Putinin Tovuzda qaldığı ev - FOTOLAR

  09 Oktyabr 2015    Oxunub : 116542
Putinin Tovuzda qaldığı ev - FOTOLAR
Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin 63 yaşını qeyd edib. Sadə bir ailədə dünyaya göz açan V. Putin hazırda dünyanın ən güclü liderlərindəndir.

Rusiya kimi böyük dövlətə rəhbərlik edən Putin bütün çıxışlarında qeyd edir ki, o öz keçmişinə sadiqdir və həyatının geridə qalan məqamlarını heç vaxt yaddan çıxarmayacaq.

Bildiyimiz kimi, Putin fəaliyyəti dövründə müxtəlif ölkələrdə rəsmi və qeyri-rəsmi səfərlərdə olub və bir çoxları ilə dostluq münasibətləri qurub. Putin indiyədək bir neçə dəfə Azərbaycana da baş çəkib. Onun ölkəmizə səfərləri əsasən rəsmi xarakter daşıyıb.



Amma illər öncə heç kimin tanımadığı gənc Putin Azərbaycanın Tovuz rayonuna gəlib. O zaman Tovuzdan olan gənc İlham Rəhimovla tələbə yoldaşı olan Putinin bu səfəri Tovuz sakinlərinin xatirələrində hələ də yaşayır.

Çilovdarlı kəndinin sakinləri Putinlə bağlı təəssüratlarını əməkdaşımızla bölüşüb.

`Putin bir neçə dəfə bizim kənddə olub. O tələbə vaxtı İlham Rəhimovun dəvəti ilə Tovuza gəlib. Putin Tovuzun gəzməli yerlərində olub. O kənd sakinləri ilə görüşündə Tovuzu bəyəndiyini, havasının çox gözəl olduğunu deyib. İndiki kimi yadımdadır Putinin gəlişi şərəfinə qonaqlıq təşkil edilmişdi. Həmin mərasimdə Putin Tovuz kanyakından içərək ölkəmizlə bağlı xoş sözlər deyirdi`.



Kənd sakinlərinin sözlərinə görə, həmin mərasimdə maraqlı anlar yaşanıb. `Putinlə yeyib-içdikdən sonra bir-birimizlə zarafatlaşırdıq. Ona dedik ki, ruslar tez evlənir, bəs sən niyə evlənmirsən? Putin də gülərək dedi ki, Tovuzdan qəşəng qız tapsanız, onunla evlənərəm. Sonra bildirdi ki, Azərbaycan qadınları çox gözəl və ailəcanlı olurlar`.

Sakinlərin sözlərinə görə, Putin İlham Rəhimovun ata evində qalıb. Hazırda o evdə Rəhimovun qohumları yaşayır.



Qeyd edək ki, İlham Rəhimovla Vladimir Putin 1970-ci illərdə Leninqrad Dövlət universitetinin Hüquq fakultəsində təhsil alıblar. Onlar tələbə yoldaşı və hazırda da çox yaxın dostdurlar. Hər ikisi dünyada tanınan şəxslərdəndir. Biri Rusiya prezidenti, digəri isə milyardlarla sərvəti ola iş adamıdır.

AzVision.az Rusiya prezidentinin Tovuzda qaldığı kənddən
fotoları təqdim edir.

Fotolar kənd sakinləri tərəfindən AzVision.az-a göndərilib.







Hafiz Əhmədov

Teqlər: