Nitşenin “Hakimiyyət əzmi”
xxx
Tarix həmişə sübut edib ki, zora pənah aparan hər kəs özü zorlunun amansızlığı ilə üz-üzə qalanda mərhəmət gözləyir, ədalət umur. Özünüqoruma məqamında mənəviyyat yada düşür, əzilməmək üçün zorludan mənəviyyat gözlənilir. Bu ümid ən qəddar adamı belə, heç vaxt tərk etmir.
xxx
Hər kəs güclü olmaq istəyir. Ancaq bu gücün bilinməsi və yaşaması üçün başqalarının əzilməsi gərəkdir. Əslində hər bir güclü olmaq istəyən kəs həmin başqalarından biridir. Yaşadığımız kapitalizm mühiti bu prinsipə əsaslanır: yəni nə qədər bacarırsan ayaqla və yüksəl.
xxx
Nitşenin “hakimiyyət əzmi”ndən belə çıxır ki, qadın ya erkəkləşməli, ya da məhv olmalıdır. Çünki güclülük ölçüsündə analıq mərhəmliyini yaşadan zəmin olmur. Belə halda övlad dana kimi böyüməlidir. Buynuzlamaq imkanı və istəyiylə toplumun içinə buraxılmalıdır. Bu buynuzlamanı kapitalizm qanunları “sivil” formaya salar ki, pərakəndə şəkil almasın. Deməli, dövlət vəhşiliyin tənzimləyici qurğusu kimi fəaliyyət göstərməlidir.
xxx
Nitşe bir çox məsələlərdə gerçəkliyi yaxşı analiz edir. Ancaq gerçəkliyin anlamını bir qırağa qoyur sanki. Gerçəkliyi diriltmək əvəzinə onu öldürür. Başqa sözlə, həyatı var etmək üçün onu gözəlləşdirmir, gücləndirir. Güclü həyat özünə qarşı yönəlir.
xxx
Nitşe insan xarakterinin gerçək çirkinlikləri arasında dayanıb yol axtarır. Bu xarakterdən “o üzdə” daha möhtəşəm çirkinliklərin aşkarlanmasına çalışır. Yəni güclülüyün doğuracağı xudbin münasibətlərin mövcud olması üçün “fəlsəfi” zəmin hazırlayır.
xxx
Soyuq və amansız güc zəiflik adlanan çirkinlikləri (?) öldürmür, qovur. Ancaq hara qovur?! Bu qovma toplumun münasibətlərində çirkinlik dairəsi cızır. Nəzərə alsaq ki, doğuluş əbədi prosesdir və insan daim güclülük prinsipi ilə qovacaq, onda tərəqqidən danışmaq hansı məntiqə sığır, bunu anlamaq asan deyil.
xxx
Nitşe xudbinliyi böyüdür, yaşadır və onun “fəlsəfəsini” yaradır. Xudbin olmadan yaşamağın sürülük olduğunu vurğulayır. Hakimiyyətə vurulmaq yalnız xudbin ürəklərin həvəsidir. Hakimiyyətə vurulan milli keyfiyyətləri itirir. Hər şey onun üçün hakimiyyətin kölgəsi kimi dərk olunur.
xxx
Nitşe güclü xarakterləri gözəl, məğrur, gümrah sayır. Qalib əhvalnan yaşamayan zəifi günahkar bilir. Bəs onda uşaqlar, qadınlar, qocalar, xəstələr necə olsun?! Nitşenin “güclüsü” mərhəmət duyğusunu itirir axı. Nitşedə quldar bacarıqlıdır, güclüdür, məharətlidir, ona görə də gözəldir. Nitşenin güclü insanı özünə deyil, başqalarına qalib gələn insandır.
xxx
Nitşe İsa peyğəmbərin azğınlığı islah eləmək çağırışına ikrah edir. Çünki müqəddəslik tanımır.
xxx
Nitşe güclü zəka ilə qurulan tordur. Müasirləşmənin zahiri yenilik çağırışında inkişaf axtaranlar bu tora tez düşürlər.
Bu cür kosmopolit tələlərə düşmək milliliyi itirməkdir. Hesab edirik ki, milli təfəkkür sahibləri milli şüurumuza tor quran nəzəriyyələri dağıtmalıdır.
Atamız var olsun!
Soylu Atalı
(Mütləqə İnam Ocağının Yükümlüsü)