Dəniz, günəş, nəğmə...

Dəniz, günəş, nəğmə...
  08 Dekabr 2015    Oxunub:4171
Qönçəgül Kamalqızı

Dəniz olmaq istəyirəm, ay Ana,
Öz sinəmi göylər üçün açaram...
Yox,ay bala,
Anan qurban boynuna,
Dəniz olsan, səni necə qucaram?


Neçə gündür bu mahnı səslənir qulağımda...
Ata, qardaş, yoldaş ölüm-qalım savaşında sənə təslim oldu qoca Xəzərim. Sularına qarışıb, ruhu göylərə ucaldı. Görən, suların nə rəngdə göründü gözlərinə o an? Mavimi, yaşılmı, ağmı?


Alovun istisindən sənə sığındılar. Yanan ürəklərinə su səpilsin deyə... Övladı, bacısı, valideynləri üçün oddayanmaz, sudabatmaz fədailərim can verəndə cənnət rəngindəydinmi?

Günəş olmaq istəyirəm, ay Ana,
İşıq alsın məndən torpaq, asiman...
Yox, ay bala,
Anan qurban boynuna!
İşıq verib sən özün də yanarsan!

Bu gün qaraya bürünmüsən, köks ötürürsən həzin-həzin. Bilirsənmi, ölən ölüb can qurtarır, geridə qalanlara yazıq...

Göz yaşımda yığıb saxlamışam həmvətənlərimin dərdini... Sənin kimi. Buz kimi suyunda üşüyən bədənlərin ürəyində, gözlərində donan arzularına heyif...

Bir vaxtlar sevgilərinə, xoşbəxt günlərinə şahidlik etdiyin o insanlar indi öz xatirələrinə həsrətlə uzaqdan baxırlar. Sahilə çatmaq, arzulara qovuşmaqdır onlar üçün...

Bu dünyaya gələn bir gün gedər. Ya zəlzələdən, ya vəlvələdən. Amma sulara qərq olub, hər kəsə ağrı yaşatmaq bilsən, necə çətindir.

İman, Mübariz, Dilqəm, Tural, Qəmərşah, Adil, Zaur... Daha neçə insan səmtini itirib, yolu dolaşığa düşüb göy sularında...

Əzizinin cəsədinin tapılmasına şükür etmək dəhşətlidir. Heç olmazsa, məzarı təsəlli yeri olar.

Geri qaytar dalğalarınla lay-lay dediklərini. Haray çəkib, fəryad edənlərin dərdi az da olsa bitsin, heç deyilsə...

Dənizə, günəşə dönmək istəyənlərin bir arzusu da var qoca Xəzərim... Nəğmə olmaq...

Nəğmə olmaq istəyirəm,ay Ana!
Mən dillənim, batma dərdə, qəmə sən.
Ol, ay bala, Anan qurban boyuna
Sən onsuz da mənə sonsuz nəğməsən.


Teqlər:





Xəbər lenti