Dinlərin ruh ziddiyyəti – ARAŞDIRMA
İslam ilahiyyatçıları ruh haqqında suallara bir qayda olaraq, bu Quran ayəsi ilə cavab verirlər: “Səndən ruh haqqında soruşacaqlar, de ki, bu, Allahın sirridir (Bu barədə insanlara az bilik verilmişdir)”. Bu “az biliyin” nədən ibarət olmasına gəlincə, burada da islam təriqətlərinin fəlsəfi bazasında fikirlər kifayət qədər rəngarəngdir. Bəziləri hesab edir ki, heyvanların ruhu insanlardakından fərqlidir, bəziləri qurbanlıq heyvanların da insanlar kimi cənnətə düşəcəyinə inanır, bəziləri isə insanlardan başqa bütün canlıların ruhsuz olduğunu düşünür.
Beləliklə, bir xeyli suallarla üz-üzəyik. Ümumiyyətlə, ruh nədir? Bəzi canlıların canı (ruhu) yoxdursa, onun həyat qüvvəsi nədən güc alır? Qurbanlıq heyvanlar cənnətə düşürsə, qalan heyvanların ölümdən sonrakı taleyi necə olur? Müstəqil mütəxəssislərə, müxtəlif dini cərəyan mənsublarına müraciət edərək bu mövzuya aydınlıq gətirməyə çalışdıq.
Cansız canlılar
Əksər dini cərəyanlar insanın şəxsiyyətinin məhz ruhi can, bədəninsə şəxsiyyətin bu maddi dünyada təzahürünə xidmət edən bir libas olması barədə ümumi rəyə malikdirlər.
İlahiyyatçı alim Elmir Quliyev hansı canlılarda ruhun olub-olmamağı sualına aydınlıq gətirərkən, ruh terminini belə izah etdi: “Əslində, məsələ nəyin ruh hesab edilməsindədir. Əlbəttə, cansızları hərəkətə gətirən hər hansı bir qüvvə var. Lakin biz ruh dedikdə, o qüvvəni yox, bizdə arzular doğuran, bizi nəfsin cazibəsinə sövq edən enerjini nəzərdə tuturuq”.
E.Quliyevin şərhinə görə, yalnız insanların və qanı damarlarda hərəkət edən heyvanların ruhu var: “Həşəratların və bitkilərin ruhu yoxdur. Bu məsələni araşdırarkən gəldiyim qənaət belədir. Allah isə daha yaxşı bilir”.
Ruhun təsnifatı
Bakıdakı Hz. Zəhra (ə) adına məscidin axundu Hacı İlqara görə, ümumiyyətlə, 5 cür ruh mövcuddur: “Nəbati ruh (bitki ruhu), heyvani ruh, insani ruh, imani ruh və ruhul-qüds (saf ilahi ruh). İnsan təzə ana bətninə düşəndə, onun da ruhu nəbati ruh olur. Sonra bu ruh heyvani ruha, 4 aylığında isə imani ruha çevrilir. İnsan həddi-buluğa çatdıqdan sonra, öz istəyi ilə ruhunu təkmilləşdirib imani ruha çevirə bilər. Sonuncu - ruhul-qüds isə yalnız məsumlarda, övliyalarda olur. Bəzi mənbələrin Həzrət Əliyə (ə.s.), bəzilərinin Məhəmməd (s.ə.s.) peyğəmbərə aid etdiyi bir hədisdə belə deyilir”.
Bəhailərin ruh termininə izahları Hacı İlqarın istinad etdiyi hədisdəki fikirlərdən az fərqlənir. Bakı bəhailərinin təmsilçisi Ramazan Əsgərli də ruhun 5 növü olduğunu deyir: “Bitkilərin ruhu maddi elementlərin müəyyən quruluşundan təzahür edir və fiziki inkişafı təmin edir. Heyvan ruhu bitkilərdən bir qədər üstündür: fiziki inkişafdan başqa, eşitmə, görmə, dadbilmə, iybilmə, lamisə hisslərinə də malikdir. Lakin onların ruhu müvəqqətidir. Bədənləri məhv olduqda, ruh da məhv olur. İnsan ruhu isə günəş şüalarının güzgüdəki əksinə bənzəyir. Güzgü qırıldıqdan sonra Günəş mövcudluğunu davam etdirdiyi kimi, bədən məhv olduqdan sonra da ruh qalır ”.
Tozlu sonluq
Qurbanlıq heyvanların cənnətə düşəcəkləri fikri barədə Hacı İlqar heç bir şərh verə bilməyəcəyini deyir. E. Quliyev də bu barədə dəqiq informasiyanın olmadığını təsdiq edir: “Qurbanlıq heyvanların Cənnətə düşməsi haqqında heç bir səhih mətn yoxdur. Əksinə, Nəba surəsinin son ayəsinin təfsirində Peyğəmbərimizə (s.ə.s.) istinadən deyilir ki, Qiyamət günü heyvanlar dirildikdən sonra toz olacaqlar. Kafirlər onların sonunu müşahidə edib özlərinə də belə bir aqibət arzulayacaqlar”.
Ruhlar hüquq bərabərliyindən məhrumdurmu?
Qurani-Kərimdə: "Göydə uçan elə bir quş, yerdə gəzən elə bir heyvan yoxdur ki, onlar da sizin kimi ümmətlər olmasınlar və sonda hamınız Mənim dərgahıma dönəcəksiz " ayəsi var. Bu ayədən elə anlaşılmırmı ki, bütün canlılar Allahın bərabərhüquqlu bəndələridir və ruhları arasında heç bir fərq yoxdur?
E.Quliyev bu bərabərliyi müəyyən mənada istisna etməsə də fərqli şərh edir: “Hüquq bərabərliyi haqqında nə isə deməyə çətinlik çəkirəm. Amma hər bir canlının müəyyən hüquqları olması məsələsində sizinlə tam razıyam. Amma bu ayədən bakteriyaların və həşəratların da ruhunun olması qənaətinə gəlmək olarmı? Məncə, yox. Təbii ki, onlar da toplum (ümmət) halında yaşayırlar və insanlarla digər canlılar arasında bir çox oxşar cəhətlər mövcuddur ”.
Bakıdakı aşkenaz yəhudiləri sinaqoqunun ravini Şneur Seqal təmsil etdiyi cərəyanın inancında bütün canlıların ruhu olduğunu deyir: “Amma heyvan ruhu və insan ruhu səviyyələrinə görə fərqlənir. Birinci yalnız hisslərdən, ikinci isə şüurdan ibarətdir ”.
Ş.Seqal heyvanların ölümündən sonra ruhlarının hara gedəcəyi barədə dəqiq fikrin olmadığını etiraf edir: “Düşünmürəm ki, onlar harasa gedirlər. Bu barədə Tövratda heç nə deyilmir ”.
Xristianların bu mövzuya verdiyi şərhlər də islam və yəhudi fəlsəfələrini xatırladır. Baptistlərə aid Məhəbbət Məbədinin təmsilçisi Vahid Tağıyevə görə, heyvanların heyvan ruhu, insanların isə insan ruhu vardır: “İnsan ruhu əbədi, heyvan ruhu isə müvəqqətidir ”.
Sirlər sirri
Bu şərhlərlə kifayətlənmək də olardı. Lakin təqdim etdiyimiz fikirlərin yaratdığı təsəvvürlərdən fərqlənən izahların mövcudluğu daha bir nümunəyə müraciət etməyi tələb edir. Məsələn, qədim Veda fəlsəfəsinə görə, bütün canlıların ruhu əbədidir. Bakı Krişna Şüuru Dini İcmasının prezidenti Ramil Əliyev “heyvan”, “insan” anlayışlarının ruha yox, bədənə aid olduğunu deyir: “Ruh Uca Tanrının əbədi, fraqmentar hissəciyidir. “Bhaqavad-qita”da (2.18) deyildiyi kimi, ruhi can dağıdılmaz, ölçüyə gəlməz və əbədidir. Maddi bədən isə ölümlüdür. Ruhi varlıqlar Tanrının iradəsi ilə Onun illüzior enerjisinin təsiri altına salındıqda, can öz nəfsinin şıltaqlıqlarına uyaraq düşkünləşir və beləliklə, Əbədi Qanunlar onun azadlıq dairəsini – şüurunu və hərəkət imkanlarını məhdudlandırır. Canlı varlığın bu dünyada hər doğuluşunda aldığı bədən məhz onun şüur və azadlıq səviyyəsi ilə əlaqədardır. Bizim yaşadığımız kainatda 8 milyon 400 min bədən növü mövcuddur. İnsan bədən növü bu maddi aləmlərdən xilas olmaq şansı kimi qiymətləndirilir. İnsan bədəni alan, yəni insan kimi döğulan ruhi varlıq ona verilən şüurdan və hərəkət azadlığından sui-istifadə etdikdə, günahlarının ağırlıq dərəcəsinə uyğun olaraq, növbəti həyatında uyğun planetdə (cənnət, cəhənnəm və ya orta sistem planetlərindən birində) layiq olduğu bədən növündə doğulur. Yəni, bədən növləri adi bir libasdır. Şüur səviyyəsi də həmin bədənlərə uyğunlaşdırılıb. Bu fərqlər ruhun əzəli statusuna xələl gətirmir “.
Artıq, mənzərəni tamamlanmış hesab etmək olar. Topladığımız rəylərə əsasən ümumiləşdirmələri isə sizə həvalə edirik. A.Eynşteynin sözləriylə desək, bu dünya həqiqətən, illüziyadan ibarətdir və bu illüziya çox möhtəşəmdir. Odur ki, burada səhv etməmək çox çətindir. Amma səhvləri minimuma endirmək cəhdləri həmişə faydalıdır. İnsana həyatda bundan çox heç nə lazım deyil.
Cəmşid Bəxtiyar