Süni mayalanmış “üsyan”

Süni mayalanmış “üsyan”
  31 Yanvar 2013    Oxunub:2019
Vüsal Məmmədov

Dünya indiyə qədər nə üsyanlar görüb... Biz də az görməmişik... Amma onların HEÇ BİRİ iki nəfərin dalaşması nəticəsində başlamayıb. Yəni, bir nəfər içib sərxoş olur, oturur “07”-yə, çırpır dirəyə, sonra da düşüb onu qınayan adamlarla dalaşır və üsyan başlayır – BELƏ ŞEY OLMUR!
Bunun adı harınlıq, qudurğanlıq, xuliqanlıqdır. Üsyanlar məhrumiyyətdən başlayır, hansısa xuliqanı döyməkdən yox. Hadisələrdə bura qədər olanları başa düşmək olar – harın adamlar hər yerə gedib çıxır, onların yerli camaat tərəfindən döyülməsi də çox rast gəlinən işlərdəndir. Amma bundan sonrası heç bir məntiqə sığmır və hiss olunur ki, təbii yolla doğulan hadisələr deyillər. Süni mayalanmanın nəticəsidir.
Beləliklə, camaat tutur qudurmuş bir adamı çırpır, sonra maşını yandırır, gözü qızmışkən elə isti-isti motelə də od vurur... Bu, artıq təxribatdır, normal deyil, süni mayalndırılmış hadisədir. Daha sonrası isə açıq-aşkar kənardan uzanan barmağın işidir - xüsusilə də əhalinin İcra Hakimiyyətinə tərəf axışması. Bəyəm Bakıdan gəlib, içib özünü apara bilməyən xuliqana görə İcra Hakimiyyəti məsuliyyət daşımalıdır?
Açıq-aydın ortadadır ki, bu və bundan sonra baş verənlər artıq ustalıqla təşkil olunmuş təxribatdır. Azərbaycanda aranı qatmaqda maraqlı olanlar çoxdur. Xüsusilə də 2013-cü ildə. Böyük ehtimalla, belə bir iğtişaş planı çoxdan vardı və onu işə salmaq üçün uyğun bir an, bir qığılcım gözləyirmişlər. Və hansısa xuliqanın harınlığı düymənin basılmasına səbəb olub. Yoxsa, bir də təkrarlayıram, belə olmur.
Bu, artıq son vaxtlarda bölgələrdə baş verən və təxminən eyni ssenari üzrə inkişaf edən 3-cü gərginlikdir. Bir vacib detalı da qeyd edim: hər üç hadisə milli azlıqların yaşadığı rayonlarda olub. Bu oxşarlıq əsla təsadüfi deyil və böyük ehtimalla, Azərbaycana qarşı cızılmış hansısa plandan söhbət gedir ki, o planda milli azlıqlara da yer ayrılıb. Sadəcə, hələ ki nəzərdə tutduqlarını edə bimirlər.
Məsələyə bu cür yanaşmağın yerinə hadisəyə “üsyan” adı qoyanlar isə bunu ya savadsızlıqdan edirlər, ya da qərəzdən. Bu, üsyan deyil, üsyan bu deyil.
Hazırda çox həssas dövrdür. Hər kəs ən azı vətəndaş məsuliyyətini dərk etməlidir.


Teqlər:  





Xəbər lenti