“Kipriyimlə od götürdüm, gözümün yaşında söndü”

“Kipriyimlə od götürdüm, gözümün yaşında söndü”
  22 May 2013    Oxunub:2051
AzVision.az şairə Ziba Xəlilin şeirlərini təqdim edir
Kibrit qutusu

Sanki kibrit qutusuna girib gizləndi,
borclu olduqları qapını döyüncə.
“Ehtiyac qəhramanı da qul eylər”-
deyirlər də...
Qəhrəman deyildi.
Köləliyə köklənmişdi kökü.
Cılızlanmış mənliyi
heç kibrit qutusu boyda da qalmamışdı.


Həyatdan bir fraqment

Siqaret dumanında iki kişi
mürgüləyərək oturmuş elektrik qatarında.
Saçları pırtlaşıq,
üzləri qırışıq,
fikirləri qarışıq...
Çürük, seyrək dişlərinin arasına
sıxmış birisi siqaret kötüyünü.
O biri, cavanı qatarın pəncərəsindən
seyr edir dünyanı.
Ötüb keçən evləri, əzəmətli villaları
Hündür daş hasarların arxasında
göydələn kimi ucalan sarayları.
Xəyal edirmi görən,
o divarlar dalında necə həyat olduğunu.
Cırıq, sökük paltarları içərisində yorğun bədəni,
qabar çalmış əlləri,
çarəsiz fikirlərdən donmuş beyni
hissiyatını itirmiş halda...
Qul bazarından bu gün də
işsiz qaytmışdılar ata-bala.
Varlı ölkənin yoxsul sakinləri.
Durub, durub boylanıb,
gözləməkdən yorulub.
Qayıdırdılar həyətsiz,
sənədsiz, yarıuçuq daxmalarına.
Çörək gözləyən iki qadının,
üç uşağın yanına...




Gülə-gülə öləcəm


Uzun bir yol üstəyəm.
Düşə-qalxa gedirəm.
Yolları gül-çiçəkli.
Cığırı yol edirəm.

Bir addım irəliyə
İki addım geriyə
Belə tez keçir ömür
Heç anlamıram niyə...

Günlər qırıq sap kimi.
Aylar top boyda kələf
İllərin yumağını
Necə tez açır fələk...

İstəklərim çox deyil.
Nə varım var, nə incim.
Heç nə əvəz eləməz.
Şeir yazmaq sevincin.

Dərdləri bir-bir büküb
Özümə saxlayıram
Bir qutu sevincim var
Sizə bağışlayıram

Bir gün də görəcəyəm
Ömür bitir beləcə
Gilə-gilə yaşadım
Gülə-gülə öləcəm



Od

Kipriyimlə od götürdüm.
Gözümün yaşında söndü.
Fələyə rüşvət vermədim.
Üzü cəllad kimi döndü.

Açılar çəkdirdi mənə.
Tüstüsü sinəmi yaxdı.
Toparlandım dönə-dönə.
Dedi, azdı, azdı, azdı...

Dözümüm şingilə kimi .
Dartıqca uzanıb getdi.
Kimsə duymadı səsimi.
Hayqırtım içimdə itdi.

Əkdiklərim gül olsa da.
Toxunduğum külə döndü.
Arzularım bol olsa da.
Ümid qəlbimdə gömüldü.

Bu nə ah-zar, nə fəqandır.
Gileylənmək məni sıxır.
Danışmıram nə zamandır.
Gileyim şeirə çıxır.

Mən həm güclü həm zərifəm.
Bunu görmək çətin deyil.
Odam, suyam, sirrəm, mifəm.
Gücüm zəifliyimdədir...

Nə qədər ki düşünürəm.
Demək ölməmişəm sağam.
Düşününrəm, yaşayıram.
O qədər də yazacağam.

Buxarlansam da havaya.
Bulud olub yağacağam.
Mən Odam, Odlar qızıyam.
Alovam, yandıracağam.


Teqlər:





Xəbər lenti