“MTN əməkdaşı” ifşa olundu

“MTN əməkdaşı” ifşa olundu
  18 Fevral 2013    Oxunub:1748
Özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən Bağırov Bəxtiyar Əlisa oğlunun dələduzluq əməlləri ifşa olunub.
Baş Prokurorluqdan AzVision.az-a verilə məlumata görə, “Bakı Şərab-1” ASC-nin Salyan şəhərində fəaliyyət göstərən 7 saylı firma mağazasının müdiri Cəfərov Səxavət Ərəstun oğlunun qanun pozuntularına yol verməsi barədə müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, cəmiyyət tərəfindən maddi-məsul şəxs S.Cəfərovun iştirakı ilə aparılmış inventarizasiya ilə mağazada 143 min 272 manat məbləğində çatışmazlıq aşkar olunub. Mağazanın fəaliyyətinin auditi zamanı həmin çatışmazlıq təsdiq olunub.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Bundan başqa Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən Bağırov Bəxtiyar Əlisa oğlunun dələduzluq əməlləri ifşa olunub.
Belə ki, əvvəllər törətdiyi dələduzluq cinayətlərinə görə məhkum olunmuş B.Bağırov Bakı şəhər sakini İsmayılov Namiq Rəhim oğlunu guya Milli Təhlükəsizlik Nazirliyinin nəzdində yaranacaq “Asan Xidmət” Mərkəzinə işə düzəltmək barədə yalan vəd verərək ondan əvvəlcə 2.500 manat, sonra isə mərkəzin tikintisində qalmış bəzi təmir işlərinin yekunlaşdırılması məqsədilə daha 3.800 manat pulunu aldatma yolu ilə ələ keçirib dələduzluq edib.
Öz cinayətkar fəaliyyətini davam etdirən B.Bağırov Bakı şəhər sakini Vəliyev Niyazi Şaiq oğlunun da etibarından sui-istifadə edərək sonuncuya bacısı Əhmədova Aygün Şaiq qızının Ali Məhkəməyə hakim köməkçisi vəzifəsinə işə təyin etdirəcəyi barədə yalan vəd verərək 65.000 manat pulunu almaqla özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vətəndaşlara vurulmuş ziyanın ödətdirilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti