əminəm ki, erməni xalqı bizim düşmənimiz deyil, ermənilər də azərbaycanlılar kimi baş verən faciənin qurbanlarıdır. Ermənistan azərbaycanlıları, Azərbaycan erməniləri ölkədən köçürüb. Bir halda ki, dövlətlərarası münaqişə var, bu münaqişəyə çoxları cəlb olunur. İnsanları orduya çağırırlar və onlar öz borclarını yerinə yetirməlidirlər. Mühüm olan başqadır - kitabları yandırmamalı və biri-birilərini əbədi düşmən hesab etməməlidirlər.

Azərbaycan Dağlıq Qarabağı geri qaytarmaq istəyir. Burda söhbət təkcə torpaqlardan deyil, həm də əhalidən, xüsusən də ermənilərdən gedir. Hesab edirik ki, həm hazırda, həm də əvvəllər Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdırlar. Deməli, onlar digər Azərbaycan vətəndaşları ilə bərabər hüquqa malikdirlər. Onları necə ayırmaq, başqa zümrədən hesab etmək olar!? Mənə belə gəlir ki, onlara qarşı düşmənçilik ciddi səhvdir. Əgər gələcəkdə əlaqələrin bərpasını nəzərə alaraq bu səhvi indi düzəltməsək, sonralar itirilmiş vaxtı geri qaytara bilməyəcəyik.

AzVision.az


Teqlər:  





Xəbər lenti