Dünya Bankının Azərbaycan proqnozları

Dünya Bankının Azərbaycan proqnozları
  18 Fevral 2013    Oxunub:2156
Dünya Bankının 2013-cü ildə Azərbaycanla bağlı planları yaxın həftələr ərzində məlum olacaq. Bununla bağlı “New Baku Post” Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenkoya bəzi suallar ünvanlayıb:
– Dünya Bankının bu il Azərbaycanla bağlı planları nədən ibarətdir? Hansı sahələrdə əməkdaşlıq imkanları mövcuddur?
– Hazırda Dünya Bankı növbəti iki ildə həyata keçiriləcək proqramı hökumətlə müzakirə edir. Biz Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun və xidmətlərə çıxışın yaxşılaşdırılmasına dəstək vermək istiqamətində proqramımızın davam etdirilməsi və təkmilləşdirilməsinə imkan verəcək bir neçə layihəni nəzərdən keçiririk. Ümid edirəm ki, qısa zaman ərzində hökumətlə razılaşdırılmış layihələri elan edə biləcəyəm.

– Azərbaycanda iqtisadi artım göstəriciləri ilə bağlı proqnozlarınız necədir?
– 2012-ci ildə Azərbaycan iqtisadiyyatında 2,2% artım qeydə alınıb və 2013-2016-cı illər ərzində iqtisadi artımın təxminən 3,8% təşkil edəcəyi gözlənilir. Çox güman ki, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına, eləcə də dövlət xidmətlərinin və infrastrukturun yaxşılaşdırılmasına dəstəyini davam etdirəcək. Son nəticədə isə bu il neftdən kənar sahələrdə yüksək artım olacaq.

– İndiyə qədər Dünya Bankı Azərbaycana hansı məbləğdə kredit ayırıb?
– Bir neçə ay bundan əvvəl biz Azərbaycanla Dünya Bankı arasındakı əməkdaşlığın 20 illiyini qeyd etdik. Amma Bank bu ölkədə ilk layihəsini 1995-ci ildə maliyyələşdirib. Bu layihə Bakının su təchizatı sisteminin bərpa edilməsi ilə bağlı idi. O vaxtdan etibarən Dünya Bankı Azərbaycanda ümumi məbləği 3,2 milyard ABŞ dolları olan 44 layihəyə maliyyə dəstəyi verib. Hazırda bizim layihə portfelimizə ümumi məbləği 2 milyard dollar təşkil edən 17 layihə daxildir.

– Bankınızın ayırdığı vəsaitlərin xərclənməsi ilə bağlı vəziyyət sizi qane edirmi? Gözlədiyiniz nəticə alınırmı?
– Dünya Bankının maliyyələşdirdiyi layihələri icra edərkən ölkələr ödədikləri pulun əvəzində yüksək nəticələr əldə etmək məqsədilə bu maliyyə qurumunun satınalma və maliyyənin idarə edilməsi prosedurlarına əməl etməlidir. Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda Dünya Bankında üçüncü ən böyük layihə portfelinə malikdir. Dünya Bankının Azərbaycanda proqramı əsasən infrastruktur sektoruna – avtomobil və dəmir yolları, su təchizatı və kanalizasiya sahələrinə yönəlib. Bu layihələrin icrası öz qaydasına düşüb və maliyyə resursları daha yaxşı istifadə olunur. Biz inanırıq ki, yaxın gələcəkdə bu layihələrin nəticəsi olaraq əksər Azərbaycan vətəndaşları yüksək səviyyəli nəqliyyat, dəmir yolu xidmətlərinə və su təchizatına çıxış əldə edəcək. Biz həmçinin, ünvanlı sosial yardım, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, Bakıda bərk tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və yaxşılaşdırılmış səhiyyə və təhsil sistemləri də daxil olmaqla sosial sektorda da bir sıra layihələri maliyyələşdiririk.

– Dünya Bankı Azərbaycana kreditləri hansı şərtlərlə ayırıb?
– Dünya Bankı maliyyələşdirməni iki yolla həyata keçirir. Yoxsul ölkələr Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) vasitəsilə 35-40 il müddətinə faizsiz, güzəştli kreditlər alır. Dünya Bankı bu maliyyələşdirmə çərçivəsində kreditlərinin idarə edilməsi xərclərini qarşılamaq üçün sadəcə 0,75% xidmət haqqı tutur.
Orta gəlirli ölkələr isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri ilə maliyyələşdirməyə çıxış əldə edə bilir. Bu yolla ayrılan kreditlər də uzunmüddətlidir, lakin faiz dərəcəsi maliyyə bazarlarının şərtlərinə uyğun şəkildə hər yarım ildən bir yenilənir. Ölkələr sabit və dəyişən faiz dərəcəli kreditlər arasında seçim edə bilər, eyni zamanda valyuta növünü müəyyənləşdirməkdə sərbəstdir.
Kreditin geri ödənilməsi müddəti hər layihəyə görə müəyyən olunur. Eyni zamanda qeyd etməliyəm ki, Dünya Bankının yüksək kredit reytinqini nəzərə alsaq, bu maliyyə qurumu beynəlxalq kapital bazarlarından maliyyə resurslarını çox əlverişli şərtlərlə cəlb edə və nəticədə, bir çox orta gəlirli ölkələrə onların qaytara biləcəyi aşağı faizli kreditlər ayıra bilir. 2011-ci ildən öncə Azərbaycan həm BİA, həm də BYİB-in maliyyələşdirmə şərtlərinə cavab verən ölkələr sırasında idi, lakin 2011-ci ilin iyun ayından etibarən ölkəyə BİA maliyyələşdirməsi dayandırılıb və Azərbaycan hazırda Dünya Bankından yalnız BYİB şərtləri ilə kreditlər ala bilər ki, bu da ölkənin son on ildə əldə etdiyi iqtisadi nailiyyətlərin nəticəsidir.

Namiq Hüseynov


Teqlər:





Xəbər lenti