“Təhsil sahəsinə ayrılan vəsait 5 dəfə artıb”

“Təhsil sahəsinə ayrılan vəsait  5 dəfə artıb”
  21 İyun 2013    Oxunub:2186
“ 2015-ci ildən sonrakı dövr üçün bir sıra hədəflər müəyyən edilib”
“Azərbaycanda təhsil sahəsinə ayrılan vəsait 2003-cü ilə nisbətdə 5 dəfə artaraq 1,5 milyard manata yüksəlib”.

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə milli məsləhətləşmələrə həsr olunmuş müzakirələrdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, 8 inkişaf məqsədindən ikincisi 2015-ci ilə qədər ümumi icbari ibtidai təhsilə nail olmaqdır: “Ötən müddət ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 15-24 yaşında olan əhalinin savadlılıq səviyyəsi, ibtidai təhsildə xalis qeydiyyat əmsalı, ibtidai təhsili bitirmə əmsalı, təhsilini 1-ci sinifdən başlamış 5-ci sinfə qədər başa vurmuş şagirdlərin çəkisi kimi göstəricilərdə ciddi irəliləyişlər əldə olunub. Beləliklə, Azərbaycan minilliyin təhsillə bağlı inkişaf məqsədinə nail olub, hazırda bu nailiyyətin qorunub saxlanması və inkişaf etdirilməsi üçün təhsil sistemi qarşısında duran vacib məsələdir”.

Nazir bəyan edib ki, Azərbaycanda yeni addımların atılmasına, təhsilin keyfiyyət göstəricilərinin Avropa və dünya standartlarına uyğunlaşdırılmasına ehtiyac var: “Məhz bu ehtiyac nəzərə alınaraq “Azərbaycan 2020 - Gələcəyə baxış” inkişaf konsepsiyasında müasir təhsil sisteminin formalaşdırılması istiqamətində bir sıra mühüm məsələlərin həlli nəzərdə tutulub. Bununla əlaqədar 2015-ci ildən sonrakı dövr üçün bir sıra hədəflər müəyyən edilib: təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqinin öyrənilməsi və sair. Təhsilinin maliyyələşdirilməsi sahəsindəki mövcud mexanizmlər keyfiyyət göstəricilərinə əsaslanmır. Tələbat mühiti bizi tam qane edəcək şəkildə hələ də formalaşmayıb. Ayrılan büdcə vəsaitinin səmərəli istifadə əmsalı yüksəldilməlidir. Bu mənada maliyyələşdirilmə yenidən qurulmalı və təhsil sistemində rəqabət mühitinin inkişafı dəstəklənməlidir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti