Məleykə Abbaszadə yenə narazı qaldı

  21 May 2013    Oxunub : 357
Məleykə Abbaszadə yenə narazı qaldı
Sınaq imtahanlarında I ixtisas qrupu üzrə orta nəticə 193 baldır.
TQDK sədri Məleykə Abbaszadə bu il ərzində keçirilən sınaq imtahanlarının ilkin nəticələrini açıqlayıb. AzVision.az xəbər verir ki, TQDK sədri keçirdiyi mətbuat konfransında bildirib ki, bu il ərzində keçirilən sınaqlarda ümumilikdə 154380 abituriyent iştirak edib. Onların bir çoxunun bu imtahanlarda bir neçə dəfə iştirak etdiyini deyən TQDK vurğulayıb ki, ümumilikdə bu vaxta kimi keçirilən 6 sınaq imtahanında (3 yeni, 3 təkrar) təxminən 40 min nəfər unikal şəxs iştirak edib.

“Həmin şəxslər imtahana ciddi hazırlaşırlar və bu prosesə öyrəşmək istəyirlər. Həmin abituriyentlər həqiqətən də imtahana ciddi yanaşanlardır. Hətta sınaq imtahanında iştirak edən 40 min nəfərin abituriyentin nəticələrinə baxdıqda görürük ki, onların da arasında aşağı bal toplayanların sayı kifayət qədər çoxdur. Sınaq imtahanlarında I ixtisas qrupu üzrə orta nəticə 193 baldır. Bu imtahanda iştirak edən 17527 nəfərin 50%-i 193 baldan, 17%- isə 100 baldan aşağı nəticə göstərib. Sınaq imtahanında II ixtisas qrupu üzrə isə orta nəticə 239 baldır. Bu imtahanda 15621 nəfər iştirak edib ki, onun da 50%- 239 baldan aşağı nəticə göstərib. İmtahanda iştirak edənlərin 44%-i isə 200 baldan aşağı nəticə göstərib.

III ixtisas qrupü üzrə 15 596 adam iştirak edib. Burada orta nəticə 260 baldır. Imtahanda iştirak edən abituriyentlərin 50%-dən çoxu 260-dan aşağı, 33%-i isə 200 baldan aşağı nəticə göstərib.
IV ixtisas qrupunda isə 5505 nəfər iştirak edib. Bu qrup üzrə orta nəticə 248 baldır. Bu qrup üzrə 500 baldan yuxarı nəticə göstərənlər kifayət qədərdir. Onların sayı 1000-dən çoxdur və həmin abituriyentlər bu qrupda yüksək müsabiqə vəziyyəti yaradan tibb ixtisaslarına imtahan verəcəklər”.

M.Abbaszadənin sözlərinə görə, sınaq imtahanlarının nəticələri qəbul imtahanların nəticələrindən fərqlənə bilər.

“Amma açıq şəkildə qeyd edirəm ki, sınaq imtahanlarının sualları qəbul imtahanlarının suallarından müəyyən dərəcədə çətin olur. Abituriyentlərin orta statistik göstəricilərinə nəzər saldıqda məlum olur ki, şagirdlərin bilik səviyyəsi ötən ilki ilə eynidir”.

Anar

Teqlər: