Mikayıl Cabbarov kadr dəyişikliklərini davam etdirir

Mikayıl Cabbarov kadr dəyişikliklərini davam etdirir
  20 İyun 2013    Oxunub:1647
3 məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinə daxil olmuş müraciətlər əsasında nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində Bakının üç təhsil müəssisəsində ciddi faktlar aşkarlanıb və müvafiq tədbirlər görülüb.

AzVision.az Təhsil Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbin direktoru V.Məcidovanın fəaliyyəti ilə bağlı Daxili nəzarət şöbəsinə müəllim və valideynlərin çoxsaylı şikayətləri daxil olub, uşaqların I sinfə qəbulu və digər sahələrlə bağlı ciddi nöqsanlara yol verildiyi aşkarlanıb. 13 iyun 2013-cü il tarixdən məktəbin direktoru ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib. Hazırda qeyd olunan təhsil müəssisəsində aparılan araşdırmalar davam etdirilir.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin direktoru K.Hacıyev və 11 nömrəli xüsusi internat məktəbin direktoru M.Cəfərova uşaqların sosial-məişət qayğılarına biganə münasibətlərinə, işə məsuliyyətsiz yanaşdıqlarına, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə təhsil nazirinin müvafiq əmri ilə tutduqları vəzifədən azad ediliblər.

Təhsil Nazirliyi bildirir ki, gələcəkdə işdə ciddi nöqsanlara yol vermiş şəxslərin yalnız intizam deyil, qanunvericiliklə nəzərdə tutulmuş hallarda inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər həyata keçiriləcək. Təhsil sistemində mövcud olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcək.

Müvafiq nöqsanlarla bağlı görülmüş tədbirlərdən təhsil sistemində çalışan hər bir şəxs düzgün nəticə çıxarmalı, qanunvericiliyin tələblərinə riayət etməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti