Şagirdinə öz canını qurban verən müəllim - VİDEO

Şagirdinə öz canını qurban verən müəllim - VİDEO
  06 Dekabr 2015    Oxunub:2857
57 yaşlı texnologiya müəllimi öz həyatını 9 yaşlı şagird üçün qurban verməklə tarix yazdı.
Sabirabadın Cavad kənd sakini nəinki müəllimlər, hamı üçün örnək oldu. Ötən il dekabrın 5-də Sabirabad şəhər 5 saylı orta məktəbin müəllimi Əhliman Hüseynovun Kür çayında batması xəbəri hər kəsi sarsıtdı.

EL TV (Region TV) xəbər verir ki, düz bir il öncə yaşadığı Cavad kəndindən Sabirabad rayon mərkəzinə dərs deməyə gedən 57 yaşlı müəllim Əhliman Hüseynov avtomobilindəki 3-cü sinif şagirdi ilə birlikdə Kür çayına düşdü. Əhliman Hüseynov öz həyatını dərsə gedən 9 yaşlı şagirdin sağ qalması üçün qurban verdi.

Təcrübəli pedaqoq tükənən qüvvəsini sonuncu dəfə səfərbər edərək məktəbli Güldəstə Hüseynovanı rayonun Türkədi kənd sakini Dəyanət Şıxəliyevə tərəf itələdi və suda batdı.

”Biz yolda gedəndə dəmirə dəydik, aşdıq, Kürə düşdük. O, qapını sındırdı, çıxdıq çölə. Orada bir əmi var idi. O, məni oradan çıxardı” - deyə sudan xilas edilən şagird Güldəstə Hüseynova bildirib.

Əhliman Hüseynovun cəsədi bu hadisədən 5 ay sonra sudan çıxarıldı. O, göstərdiyi cəsarəti ilə hər kəsin gözündə qəhrəmana çevrildi.

”Deyərdim ki, bu hadisə bütün Azərbaycanda tarixi hadisəyə çevrildi. Çünki atam elə bir qəhrəmanlıq göstərdi ki, heç mən özüm onu bacarmazdım” - deyə Əhliman Hüseynovun oğlu Xalid Hüseynov vurğulayıb.

1982-ci ildən Əhliman müəllimə ömür-gün yoldaşlığı edən Tərifə Hüseynova deyir ki. onunla birgə 4 övlad böyüdən fədakar ailə başçısı ətrafdakı insanlara qarşı hər zaman diqqətli olub. İndi isə “Əhliman müəllim gələcək” deyə yollara dikilən bir həyat yoldaşı gözləri hələ də onun yoxluğunu qəbul etmir.

Əhliman müəllimin yaşlı anası da hər an oğlunun sanki işdən gəlirmiş kimi qapıdan içəri daxil olacağını düşünür. Çalışdığı məktəbin müəllim-şagird heyəti də onu unutmur. Fədakar pedaqoq örnək olası insan kimi xatırlanır.

Əhliman müəllimin fədakarlığı Təhsil Nazirliyi təərərfindən də qiymətləndirilib. Nazir Mikayıl Cabbarov onun Cavad kəndindəki evinə gələrək ailə üzvləri ilə görüşüb. Elə bu qayğının nəticəsidir ki, öz peşəsini şərəflə yerinə yetirən bir insanın anası, həyat yoldaşı və övladları üçün yeni fərdi ev tikilərək istifadəyə verilib.




Teqlər:





Xəbər lenti