“Sərkisyan Ermənistanı və Qarabağı itirmək üzrədir”

“Sərkisyan Ermənistanı və Qarabağı itirmək üzrədir”
  18 Fevral 2013    Oxunub:2248
Mübariz Əhmədoğlu və Elxan Şahinoğlu AzVision.az-a Ermənistanda keçirilən prezident seçkisinin nə vəd etdiyindən danışıblar.
“Ermənistanın hazırki vəziyyəti ölkənin dəyişilmiş formasıdır. Bundan sonra artıq heç nə dəyişə bilməz. Sadəcə hansı proseslər gedirsə, onlar məntiqi sonlarına çatacaq. Ermənistan müstəqilliyini itirmək təhlükəsi qarşısındadır. Çünki Serj Sərkisyan seçkilərə gedərkən Rusiyadan imdad istədi. Rusiya isə Ermənistanda aparıcı müxalifətin seçkidə iştirakının qarşısını aldı.”

Bunu AzVision.az-a açıqlamasında Siyasi İnnovasiya və Texnalogiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanda bu gün keçirilən prezident seçkisini qiymətləndirərkən bildirib. Politoloqun sözlərinə görə, ÇEP lideri Tsarukyan Sərkisyan və ana müxalifət partiyasının lideri, keçmiş prezident Levon Tet-Petrosyan Rusiyanın təsiri ilə seçkilərə buraxmadı: “Yəni Rusiya Serj Sərkisyan üçün yaşıl işıq yandırdı. Əvəzində isə Sərkisyan Vahid Gömrük İttifaqına qoşulmaqla bağlı vədlər verib. Düzdü, o, hələ ki, vədini gerçəkləşdirmir. Ancaq Rusiyanın Ermənistana təzyiqi hədsiz çoxdur, ən azından orada Rusiyanın hərbi bazası var”.

M. Əhmədoğlu düşmən ölkədə prezident seçkisinin nəticəsi Azərbaycan üçün nə vəd etdiyinə də aydınlıq gətirib: “Serj Sərkisyan artıq həm Ermənistanın dövlət müstəqiliyyini, həm də Dağlıq Qarabağı itirmək üzrədir. Əgər Sərkisyan rəhbərliyi dövründə müstəqilliyi itirirsə, bu həm də Qarabağı itirmək deməkdir. Ola bilər ki, o Avropa ölkələri vasitəsilə gündəmə gətirsin ki, guya Qarabağ məsələsində mövqeyini dəyişir. Təki Azərbaycan, Türkiyə onun dövlət müstəqilliyinə dəstək versin. Yəni mən Serj Sərkisyandan belə bir addımı gözləyirəm. Ancaq o, belə bir mövqe sərgiləsə, Azərbaycan Avropa ilə birlikdə o avantüranı real siyasətə çevirə bilər”.

“Atlas”Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirir ki, Ermənistanın 20 illik müstəqillik tarixində ilk dəfədir ki, seçkidə ciddi rəqabət olmaması müşahidə ediləcək. Səbəb isə Serj Sərkisyanın əsas rəqiblərinin seçkilərə qatılmamasıdır: “Elə ona görə də, Sərkisyanın prezident seçilmə ehtimalı böyükdür. Ola bilsin ki, heç 2-ci tur da olmasın. Seçkilərin nəticəsindən asılı olmayaraq, Ermənistanın xarici siyasətində nəyinsə dəyişəcəyini güman etmirəm. Yenə də işğalçılıq siyasətini davam etdirəcəklər”.

E. Şahinoğlu Ermənistanın seçkilərdən sonra da Dağlıq Qarabağ məsələsində hər hansı bir addıma hazır olacağını hesab etmir: “Yəqin ki, prezident seçkilərindən sonra Xocalıdakı hava limanı məsələsini yenə gündəmə gətirəcəklər. Yəni bu mənada Ermənistanın hakimiyyətində yeni heç bir şey gözlənilmir”.


Sevinc Fədai


Teqlər:  





Xəbər lenti