Naxçıvanın brendi: Göycə

Naxçıvanın brendi: Göycə
  30 May 2013    Oxunub:26044
Naxçıvan çox nemətlərilə məşhurdur. İstər təbii duzu, istər mineral bulaqları, istərsə də Əshabi-Kəhfi ilə hamını heyrətləndirir. Ancaq Naxçıvan üçün daha maraqlı bir nemət var ki, bu mövsümdə bütün ölkədə çox populyar olur. Söhbət Naxçıvan meyvələri sırasında həmişə birirnci olan Göycə alçasından gedir.

Göycənin adi alçadan fərqli cəhəti tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlamasıdır. Adətən alça tam yetişəndə qızarır. Ancaq göycə belə deyil. Digər tərəfdən, bu meyvə kal vaxtı göy-göy yeyildiyi üçün elə “Göycə” adlanır. Göycə ancaq Naxçıvanda yetişir. Bu meyvənin digər rayonlarımızda yetişməsi mümkün deyil. Olsa belə, meyvənin dadı tamamilə dəyişir və adi alçaya çevrilir.

Kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis olan Əsgər Həsənovun tədqiqatına görə, Naxçıvan göycəsinin tarixi 6-9-cu əsrlərə gedib çıxır. Xalq seleksiyaçıları tərəfindən yetişdirilən Göycə alça və ya albuxara tinglərinə vurulan calaq vasitəsilə yetişdirilir. Naxçıvan şəhəri, Babək rayonunun Şıxmahmud kəndi və Şərurda geniş yayılıb. Ancaq hamı etiraf edir ki, ən yaxşı, sulu və dadlı Göycə ancaq Naxçıvan şəhərində yetişəndir.

Həyətində 135 göycə ağacı olan Şıxmahmud kənd sakini Vəlyəddin Allahverdiyev hər il göycədən yaxşı gəlir götürdüyünü deyir. Maraqlı burasıdır ki, göycə Naxçıvanda ən tez yetişən meyvədir . Ona görə də, yerli əhali onu həvəslə alır. Vəlyəddin Allahverdiyev deyir ki, Göycə bir hektar sahədə əkilən göyərtinin verdiyi qazancdan daha çox gəlir gətirir.

Göycənin xalq arasında məşhurluğuna səbəb kimi, onun vitaminlərlə zəngin və orqanızm üçün faydalı olmasıdır. Belə ki, Göycə bədəndə təzə qan yaradır.
Hamilə qadınların müəyyən miqdarda Göycə yeməsi dölün sağlamlığına müsbət təsir edir. Hipertoniya, qan azlığı olanlara da faydalıdır.
Susuzluğu tez yatırır və iştahaçıcı vasitə hesab edilir. Meyvələri may ayının əvvəlindən ta iyun ayına qədər yetişir.

Göycənin ən yaxşı təbliğini isə milli lider Heydər Əliyev səfərə çıxarkən Bakıda hava limanında jurnalistlərin gözü qarşısında bu meyvəni iştaha ilə yeyərkən edib.

Göycənin ancaq Naxçıvanda yetişməsi onun erməni təcavazandən də qoruyub. Belə ki, Naxçıvanda yetişən üzüm sortları və əriyi “erməniləşdirən” üzdəniraq qonşular Göycəyə “sahib çıxa” bilməyiblər. Çünki bu bitkinin yaxşı meyvə verməsi üçün mütləq Naxçıvan torpağının iqlım şəraiti və havası olmalıdır.

Bir sözlə, Göycə ağacı doğma torpağa, bu gün Naxçıvanla bağlı həqiqətləri əcnəbi KİV-lərdə təhrif edən bəzi “naxçıvanlılardan” daha çox bağlıdır...

Səməd Canbaxşıyev
Naxçıvan






Teqlər:  





Xəbər lenti