Google-dan `terminator eynəkləri`

Google-dan `terminator eynəkləri`
  25 May 2013    Oxunub:2526
Google şirkəti qeyri-adi eynək - Google Glass yaradıb.
AzVision.az məlumat verir ki, şirkət eynəyin birinci partiyasını (cəmi 2 min ədəd) bu ilin aprelində bazara çıxarıb. Eynəyin ekranı 640 x 360 pikseldir. 2,4 metr məsafədən istifadəçi onu 25 dyum qəbul edir. Google Glass 5 meqapikselli şəkil və 720 pikselli video çəkməyə imkan verir, bütün informasiya qapalı Google anbarında saxlanılır.

İnsanı əsas məşğuliyyətindən yayındırmamaq üçün Google Glass-ın kompüterləşdirilmiş ekranı insanın gözündən azca yuxarıda yerləşdirilib. Faylları smartfon vasitəsilə ötürmək üçün eynək Bluetooth və Wi-Fi sistemi ilə təchiz edilib.

Google şirkəti eynəyin imkanlarını göstərmək üçün insanların həyatından qeyri-adi anları - paraşütlə tullanma, attraksionlarda əylənmə, təyyarə sürməyi xatırladır. Eynəyin köməyi ilə yaradılmış bu video-çarxlar həqiqətən heyrətamizdir. Bu cür görüntüləri adi videokameralarla əldə etmək çox çətindir.

Möcüzəli eynəyin köməyi ilə məlumat (məsələn, reyslərlə bağlı) almaq, SMS “yazmaq”, maraqlı faktları oxumaq, tərcümə etmək, foto və video çəkmək və onları sosial şəbəkələrdə paylaşmaq olar.

Amma Google şirkətinin bu inqilabçı yeniliyini hamı sevinclə qarşılamayıb. Amerikanın bəzi kafe və restoranları Google Glass istifadəçilərinə xidmət etməkdən imtina ediblər. Onlar müştərilərin şəxsi həyatlarına müdaxilə edilməsindən ehtiyat edirlər.

Bundan başqa, eynək casusluq üçün mükəmməl alətdir. Qərbi Virciniyada sükan arxasında olarkən Google eynəklərindən istifadə qadağan olunub. Çünki, bu eynəklər fikri cəmləməyə mane olur.

Google şirkəti eynəyi uşaqlara verməməklə bağlı valideynlərə məsləhət görüb. Gözlərində lazer əməliyyatı aparılan insanlar isə eynəkdən istifadə etməmişdən qabaq həkimlə məsləhətləşməlidir.

“Glass take a photo” əmri verilən kimi Winky proqramı şəkil çəkməyə başlayır. Kameranı işə salmaq üçün də xüsusi düyməni sıxmaq lazımdır. Eynəkdəki proqramla yaddaşda olan şəkilləri Facebook və Twitter sosial şəbəkələrinə yükləmək olar. Youtube isə Google Glass-da “Fullscreen BEAM” adlanır.

Eynək hazırda testdən keçirilir. Hələ ki insanların az qismi bu eynəyə malikdir. Google şirkəti eynəyin satışa çıxarılması tarixini açıqlamayıb.





AzVision.az


Teqlər:  





Xəbər lenti