Bircə dəfə bəs edir...

Bircə dəfə bəs edir...
  29 May 2013    Oxunub:1604
Sevinc Fədai

Dostum... Bir ömür, qalaq-qalaq kitablar, uzun-uzun yollar, enişlər-yoxuşlar əbəsdir. Bircə yaş böyüməyin bəsdir ki, “sənin oyuncaq oynadan vaxtın deyil” desinlər. Bircə xəta bəsdir ki, anan səni doğduğunu dansın... Başını aldadalar ki, “səni zibillikdən tapmışıq deyəndə yalan demirdik...”
Bircə dərd bəsdir ki, başını qoyub ağlamağa bir dost çiyni tapmayasan...

Bircə yanlış bəsdir “hələ sən mənim bu biri üzümü görməmisən” deyilsin sənə...

Bircə intihar məşqi bəsdir “Allahın bir ucuzu ölümü yoxdur ki...” deyib yaşamağa davam etməyə...

Bircə gediş bəsdir ki, qayıdanda evin yolunu tapmayasan.

Bircə dəfə vətənindən baş götürüb qaçmağın bəsdir ki, dönüb olasan yabançı...

Boğazında tıxanan bircə loxma bəs edir, ac olanda necə xoşbəxt olduğunu dərk etməyə…

Bircə qəhqəhə bəsdir nə qədər arsız olduğunu anlamağa...

Bircə günah bəs edir insanı daş-qalaq etmək üçün növbəyə düzülsünlər...

Bircə salam bəs edir tərk etməyə kimsən olsun...

Bircə addım bəs edir, dünyadan bütün yaxınları silib “uzaq” adlı bir diyara köçməyə...

Bircə oğurluq bəs edər anlayasan ki, əslində heç özün də halal deyilsən özünə...

Bircə qadın bəs edir bü dünyanı sonsuzluqdan qurtarmağa, bircə kişi bəs edir bu dünyanı dul qoymağa...

Bircə sevgi bəs edir, yetim övladlar gətirməkçün bu dünyaya...

Bircə qapı bəs edir bütün doğmalarını yola salmağa, bircə pəncərə və bircə göz bəs edir gəlməyənlərinin yolunu gözləməyə...

Dostum... Amma iki əl bəs etməz sənə. Gözünün yaşına ovuc olacaq iki əlin bir araya gəlməyəndə həyatın tək yaşamaq üçün nə qədər çətin olduğunu anlayırsan. Onlarla adamın “təki ürək geniş olsun” deyib, yığışdığı balaca bir otağa getməsin ağlın, təklərə dar olar bu gen dünya. Elə o anda bilmirsən sinənə döyülən əllər niyə bir damla göz yaşına yiyə çıxa bilmir.

Dostum, göz yaşına sahiblənən tapılmaz, göz yaşı acıdır, yandırar, göynədər, o göynəyə öz əlin duz basar, o göynək ürək istər, ürək... Bircə ürək...

Dostum... üzülmə, dərdlərdən dərd seçəndə, “ağlanmayan dərd” seç özünə, nə göz lazım olsun ağlamağa, nə əl silməyə, nə çiyin baş qoymağa... Dostum, bil... Bu dünyanın bircə damla göz yaşına çatacaq boyu yoxdur hələ!


Teqlər:  





Xəbər lenti